AZ

AB Ermənistanın "hərtərəfli təhlükəsizliyinə" maliyyə yatırmağa başlayır - xüsusən Şimal-Cənub layihəsinə...


AB-nin Ermənistan layihəsi iqtisadi və logistika baxımından Azərbaycan marşrutuna ciddi alternativ ola bilməz

Erməni mediasının məlumatına görə, Aİ-nin Ermənistandakı nümayəndəliyinin Facebook səhifəsində dərc olunmuş bəyanatda deyilir ki, Aİ Ermənistanın hərtərəfli təhlükəsizliyinə Dayanıqlılıq və İnkişaf Proqramı vasitəsilə sərmayə qoyur.

Hesabat Aİ səfiri Vasilis Maraqosun “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlılıq – 2025” beynəlxalq konfransındakı çıxışını təqdim edir.

Aİ-nin səfiri Vassilis Maraqos “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı “Demokratiyanın, dayanıqlılığın, dövlət və özəl sektorun gücləndirilməsi daha güclü Ermənistanın qurulması üçün vacibdir” dedi.

Bizim nümunəmiz qoşulma sahəsindədir: Avropa İttifaqı strateji infrastruktur layihələrinə, xüsusilə Şimal-Cənub (Ermənistan üzərindən) marşrutuna və Gürcüstanla elektrik enerjisi ticarətinin genişləndirilməsinə kömək edəcək Qafqaz ötürmə şəbəkəsinə sərmayə qoyur”, - deyə məlumatda bildirilir.

Burada söhbət hansı Şimal-Cənub marşrutundan gedir?

Baki-xeber.com nəşrinə görə, Avropa İttifaqının dəstəklədiyi Şimal-Cənub marşrutu əsasən İran-Ermənistan-Gürcüstan-Rusiya xətti üzrə planlaşdırılır. Nəzərdə tutulan bu dəhliz birbaşa Azərbaycanın ərazisini əhatə etmir. Əksinə, Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin rəqibidir.

Azərbaycan uzun müddətdir Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu) əsas oyunçularındandır.

Ermənistan üzərindən nəzərdə tutulan alternativ marşrut isə Bakının həm tranzit gəlirlərini azalda, həm də regiondakı nəqliyyat balansına yeni rəqib əlavə edə bilər.

Aİ-nin Ermənistanı strateji infrastruktur layihələrinə qoşması İrəvanın siyasi çəkisini artırır və Azərbaycanın regiondakı dominant tranzit rolunu zəiflətmək cəhdi kimi dəyərləndirilə bilər.

Yəni Bakı üçün məsələ təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.

Burada söhbət təkcə yollardan deyil, həm də Qafqaz elektrik ötürmə şəbəkəsindən gedir. Aİ layihəsi Ermənistanın Gürcüstan vasitəsilə Avropa bazarlarına alternativ çıxışı deməkdir. Amma məsələ burasındadır ki, Ermənistan Avropa enerji bazarına hansı enerji ilə çıxacaq, bu ciddi sualdır. Azərbaycan artıq Gürcüstan üzərindən Avropaya enerji ixrac edir. Ermənistanın bu layihələrə cəlb olunması gələcəkdə rəqabəti artıra bilər.

Ermənistan üçün bu layihə Aİ tərəfindən iqtisadi təcriddən çıxış vasitəsi kimi təqdim olunur.

Azərbaycan isə paralel olaraq Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Azərbaycan xətti kimi alternativləri gücləndirir.

Yəni Aİ-nin dəstəklədiyi, Ermənistan üzərindən keçməsi nəzərdə tutulan Şimal-Cənub dəhlizi Azərbaaycanın tranzit gəlirləri, enerji bazarlarında mövqeyi və regional geosiyasi balans baxımından Bakıya dolayı təsir göstərir - rəqabət yaradır.

Azərbaycan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (İran-Azərbaycan-Rusiya xətti) əsas oyunçusudur.

Ermənistan marşrutu eyni hədəfə, yəni İranı Rusiyaya bağlamağa yönəlib.

Ona görə də Bakı üçün tranzit yüklərinin bir hissəsinin gələcəkdə Ermənistan üzərinə yönlənməsi rəqabət və gəlir itkisi risqi yaradır.

Eyni zamanda, Azərbaycan regionda “keçid ölkə” statusunu gücləndirmək istəyir. Aİ isə Ermənistanı dəhlizlərə cəlb etməklə İrəvana alternativ status qazandırmaq niyyətindədir.

Bu, Bakının regional lider və əsas tranzit qovşağı rolunun zəiflədilməsi cəhdi kimi qiymətləndirilə bilər.

Hazırda Azərbaycan Gürcüstan üzərindən həm elektrik, həm də qaz ixrac edir. Ermənistanın Qafqaz ötürmə şəbəkəsinə qoşulması gələcəkdə Gürcüstan-Avropa xəttində rəqabət yarada bilər.

Bu, Azərbaycanın enerji bazarlarında üstünlüyünü nisbətən zəiflədə bilər. Lakin bunun üçün Ermənistanın enerji ixrac etmə potensialı formalaşmalıdır. Hazırda Ermənistan elektrik enerjisi qıtlığı yaşayır, paytaxt İrəvanda hər gün elektrik kəsilmələri erməni mediasının gündəmini zəbt edir.

İran Ermənistan marşrutunu dəstəkləyərək, Azərbaycan üzərindən keçən xətlə balans yaradır. Bu, Tehranın Bakı üzərində təzyiq vasitəsini gücləndirə bilər (“bizimlə razılaşmasanız, Ermənistan variantını işə salarıq”). Belə kombinasiyalarda adətən İran Avropa ilə koordinasiyalı hərəkət edir. Ola bilsin, hazırda İranın Rəşt-Astara dəmir yolu tikintisinin başa çatdırılmasını müxtəlif bəhanələrlə uzatması da Ermənistanın Şimal-Cənub dəhlizinə dolayı dəstəkdir.

Geosiyasi baxımdan, əgər Ermənistan iqtisadi layihələrə qoşularsa, bu, regionda gərginliyi azalda bilər. Azərbaycan üçün isə uzunmüddətli perspektivdə sabit region daha çox sərmayə və tranzit yükü deməkdir.

Qeyd etdiyimiz kimi, Azərbaycan da Şimal-Cənub dəhlizində iştirakçıdır. Əgər Ermənistan marşrutu paralel qollar kimi qəbul olunarsa, Bakı regional inteqrasiya layihələrindən kənarda qalmır, əksinə, gücləndirilmiş “Qafqaz düyünü” formalaşdıra bilər. Çunki Azərbaycan Xəzər vasitəsilə Orta Asiyaya və birbaşa Rusiyaya çıxışa malikdir.

Aİ-nin Ermənistan dəhlizinə sərmayəsi Azərbaycanı avtomatik kənarda qoymur. Bakı eyni anda həm Aİ ilə əməkdaşlığı, həm də Türkiyə-Rusiya-İran balansını oynaya bilər.

Bu isə Bakının diplomatik manevr imkanlarını genişləndirir.

Yəni Ermənistan üzərindən Aİ-nin dəstəklədiyi Şimal-Cənub marşrutu qısamüddətli dövrdə Bakının tranzit maraqları ilə toqquşur (rəqabət, gəlir itkisi, geosiyasi çəkidə balans). Amma uzunmüddətli perspektivdə inteqrasiya və sabitlik yarada bilər ki, bu da Azərbaycanın enerji və nəqliyyat strategiyasını daha çevik və dayanıqlı edər.

Bəs Ermənistan üzərindən Şimal-Cənub dəhlizi layihəsinin uğur qazanmaq ehtimalı nə qədərdir?

Əvvəla, buna Avropa İttifaqı maliyyə və siyasi dəstək verir. Bu, layihəyə beynəlxalq legitimlik qazandırır.

Eyni zamanda, məsələyə Ermənistanın maraqları kontekstindən yanaşdıqda, İrəvan iqtisadi təcriddən çıxmaq üçün bu layihəni həyati vacib sayır.

Burada İranın da ciddi marağı var. Tehran Azərbaycan üzərindən asılılığı balanslaşdırmaq üçün alternativ marşruta maraq göstərir.

Layihə ciddi çətinliklərdən də xali deyil. Ermənistanın infrastrukturu zəifdir. Yollar köhnədir, dağlıq relyef çox bahalı layihələr tələb edir.

Ermənistan iqtisadiyyatı bu miqyasda layihəni təkbaşına daşıya bilmir, yalnız Aİ-dən və başqa donor ölkələrdən asılı olacaq.

Ermənistan–Azərbaycan sərhədində gərginlik hələ də davam edir. Yük daşımalarının təhlükəsizliyi sual altındadır.

Regional dəstək zəifdir. Ermənistana ən çox dəstək potensialına malik olan Rusiya hazırda iqtisadi və siyasi böhrandadır. Üstəgəl, Ermənistan-Rusiya münasibətləri gərginləşib.

Ümumi qiymətləndirməli olsaq, layihənin tam uğurla işləmə ehtimalı 40–50% civarındadır. Çünki maliyyə, texniki və siyasi risqlər çoxdur.

Layihənin Azərbaycanın Şimal-Cənub dəhlizi ilə rəqabət aparmaq imkanı da zəifdir. Azərbaycanda infrastruktur artıq qurulub və işləyir (Bakı–Astara xətti, dəmir yolu, avtomobil yolu). Eyni zamanda, Rusiyaya və Avropaya çıxış üçün daha qısa və ucuz marşrutdur. Yük axını artıq mövcuddur və Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu beynəlxalq səviyyədə tanınır. Regionun əsas tranzit oyunçusu olaraq Azərbaycan həm siyasi sabitlik, həm də texniki imkan baxımından daha etibarlı görünür.

Ermənistan marşrutunun isə qazanc əldə etmək üçün böyük investisiyalara və sabitliyə ehtiyacı var.

Yol həm məsafə, həm də relyef baxımından daha uzun və bahalıdır.

Yəni Ermənistan marşrutu tamamlandıqda belə, onun Azərbaycanın Şimal-Cənub dəhlizi ilə real rəqabət aparmaq ehtimalı aşağıdır. O, maksimum halda əlavə (alternativ) marşrut kimi rol oynaya bilər, amma əsas yük axını yenə də Azərbaycan üzərindən keçəcək.

Ermənistan dəhlizi siyasi layihə kimi önəmlidir (Ermənistanı təcriddən çıxarmaq, Aİ-nin nüfuzunu artırmaq), amma iqtisadi və logistika baxımından Azərbaycanın marşrutuna ciddi alternativ ola bilməz. Bakı yaxın və orta müddətdə üstün mövqeyini qoruyacaq.

Akif NƏSİRLİ

Seçilən
40
baki-xeber.com

1Mənbələr