AZ

Üzeyir Hacıbəylinin yazdığı məktublar, Gürcüstan arxivindəki nadir fotosu – ARAŞDIRMA

TBİLİSİ, 18 sentyabr. TELEQRAF

Bu gün 140 illiyini qeyd etdiyimiz peşəkar musiqi sənətimizin və milli operamızın banisi, görkəmli bəstəkar, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylini gənclik illərindən Gürcüstan və gürcü musiqiçiləri ilə dostluq bağları birləşdirib.

Məlum olduğu kimi, Üzeyir bəy bu gün anadan olmasının 140-cı ildönümünün qeyd edildiyi digər görkəmli bəstəkarımız Müslüm Maqomayevlə birgə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsil ocağında onlar müxtəlif fənnləri öyrənməklə yanaşı, musiqi dərsləri də alırdılar. Hacıbəyli və Maqomayev tələbəlik illərində Tbilisidə olarkən opera tamaşalarına, simfonik konsertlərə gedərdilər.

Ü.Hacıbəyli Gürcüstan musiqisinin klassikləri Zakariya Paliaşvili və Dmitri Arakişvili ilə yaradıcı dostluq münasibətləri saxlayırdı. Gürcüstan SSR-in Xalq artisti Dmitri Arakişvili (1873-1953) Üzeyir bəyin əsərlərini vaxtilə belə dəyərləndirib:

“Öz xalqının musiqisini belə dərindən hiss etmiş başqa bəstəkarı təsəvvür etmək çətindir. Onun əsərlərini dinləyirsən və Azərbaycan folklor musiqisinin bütün ətrini duyursan. Məhz Azərbaycan folklor musiqisi onun ilham mənbəyi olub”.

Ü.Hacıbəylinin gürcü dostları arasında görkəmli teatr xadimi, dramaturq və yazıçı İvane (Vano) Qiqoşvili də olub.

Teleqraf-ın yerli bürosunun əməkdaşı Hacıbəyli-Qiqoşvili yaradıcı dostluğunun tarixçəsini araşdırıb, Gürcüstan arxivlərindən Üzeyir bəyə aid nadir sənədlər və fotoşəkil aşkarlayıb.

Vəli və Tellini gürcücə o “danışdırıb”

Arxiv sənədlər sübut edir ki, iki şəxsiyyət arasında çox sıx əlaqə və yazışmalar olub. Onların arasında bu dostluğun əsasını “Arşın mal alan” əsəri qoyub. Bu əsəri gürcü dilinə ilk dəfə İ.Qiqoşvili tərcümə edib. Məhz onun sayəsində gürcü tamaşaçılar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasını öz ana dilində izləyə biliblər.

Qiqoşvili Azərbaycan dilini bilirdi və əsəri dostu, aktyor Ş.Qomelaurinin təklifi əsasında gürcücəyə çevirib.

Onun xatirələrindən:

“1916-cı ildə azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının nümayişi zamanı aktyor Ş.Qomelauri mənə yaxınlaşdı və dedi: “Vano, sən Azərbaycan dilini yaxşı bilirsən, gəl, Vəli və Tellini gürcücə danışdıraq, “Arşın mal alan”ı gürcücəyə tərcümə et”.

Qiqoşvili tərcüməni üç ay sonra hazır edir. O, tərcüməni götürərək “Teatri da tsxovreba” ("Teatr və həyat") jurnalının redaksiyasına gedir və redaktor İ. İmedaşviliyə təqdim edir. Redaktor tərcüməni bəyənir və Qiqoşviliyə əsəri səhnələşdirmək üçün icazə almağı məsləhət görür. Müəllifin də razılığını almaq tələb olunurdu və İ.Qiqoşvili bu məqsədlə Bakıya Üzeyir Hacıbəylinin yanına gedir.

Hacıbəylinin Qiqoşviliyə hədiyyəsi

Xatirələrdən məlum olur ki, Ü.Hacıbəyli tərcüməni bəyənir, Qiqoşvilinin əlini sıxaraq “Arşın mal alanı”ı gürcü tamaşaçılarının mühakiməsinə verməyə həvəslə razılaşır. Bəstəkar İ.Qiqoşviliyə xatirə üçün fotoşəklini də hədiyyə edir. Üzeyir bəy ümid edirdi ki, həmin şəkil Qiqoşvilini onun yeni əsərlərini tərcümə etməyə həvəsləndirəcək.

İ.Qiqoşvili Tbilisiyə qayıtdıqdan sonra yenidən “Teatri da tsxovreba” dərgisinin redaksiyasına gedərək qiymətli hədiyyəni və “Arşın mal alan”ın gürcücəyə tərcüməsinin çap olunması haqqında müəllifin yazılı razılığını İ.İmedaşviliyə göstərir.

Hacıbəylinin Qiqoşviliyə hədiyyə etdiyi fotoşəkli onun haqqında məlumatla birgə “Teatri da tsxovreba” jurnalının 1916-cı il 28 avqust tarixli 35-ci sayının 9-cu səhifəsində dərc olunub. Beləliklə, İ.Qiqoşvili Gürcüstan ictimaiyyətini yalnız Hacıbəylinin məşhur “Arşın mal alan” əsəri ilə deyil, dahi bəstəkarın özü ilə də yaxındn tanış edir.

Gürcüstanın Milli Kitabxanasının arxivində saxlanılan dərginin həmin səhifəsinin surətini təqdim edirik:

Üzeyir bəyin İ.Qiqoşviliyə hədiyyə etdiyi fotoşəkil gürcü dramaturqu onun yeni əsərlərini tərcümə etməyə həqiqətən də həvəsləndirib. “Teatri da tsxovreba” jurnalının həmin dövrə aid növbəti saylarından məlum olur ki, İ.Qiqoşvili Ü.Hacıbəylinin “O olmasın, bu olsun” əsərini də gürcü dilinə tərcümə edib.

Üzeyir bəyin yazdığı poçt kartı

Gürcüstanın keçmiş Teatr, Kino və Musiqi Muzeyi, hazırkı İncəsənət Sarayının fondunda Üzeyir bəyin Qiqoşviliyə göndərdiyi poçt kartı saxlanılır. 1930-cu ilə aid edilən məktubu Üzeyir bəy özünün dəst-xətti ilə rus dilində qələmə alıb.

Mətndən məlum olur ki, Üzeyir bəy poçt kartını Qiqoşvilinin məktubuna cavab olaraq göndərib və mövzusu ödənilməmiş qonorarla bağlıdır:

“Hörmətli yoldaş Qiqoşvili

Məktubunuzu aldım. Ətraflı məlumat və qonorarın məbləğini qeyd etdiyinizə görə təşəkkür edirəm. Məktubunuzu şifahi açıqlamam ilə Azdramkoma təqdim etdim. Orada mənə dedilər ki, əgər Gürcüdramkom tədbir görməsə, o zaman həmin məbləğ Bakıda Gürcüdramkom üçün növbəti qonorarın hesabına tutulacaq. Mən bu yaxınlarda məzuniyyətə gedəcəyəm və Bakıya sentyabrın 10-da qayıdacağam.

Hörmətlə, Hacıbəyov”.

Qiqoşvili Üzeyir bəy haqqında memuar yazıb

İncəsənət Sarayının arxivində İ.Qiqoşviliyə aid sənədlər arasında onun dahi bəstəkarımız haqqında memuarı da saxlanılır. Gürcü dramaturq xatirələrini 12 vərəqli dəftərdə özü yazıb. Memuar barəsində Ü.Hacıbəylinin xatirəsinə həsr edəcəyimiz növbəti məqalədə daha ətraflı söz açacağıq.

Sarayın fond nümayəndəsinin sözlərinə görə, bu vaxta qədər İ.Qiqoşvilinin şəxsi arxivində Üzeyir Hacıbəyliyə aid sənədlərlə maraqlanan olmayıb. Deməli, Üzeyir bəylə bağlı araşdırmalar üçün qiymətli mənbə olacaq nadir sənədlərin üzərinə ilk dəfədir işıq salınır.

Hacıbəylinin xahişnaməsi, nadir fotosu

Görkəmli bəstəkarımızın digər məktubu Gürcüstanın Milli Arxivində saxlanılır. Tiflisin Mətbuat İşləri üzrə Komitəsinə ünvanlanmış xahişnamə oxunduğu qədər 1911-ci ilin iyunun 4-də elə Tiflisdə yazılıb.

Məktubda Üzeyir bəy “O olmasın, bu olsun” operettasının səhnələşdirilməsi üçün icazə istəyir. Mətndə 1 rubl 50 qəpik məbləğində möhür rüsumu da qeyd olunub.

Gürcüstanın Milli Arxivində saxlanılan Üzeyir Hacıbəyliyə aid digər sənəd onun nadir fotoşəklidir. Çəkildiyi məkanı və tarixi bəlli olmayan fotoda Üzeyir bəy konsert zalında tamaşaçılar arasında əyləşib. O, izlədiyi konsert proqramından və yaxud tamaşadan razılığını simasındakı məmnunluğu və alqışı ilə ifadə edir.

Sonda onu da qeyd edək ki, Gürcüstan arxivlərində “Arşın mal alan” tamaşasına aid bir sıra plakatlar da qorunub saxlanılır. Böyük əksəriyyəti 1939-1942-ci illərə aid olan Azərbaycan, rus, gürcü və erməni dillərində həmin materiallara İncəsənət Sarayının fondu ilə yanaşı Gürcüstan Milli Kitabxanasının plakatlar kolleksiyasında da rast gəlinir.

Seçilən
30
teleqraf.com

1Mənbələr