AZ

Azərbaycan şərqşünaslıq elminin unudulmaz siması 

Məşhur Cibran Xəlil Cibran "yalnız sevgi və ölüm hər şeyi dəyişə bilir", - deyə yazırdı. Aida İmanquliyeva humanitar düşüncənin gücünə inamı və sevgisi ilə elm yoluna çıxaraq şərqşünaslığımızın əsas sütunlarından birinə çevrildisə, ölümü ilə də sonrakı nəsilləri onun yarımçıq qalmış yolunu davam etməyə səbəb oldu. 19 sentyabr - Aida xanımın anım günü ərəfəsində onun geniş və zəngin araşdırmalarına diqqət çəkmək, fikirlərinə boylanmaq da tədqiqatçı alimə dəyişməyən sevgidən qaynaqlanmaqdadır.

Görkəmli şərqşünas alim Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunması, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir. Özündən sonrakı nəsil ərəb ədəbiyyatı araşdırmaçıları üçün Aida İmanquliyevanın tədqiqatları məktəb rolunu oynamışdır. Mən də ərəb mühacirət ədəbiyyatını tədqiq etməyə başladığım zaman bu sahədə ölkəmizdə yeganə tədqiqatçı olan Aida İmanquliyevanın zəngin irsi ilə maraqlandım. Əmin ər-Reyhani, Cibran Xəlil Cibran, Mixail Nüaymə kimi məşhur ərəb yazıçılarının əsərlərinin öyrənilməsində, eyni zamanda ərəb ədəbiyyatının bir sıra ümumi məsələlərinin araşdırılmasında ərəbşünas alimin fikirlərinə istinad etdiyim ən əsas mənbələrdən idi. Aida İmanquliyevanın fəaliyyət sahəsi və yaradıcılığı geniş və zəngin olmuşdur. İndi onları təsnif etmək, Azərbaycanın ziyalı xanımı və ərəbşünas aliminin tədqiqatlarının əhəmiyyətinə bir daha diqqət yetirmək arzusunun ifadəsindən və minnətdarlıq duyğusundan irəli gəlir. 

Tarix boyu Azərbaycanın ictimai-siyasi və mədəni sferasında qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli rola malik olduğu milli ənənələrimizin davamçısı kimi Aida İmanquliyevanın fəaliyyətində üç əsas sahəni ayırd etmək mümkündür:

İlk növbədə Aida xanımın Azərbaycan şərqşünaslığı tarixində qadın alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası müdafiə edən birinci xanım tədqiqatçı kimi fəaliyyəti diqqəti cəlb edir. Xüsusi vurğulamaq lazımdır ki, ərəbşünas alimin araşdırdığı problemin - ərəb mühacirət ədəbiyyatı mövzusunun elmi tematikası zəngin və mürəkkəb olmaqla yanaşı, yeni və tədqiqatı aparılmamış bir istiqamət idi.

Aida İmanquliyevanın tədqiqatlarının əsas hissəsinin, monoqrafiya və məqalələrinin böyük bir qisminin həsr olunduğu ərəb mühacirət ədəbiyyatının araşdırılmasının başlıca əhəmiyyətini şərqşünas alim özü çox düzgün olaraq şərh etmişdir. Ərəbşünas tədqiqatçıya görə, VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən ərəb mədəniyyəti XIX əsrin sonu XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir.

Müəyyən zaman daxilində ABŞ-də fəaliyyət göstərən, milli ədəbiyyatı, eləcə də Şərqin çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, ictimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif anoloji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirmişdir.

Ərəb mühacirət ədəbiyyatının öyrənilməsi bədii ədəbiyyatın xüsusi forması olan, milli ədəbiyyatın dünya mədəniyyətinə inteqrasiyasında optimal və intensiv ədəbi şəraitin əsas göstəricisi kimi çıxış edən mühacirət ədəbiyyatı nəzəriyyəsinin aydınlaşdırılmasına gətirib çıxarır. Dünya elmində Orientalizm konsepsiyasının ən məşhur nəzəriyyəçilərindən biri olan Edvard Said Qərb mədəniyyətini bir çox sahədə sürgün edilənlərin, mühacirlərin, qaçqınların yaradıcılıq məhsulu hesab edir. Bu kontekstdən yanaşdıqda ABŞ-dəki ərəb ədəbiyyatının da sırf milli ədəbiyyatın mühacirətdəki fəaliyyət qrupu kimi səciyyələndirmək olmaz. Ərəb ədiblərinin ingilisdilli fəaliyyəti onların milli ədəbiyyatın sərhədlərini aşmağa, təkcə mövzu, forma, ədəbi ənənələr deyil, dil göstəricisi baxımından da ərəb-Amerika yazıçıları kimi qəbul olunmalarına yol açdı. Mixail Nüaymə Cibran Xəlil Cibranın ingilisdilli ilk kitabı olan "Dəli" kitabını dəyərləndirərkən mühacir yazıçının ikidilli yaradıcılıq fəaliyyətinin məhz mədəniyyətləri qovuşdurmaq arzusundan qaynaqlandığını ifadə edirdi: "O bilirdi ki, ruhunda rəssam və şair əkizdir. O, amerikalılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qardaşlarına isə rəssamlığını yox, poeziyasını qoymuşdur. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu onun çoxdankı arzusu idi".

"Mən iki dünyanın vətəndaşıyam - Kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani də ikidilli yaradıcılıq prosesini ədəbi düşüncənin qlobal həllində ən önəmli vasitələrdən sayırdı. Əgər müasir dövrümüzdə "ingilis dili, sanki öz milli mənsubiyyətini itirir, qloballaşmanın həqiqi dili, müasir dünyanın "linqua-franca"sı" kimi dəyərləndirilirsə, bu təlimin ədəbiyyatdakı təzahürlərini daha öncəki dövrlərdə müşahidə edir, məhcər ərəb yazıçılarının bədii irsində görürük. Burada artıq Şərq düşüncəsi Qərb dilində danışırsa, o, milli ədəbiyyatın dünya ədəbiyyatına birbaşa inteqrasiyası, dünyanın ədəbi-bədii yaradıcılıq sferasında qəbul olunma faktı, ən başlıcası isə ədəbi dəyərlərin vəhdəti, fərqli dünyagörüşlərin sintezi kimi meydana çıxır. Ona görə də ərəb ədiblərinin yaradıcılığı multukultural dəyərlərlə zəngindir. Bu baxımdan da ərəbşünas alim Aida İmanquliyeva çox haqlı bir nəticəyə gəlir ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür". 

Aida İmanquliyevanın tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyur. Ərəbşünas alim yazır: "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər". Həqiqətən də, Ə.ər-Reyhani və C.X.Cibranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferasını və A.İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik.

Bütövlükdə ərəbşünas alimin müqayisəli ədəbiyyatşünaslıq sferasında tədqiq etdiyi ədəbi nümunələr üç əsas problem ətrafında ümumiləşdirilmişdir:

Birinci, mühacir yazıçıların yaradıcılığında Şərq və Qərb mədəniyyətinə baxış məsələsi ərəbşünas alimin diqqət mərkəzində olmuşdur. A.İmanquliyeva yazır: "C.X.Cibran, Ə.ər-Reyhani və M.Nüaymə özlərinin coxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər". 

Şərq və Qərb ölkələri arasındakı mədəni əlaqələrin tarixinə qədər qədim olsa da, Şərq və Qərb problemi öz konseptual həllini son əsrlərin ədəbi-fəlsəfi və ictimai fikrində tapmış, XIX əsrin II yarısından sonra, xüsusilə sonlarına doğru qlobal düşüncənin aktual mövzularından birinə çevrilmişdir. Ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndələri də Şərq-Qərb probleminə bədii düşüncə və mövzu çərçivəsində yanaşan ədiblərdən fərqli olaraq sistemli konsepsiya irəli sürmüş, prinsipial məqamları ortaya çıxarmışlar. Qərb ədəbiyyatında V.Şekspir, K.Marlo, B.Conson, D.Milton, V.Vordsvort, T.Mur, C.Q.Bayron, P.B.Şelli, V.Skot və sairə ərəb ədəbiyyatında Q.Əmin, Ə.İshaq, M.Teymur və digərlərinin Şərq və Qərb mədəniyyətlərinin müqayisəli təqdimi ilə bağlı fikirlərindən daha ön plana keçərək məhcər yazıçılar problemi nəzəri təlim səviyyəsinə yüksəltdilər.  "Ağ yol və Səhra" əsərində Şərq və Qərbi nəzərdə tutaraq "biz kifayət qədər dərinə və kifayət qədər yüksəyə gedəndə görüşürük" deyən ər-Reyhani mədəniyyətlərin birliyini vacib amil kimi dəyərləndirirdi. 

Aida xanım İmanquliyevanın tədqiqatlarında müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri çərçivəsində araşdırılan ikinci problem romantizmlə bağlıdır. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən şərqşünas alim yazır: "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamülü problemi meydana çıxır".

İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya, multikultural dəyərlər və digər mövzuları ilə ədəbiyyata yol açan romantizm mühacir ərəb yazıçılarının yaradıcılığında da aparıcı yer tutur. Əmin ər-Reyhani maarifçilik, Cibran Xəlil Cibran sentimentalizm, Mixail Nüaymə realizmin xüsusiyyətlərini müəyyən mərhələdə öz əsərlərində ifadə etsələr də, romantizm hər üç müəllif üçün xarakterik olmuşdur. Ə.ər-Reyhaniyə həsr etdiyi tədqiqatlarda əsas problemlərdən biri kimi "sənətkar Əmin ər-Reyhani Qərb, xüsusilə də Amerika romantizmini hansı dərəcədə qəbul edib və romantizmin ideya və konsepsiyaları onun yaradıcılığında hansı inkişaf səviyyəsinə çatıb" məsələsini irəli sürən görkəmli şərqşünas ərəb yazıçısının yaradıcılığını R.U.Emerson, U.Uitmen, H.Toro kimi Amerika transsendentalizminin görkəmli nümayəndələrinin əsərləri ilə müqayisəli tədqiqat prosesində öyrənmişdir.

Müqayisəli ədəbiyyatşünaslığın nəzəri problemləri sistemində A.İmanquliyevanın tədqiqatlarında araşdırılan üçüncü məsələ realizm ilə bağlıdır. Ərəbşünas alim M.Nüayməni ərəb ədəbiyyatı tarixində realist hekayənin məşhur nümayəndələrindən biri kimi dəyərləndirərək yazır: "M.Nüaymənin hekayələrinin əsas məziyyəti də onların, məhz, real həyatı əks etdirməsidir". Görkəmli tədqiqatçı Aida İmanquliyeva yazıçını "orijinal və özünəməxsus sənətkar" kimi səciyyələndirirdi: "Nüaymənin bütün hekayələri ərəb gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Onun novellaları yalnız süjet və məzmununa görə deyil, həm də öz ruhuna görə millidir".

Aida İmanquliyevanın Azərbaycanın ictimai-mədəni həyatında reallaşdırdığı elmi-təşkilati fəaliyyəti də böyük əhəmiyyətə malik olmuşdur. Bir tərəfdən, ərəbşünas alim Moskva, Sankt-Peterburq, Kiyev, Poltava, Hamburq, Halle kimi dünyanın müxəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini təmsil etmişdir. Digər tərəfdən isə Aida xanım AEA-nın Şərqşünaslıq İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi mühüm təşkilati işləri reallaşdırmışdır.

Bütün bunlar görkəmli şərqşünas alim Aida İmanquliyevanın multikultural dəyərlərlə zəngin ədəbiyyatı tədqiq etməklə Azərbaycan ərəbşünaslığının inkişafındakı mühüm rolunu göstərir, cəmiyyətimizin elmi mühiti və mədəni həyatındakı yüksək fəaliyyətindən xəbər verir.   

Bəsirə ƏZİZƏLİYEVA, 

filologiya elmləri doktoru, dosent

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr