AZ

Fransada sərt qənaət siyasətinə qarşı etirazlar toqquşmalara çevrilib

Bir neçə sektorun işçiləri iqtisadi məhdudiyyətlərə etiraz olaraq tətillərə başlayıblar

Cümə axşamı Fransada prezident Emmanuel Makronun büdcə siyasətinə etirazlar yenidən başlayıb. Müəllimlər, qatar maşinistləri, əczaçılar və xəstəxana işçiləri tətilə çıxıb, yeniyetmələr isə gözlənilən büdcə ixtisarına qarşı etiraz aksiyaları çərçivəsində məktəbləri blokadaya alıblar.

Fransada hökumətin büdcə siyasətinin əleyhdarları qənaət siyasətinə qarşı etiraz aksiyalarını gücləndiriblər. Media sentyabrın 18-ni Fransa üçün "Qara cümə axşamı" adlandırıb. 

Səkkiz böyük həmkarlar ittifaqı vətəndaşları bu yay elan etdikləri "qəddar" büdcə tədbirlərinə etiraz etmək üçün küçələrə çıxmağa çağırıb. Bu yaxınlarda Fransua Bayru hökumətinin süqutu fəalların səfərbər olmasına maneçilik yaratmayıb.

Bakı vaxtilə saat 18-ə qədər səlahiyyətlilər, avtobus dayanacaqlarının və məktəblərin blokadaları da daxil olmaqla, ölkə daxilində 470-dən çox tətil və yürüş yerini qeyd ediblər. 

Səhər tezdən hökumətin sosial xərcləri azaltmaq planlarına qarşı başlayan nümayişlər davam edib. Artıq ilk qarşıdurmalar və həbslər barədə məlumat verilir. Ölkə nəqliyyatın çökməsi ərəfəsindədir.

Fransanın ən böyük həmkarlar ittifaqlarının çağırışlarından sonra təhsil, səhiyyə, ictimai nəqliyyat və digər sektorlarda çalışan işçilər hökumətin tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə etiraz olaraq tətillər elan ediblər. Paris və şəhərətrafı ərazilərdə tətillər metro və avtobus xidmətlərinin kütləvi şəkildə dayandırılmasına, eləcə də şəhərətrafı qatarların hərəkətində fasilələrə səbəb olub.

Parisdə polis avtobusların paytaxtın nəqliyyat terminalından çıxmasına mane olmağa çalışan fəalları dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Təhlükəsizlik qüvvələri etirazçıları ərazini tərk etməyə məcbur edib və bu, gərginliyi daha da artırıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis 128 nəfəri həbs edib.

Fransanın ikinci böyük şəhəri olan Marseldə polis 22 etirazçını saxlayıb. Lionda, Tuluzada, Kannda etirazçılar dairəvi yolda nəqliyyatın hərəkətini əngəlləməyə cəhd edərək tıxaclar yaradıblar.

Bir sıra şəhərlərdə şagirdlər məktəblərin girişlərini bağlayıblar. Parisin 20-ci rayonunda polis Elen Buşer liseyində məktəbin girişini bağlamağa çalışan tələbələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Var prefekturasının bildirdiyinə görə, ölkənin cənubundakı Tulon şəhərində etirazçılar A57 və A50 avtomobil yollarında hərəkəti ləngidib və bu, onlarla avtomobilə təsir edib. 

Şamberidə fəallar nəqliyyatın hərəkətini əngəlləmək üçün bir kəsişmə ətrafında velosiped yürüşü təşkil ediblər.

Paris, Lion və digər şəhərlərdə hökumətin büdcə siyasətinə etiraz edən yüz minlərlə insanın iştirak etdiyi daha  irimiqyaslı etiraz aksiyaları gözlənilir. Mümkün iğtişaşlar ərəfəsində Daxili İşlər Nazirliyi ölkə üzrə 900 minə yaxın insanın küçələrə çıxacağını təxmin edib.

Fransada iqtisadi vəziyyət yüksəksəviyyəli dövlət borcuna görə mürəkkəbdir. 2026-cı ilin büdcəsi ilə bağlı müzakirələr Fransua Bayru hökuməti ilə müxalifət arasında kəskin fikir ayrılıqlarına səbəb olub. Sentyabrın 8-də Bayrunun kabineti parlamentdə etimad səsverməsindən keçə bilməyib və bu, artan dövlət borcu böhranı  fonunda ölkədəki siyasi böhranı da dərinləşdirib. Bu arada Fransanın solçu qüvvələri işçiləri və vətəndaşları mümkün hökumət zorakılığı barədə xəbərdarlıq etməklə yanaşı, Makron hökumətinə qarşı "rıçaq yaratmağa" çağırıb.

Sosialist Partiyasının lideri Olivye Fore TF1 telekanalına deyib: "Bu, səs verdiyini və etiraz etdiyini hiss edən, lakin səsi eşidilməyən və indi hökumətə qarşı təsir rıçaqları yaratmaq istəyən insanlar üçün həlledici məqamdır".

Bu tətil, ötən həftə ölkəni bürüyən iğtişaşların, yüz minlərlə Fransa vətəndaşının tətilə çıxdığı etirazların davamıdır. Sentyabrın 10-da prezident Emmanuel Makronun iqtisadi siyasətindən və fəaliyyətindən narazı olan Fransa vətəndaşları küçələrə çıxaraq etiraz aksiyası keçiriblər.

Dünən saat 20-yə olan  məlumata görə, Parisdə hökumətin təklif etdiyi qənaət tədbirlərinə qarşı etiraz yürüşü iğtişaşlara çevrilib.

Etirazçılar zibil qutularını yandırıb, hüquq-mühafizə orqanlarına fişəng və butulkalar atıblar. Buna cavab olaraq polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

İğtişaşçılar, həmçinin mağaza və bank vitrinlərini sındırıblar, bir neçə avtobus dayanacağı dağıdılıb.

Nümayişçilərlə toqquşmada 6 polis əməkdaşı yaralanıb. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr cəlb edib.

R.CƏFƏROV,

"Azərbaycan"

Seçilən
48
azerbaijan-news.az

1Mənbələr