AZ

Məhkəmə "Oleq Bakinski" ilə bağlı qərar verdi

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakimi Murad Məmmədovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi Samir İsayev çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərə verilən cəza yüngül olub. O, cəzanın artırılması istəyib. Həmçinin nümayəndə maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş edib.

Daha sonra çıxış edən Dövlət ittihamçısı Murad Vəliyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kuçer Konstantin Antonoviçə aid hissədə hökmün dəyişdirilməlidir. Onun sözlərinə görə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməlidir. Dövlət ittihamçısı bildirib ki, birinci instansiya məhkəməsində çıxış edən prokurorun təklif etdiyi cəza ilə Kuçer Konstantin Antonoviç cəzalandırılmalıdır. 

Daha sonra hakimlər heyəti mavirirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər heyəti qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb. 

Qeyd edək ki, dövlət ittihamçısı Kuçer Konstantin Antonoviçin cəzasının aəırlaşdırılmasını istəyib. Bundan başqa, zərərçəkmiş şəxslərin nümayəndəsi isə təqsirləndirilən şəxslərin cəzaların ağırlaşması ilə yanaşı maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin
olunmasını xahiş edib. 

Təqsirləndirilən şəxslərin vəkilləri isə bəraət istəyiblər.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.
Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O. Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O. Krapivin Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

Fariz Məlikli
Demokrat.az
Seçilən
22
14
demokrat.az

10Mənbələr