İsrail ordusunun genişmiqyaslı hücumu ərəfəsində Qəzza şəhərindən 450 mindən çox sakin ayrılıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu rəqəmləri İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı açıqlayıb.
"Hazırda təxminən 450 mindən çox şəhər sakini (anklavın cənubuna – red.) təxliyə olunub", – deyə o bildirib.
Hərbi nümayəndə qeyd edib ki, təxliyə iki dəhliz vasitəsilə həyata keçirilir, onlardan biri dəniz sahili boyunca uzanır. O həmçinin iddia edib ki, Qəzzadan dinc əhalinin təxliyyəsinə HƏMAS-ın silahlı radikalları mane olmağa çalışırlar.
Döyüş əməliyyatları başlamazdan əvvəl Qəzza şəhərinin əhalisi 1 milyon nəfər olaraq qiymətləndirilirdi.
İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 16-da ordunun Qəzza şəhərinə planlaşdırılmış genişmiqyaslı quru hücumuna başladığını təsdiqləyib. Hücumun məqsədi şəhər üzərində tam nəzarətin təmin edilməsi və orada qalan HƏMAS silahlı dəstələrinin məhv edilməsidir.