AZ

Şikayət etdilər: “Deyirlər, yeyirsən, ye, yemirsən, özün bilərsən”

«Karvan»ın futbolçuları onlara yaradılan şəraitdən narazıdır.

Bu barədə saytımıza komanda üzvləri məlumat verib.

Oyunçuların bildirdiyinə görə, klub rəhbərliyi qida təminatına etinasız yanaşır, həkimin müəyyənləşdirdiyi resept əsasında yeməklər hazırlanmır:

«Bir həftədir ancaq aş yeyirik. Başqa nə deyirik, bişirmirlər.

Biz Kənan Kərimovu (vitse-prezident) qınamırıq. O da bizim kimi əziyyət çəkir.

Hər işin arxasınca öz qaçır. Hərdən öz aramızda danışırıq ki, Kənan müəllim güclü insandır, başqası olsaydı, bu vəziyyətdə başını itirərdi.

Bəzən özünə söyləyirik, cavab verir ki, nə edim, olan budur.

Burada bir-iki bazar adamı var. Qida işinə onlar baxırlar.

Fikrimizə məhəl qoymurlar. Biz görmüşük ki, adətən, klubun yeməkxanasında gündəlik iki-üç cür yemək hazırlanır, menyü tez-tez dəyişir.

«Karvan»da belə peşəkarlıq yoxdur. Hər gün eyni yeməyi gətirib qoyurlar qabağımıza, deyirlər, yeyirsən, ye, yemirsən, özün bilərsən».

Yevlax təmsilçisi Premyer Liqanın ilk 4 turunda eyni sayda xal toplayıb. «Qəbələ» ilə 1:1 edən «sarvanlar» «Kəpəz»i 3:2 udub.

Aranlılar son iki həftədə «Qarabağ»a 0:2 və «Şamaxı»ya 0:3 hesabıyla yenilib.

SPORTİNFO.AZ

Seçilən
40
sportinfo.az

1Mənbələr