AZ

YAP Nizami rayon təşkilatı “Neftçilər Günü” ilə bağlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin, “SOCAR Downstream Management” MMC-nin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və 20 sentyabr – “Neftçilər Günü” ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Zavodun Həmkarlar İttifaqının sədri İlham Quliyev və başqaları çıxış ediblər. Natiqlər 20 sentyabr – “Neftçilər Günü” ilə əlaqədar tədbir iştirakçılarının timsalında bütün neftçiləri təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi həyatında köklü dəyişikliklərin başlanğıcı qoyulub. Azərbaycanı labüd fəlakətdən xilas edən Ümummilli Lider respublikamızın iqtisadi yüksəlişi üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafı naminə yeni strategiyanın hazırlanması və bu məqsədlə dünyanın aparıcı neft şirkətləri ilə əlaqələrin qurulması həmin dövrün taleyüklü məsələlərindən ən önəmlisi hesab olunub. 1994-cü il sentyabrın 20-də ARDNŞ ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalanıb. Xalqımız həmin şanlı tarixin - “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümünü böyük qürur və iftixar hissi qeyd edir.

Həmçinin, vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” milli dövlətçilik tariximizə neft strategiyasının parlaq səhifəsi kimi həkk olunub. Həmin strateji layihə müstəqilliyin möhkəmləndirilməsində, dövlətin siyasi-iqtisadi və hərbi gücünün artırılmasında, eləcə də vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edib. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində bu strategiya uğurla davam etdirilir. Azərbaycan Respublikası zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə edərək dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilib və regionla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.

Çıxışlardan sonra neft sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının fəxri fərmanları və mükafatları təqdim edilib, eləcə də bu il yubiley yaşında olan YAP Nizami rayon təşkilatının neftçi veteran üzvləri fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.

Seçilən
15
unikal.az

1Mənbələr