AZ

Dövlət Bağçalı "Türkiyə-Rusiya-Çin ittifaqı" dedi: Azərbaycanın maraqlarına uyğunmu?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifini şərh edib.

Musavat.com-un xəbərinə görə, Şahinoğlu bildirib ki, Baxçalının təklifi Türkiyədə geniş rezonans doğursa da, tarixi reallıqlar və siyasi maraqlar baxımından bu ittifaq çətin təsəvvür edilə bilər:

“Türkiyə tarix boyu Rusiya və Çinlə ittifaq içində olmayıb. Ancaq dünyada reallıqlar sürətlə dəyişir, dünənə qədər rəqib olan dövlətlər tərəfdaş, tərəfdaş olan dövlətlər isə tərsinə rəqibə, hətta düşmənə çevrilirlər. Buna baxmayaraq, Türkiyənin Rusiya və Çinlə ittifaq qurması çətin görünür. Əlbəttə, Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətləri hamar deyil. İsrailin Qəzzanı yerlə-yeksan etməsi və buna Vaşinqtonun seyrçi qalması Türkiyə siyasi dairələrində və cəmiyyətində anti-Qərb əhval-ruhiyyəsini gücləndirib. Amma bunun alternativi Türkiyənin Rusiya və Çinlə ittifaq qurmasıdırmı? Bu ittifaq NATO üzvü olan Türkiyənin maraqlarına nə dərəcədə cavab verə bilər?”

elxan.jpg

Politoloq qeyd edib ki, son illərdə Türkiyənin Moskva və Pekinlə dialoqu genişlənib. Prezident Rəcəb Tayyib Ərdoğan Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib. Dövlət Baxçalı bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasını təklif edir. Amma bu, Ankaranı ciddi dilemmanın qarşısında qoyur:

“Əgər Türkiyə Rusiya və Çinlə ittifaqa gedərsə, bu, Moskvanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmək, Çinin isə uyğur türklərinə qarşı yürütdüyü siyasətə normal yanaşmaq anlamına gələcək. Belə bir ittifaqda Ankara artıq nə ‘Rusiya Ukraynanın ərazi bütövlüyünü pozmamalıdır’, nə də ‘Çin uyğur türklərinin haqlarına hörmət etməlidir’ kimi iradlar səsləndirə biləcək”.

Elxan Şahinoğlu həmçinin Azərbaycanın maraqlarına diqqət çəkib:

“Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından da Türkiyənin Rusiya ilə ittifaqı faydalı deyil. Əksinə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasını istəyir. Türkiyə ilə Rusiya arasında ittifaq isə bu təsirin artması riskini yaradar ki, bu da Bakının strateji maraqları ilə üst-üstə düşmür”.

Politoloqun qənaətinə görə, Türkiyə üçün ən doğru yol Qərblə münasibətləri nə qədər çətin olsa da, dialoq və balans siyasətini davam etdirməkdir.

Musavat.com

Seçilən
25
5
musavat.com

8Mənbələr