AZ

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür



Dövlət başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Sərəncamına uyğun olaraq 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi və suverenliyimiz bərpa edildi. Dövlət başçısı İlham Əliyev ötən ilin oktyabr ayında Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfər etdi. Səfər çərçivəsində Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim: «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.» Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir: «Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin bir günlük antiterror tədbirlərində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu təsdiqlədi. Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və çıxardı. Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanında olduğumuz unudulmasın. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq»un yerində olmasıdır. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Amma təəssüflər olsun ki, bu gün də ikili siyasətlərini davam etdirən dünya gücləri var və onlar ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlətməklə problemlərin yaranmasının fərqindədirlər.
Postmünaqişə dövründə «Dəmir yumruq»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatlarının aparılması da Ermənistanın təxribatlarını davam etdirməkdə maraqlı olduğunu, sülh müqaviləsini imzalamaqdan, 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən yayınmaq cəhdini ortaya qoydu. Lakin bu əməliyyatlar da tez unuduldu. Təbii ki, Ermənistana bu dərsləri unutduran himayədarlarının dəstəkləri idi. Fransa Ermənistanı silahlandırmaqla vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu təsdiqləyir. 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri bütün bu məqamlara işıq saldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan tarixi ədaləti özü bərpa etdi. Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı ki, ədalət və beynəlxalq hüquq məfhumları var və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Məkana və zamana görə bu prinsiplərin tətbiqi etimad mühitini heçə endirməklə yanaşı, dünya güclərinə inamsızlıq yaradır. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri bu mənzərənin təqdimatlarıdır. Dövlət başçısı İlham Əliyev 2023-cü il sentyabarın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Hətta bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər.
Cənab İlham Əliyevin 31 iyul 2023-cü il və 18 sentyabar 2024-cü il tarixli sərəncamları tarixi Zəfərimizlə bağlı bütün məqamların indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir. Şəhər günlərinin təsis edilməsi maarifləndirici xarakter daşıyaraq hər bir aəzrbaycanlının artıq torpaqlamızın işğal deyil, işğaldan azad edildikləri günləri bilmələrinə, daim yaddaşda saxlamalarına çağırışdır. Bu sərəncamlara əsasən 26 avqust - Laçın Şəhəri Günü, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 oktyabr - Füzuli Şəhəri Günü, 20 oktyabr - Zəngilan Şəhəri Günü, 25 oktyabr - Qubadlı Şəhəri Günü, 8 noyabr - Şuşa Şəhəri Günü, 20 noyabr - Ağdam Şəhəri Günü, 25 noyabr - Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Artıq bu sıraya 20 sentyabr- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü də daxil oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra xalqa müraciətində böyük qürur və inamla qeyd etdi ki, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
23
1
aia.az

2Mənbələr