AZ

“Qurban Qurbanov varsa, “Qarabağ”...”, “Oktyabrın 1-də isə...” – Tanınmış aparıcıdan ŞOK AÇIQLAMALAR

Son 3 gündür ürəyimiz “Qarabağ”ın tarixi zəfəri ilə döyünür. Sevincimizin həddi-hüdudu yoxdur, “Qarabağ”ımızı xüsusi sevirik. O “Qarabağ”ımızı ki, 2020-ci ildən sonra bir daha dünyanın diqqətini bizə - Azərbaycana yönəldib. Bu dəfə “Benfika”nı darmadağın etməklə adımızdan söz etdirmişik. 7-dən 77-yə “Qarabağ” sevgisini özəl tərzində büruzə verir – kimisi geyindiyi forma ilə, kimisi “yenə gecə yatmayacağam, oktyabrın 1-də də “Qarabağ”ımın yanında olacağam” deməklə...

Forma demişkən, 9 yaşlı qardaşım oğlu da “Qarabağ” azarkeşidir. Avqustun 31-də - doğum günündə bir istəyi var idi - “Qarabağ”ın köynəyi. Fikrimcə, o arzunu reallaşdırmamaq günah olardı. Sözügedən köynəklərin satıldığı ünvana üz tutsam da, uşaqlar üçün olanları bitmişdi. Sifarişdən sonra nəhayət, 9 yaşlı azarkeş 1 həftə içərisində öz ağlı-qaralı köynəklərinə qovuşdu. Sözümün canı, “Qarabağ” yolunda olanların sayı gündən-günə artır.

Mənə gəldikdə, “Qarabağ”lı saat yarıma tələsirəm.

Musavat.com olaraq “Qarabağ”ın möhtəşəm ZƏFƏRİNİN incəliklərini bu sahənin bilicisi ilə müzakirə etmişik.

“Qarabağ” futbol klubunun avrokuboklar zamanı ev oyunlarında rəsmi aparıcısı, televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə ilə müsahibəni təqdim edirik.

WhatsApp

- Sənan bəy, “Qarabağ”ın möhtəşəm qələbəsinin yaratdığı təəssüratlarla bağlı müşahidələrinizi bizimlə bölüşməyinizi istərdik.

- Azərbaycanlı azarkeşlər öz təəssüratlarını son illər daha çox sosial mediada bildirirlər. 2 gündür ki, sosial mediada birinci yerdə “Qarabağ”ın fenomenal çıxışından söhbət gedir. Lakin ilk dəfədir ki, təkcə Azərbaycanda deyil, həm də Avropanın bəzi ölkələrində birinci yerdə “Qarabağ”ın nəticəsi gedir. Bütün dünya şokdadır. Portuqaliya mediası şokdadır. Sözün əsl mənasında dünya futbolu, dünya idmanı 2 gün öncə keçirilən Çempionlar Liqasında oyunlarda ən əsas nəticəni - məhz Lissabonda qeydə alınan nəticəni göstərir. Mən dünyanın aparıcı mediasını izləyirəm. Eləcə də “A Bola” nəşri, “Marca” - hansıların ki, milyonlarla izləyicisi var - hamısı “Qarabağ”ın qələbəsindən yazır.

Bu qələbə ilə sanki bütün dünyaya bir ildırım çaxdı ki, biz istənilən komandaya qarşı oynaya bilirik. Bu, dəhşətli bir ildırım idi. “A Bola” Portuqaliyanın ən öndə gedən idman nəşridir. Oyunun keçirildiyi stadion “Eştadiu da Luş” adlanır. Tərcümədə təxminən işıqlar sarayı, işıqlar meydanı deməkdir. “A Bola”nın başlığı təxminən belə idi – “Stadionda qalmaqal - işığımızı söndürdülər”.

BENFİK.jpg

Bu qələbə Azərbaycan futbolunun şanlı bir səhifəsini yazdı. Sanki futbolumuzun tarixini dəyişdi. Bilirsiniz ki, son aylar, son illər milli komanda bizi az pərişan edir.

Bir nüansı da vurğulamaq istərdim. Söhbət qələbənin əhəmiyyətini ölçmək üçün meydandan gedir. Bu, Çempionlar Liqasıdır. Burada “Real Madrid”, “Barselona”, “Liverpul” var. Çempionlar Liqası qitənin ən güclü klub turniridir ki, orada zəiflər yoxdur. Bəli, debütant ola bilər.

“Qarabağ” göstərdi ki, lazım olan anda lazım olan rəqibə qarşı oynayır. “Qarabağ” ən vacib bir məqamı da göstərdi ki, pul futbolda önəmlidir, amma hər şey deyil.

- Tarixi qələbə “Qarabağ”a 4,24 milyon manat qazandırıb. Necə düşünürsünüz, uğurlu bir komandanın qazancının çox müzakirə edilməsi doğrudurmu?

- Biz maliyyəni çox müzakirə edirik, bu da təbii haldır. İnanın ki, Çempionlar Liqasında iştirak edən bir komandanı saxlamaq çox çətindir. Bəli, Çempionlar Liqası böyük gəlir gətirir. Amma komandanın səfər xərcləri var, mükafatlar, bonuslar var. Bu, asan deyil. Bilirsiniz ki, Azərbaycanda futbol klublarının elə də çox sponsoru yoxdur. “Azərsun Holdinq” illərdir “Qarabağ”a sponsorluq edir, komandanın bir neçə sposoru da var. Amma Azərbaycan futbolunda bu gün belə böyük sponsorlar yoxdur. Azərbaycan idmanının ən böyük dəstəkçisi dövlətdir. İstər şahmat olsun, istər futbol olsun, istərsə də güləş olsun. Amma dünyada həm də sponsorlar var. Əslində, hamımız istəməliyik ki “Qarabağ” çox qazansın, qismət olsun növbəti ildə 2-3 komandamız da Avropadan qazansın. “Sabah” da, “Neftçi” də, “Zirə” də. Mən çox istərdim ki, özləri futboldan pul qazanmağı bacarsınlar. Təəssüf ki, Azərbaycan futbolunda idmandan pul qazanmaq çox çətindir. Ən çox sponsorlardan qazanırlar.

“Qarabağ” həm də bir marka olaraq illərdir göstərir ki, bilet satışından, yayımdan qazanc əldə etmək mümkündür. Dünya idmanı belədir. Dünya idmanında futbol klubları hər oyundan pul qazanırlar – teleyayım, bilet satışı və forma. Azərbaycan üçün bu sahələr tam öndə deyil. Amma “Qarabağ”ın uğur qazanması ona təkan verir.

Bilirsiniz ki, futbolçular, idmançıların karyerası daimi deyil. Müəyyən yaşdan sonra karyeranla - yəni işinlə vidalaşırsan. Onların da müəyyən qazancı olmalıdır ki, özlərini təmin etsinlər. Digər tərəfdən, futbol dünyanın ən bahalı idman növlərindən biridir. Burada böyük məvaciblərin olması normaldır.

Siz dediniz, “Qarabağ” tarixi qələbədən 4 milyon qazandı. Məncə, bu qələbənin qiyməti yoxdur, çox dəyərlidir, onu pulla ölçmək mümkün deyil. Müqayisə üçün, “Benfika”nın dəyəri 324 milyon avrodur. Səhmlərindən söhbət getmir, transfer saytlarında yazılan heyətinin dəyirini deyirəm. “Qarabağ”ın heyətinin dəyəri isə 24 milyon avro qeyd olunub.

BENFİKA.jpg

Oyundan sonra “Benfica TV” 20 dəqiqə yayımı kəsmədi. Komanda 10 dəqiqə meydanda dayanaraq şokda idi. Mən demirəm ki, “Benfika” zəif komandadır. Kifayət qədər güclü komandadır. Amma maliyyə olmalıdır. İdmanda maliyyə olmadan çətindir. Maliyyə stimul olur, uğur qazanmaq üçün iş görməyə kömək edir. Müasir futbolda mütləqdir ki, komanda müstəqil olsun, sponsordan az asılı olsun. Amma Azərbaycan futbolunda klublarımızın çoxu federasiyadan asılıdır. Federasiya pul verməsə, komanda maaşsız qalır. Müstəqil olmaq lazımdır. Müstəqil olmaq üçün mütləq futboldan pul qazanmalısan. Buna görə də UEFA yarışlarında irəli getmək vacibdir.

Azərbaycanda digər klublarda “Qarabağ”ın futbolçuları qədər maaş alan, onlardan çox alan futbolçular da var. Amma onlar heç Azərbaycan çempionatında bu pulun əvəzini vermirlər. Dünyada ən bahalı 3 idman növündən biri futboldur. Heç kim deyə bilməz ki, niyə “Əl-Nəsr” Ronaldoya milyonlar verir. Bir şeyi nəzərə almaq lazımdır - dünyanın ən sevilən, ən öndə olan 3 idman növündən biri futboldur. Müqayisə üçün, “Benfika” - “Qarabağ” matçını 70-dən çox kanal canlı yayımlayırdı. 70 kanalın 41-i ödənişlidir. Hər ölkəni 10 milyona vursaq, oyuna neçə milyon insanın baxdığını ortaya çıxarar. Üstəlik, qələbə Azərbaycana nə qədər böyük təbliğat gətirdi. Azərbaycan idmanı öz gücünü, səviyyəsini göstərdi. Çempionlar Liqasında ilk qələbəmizdir. Mənə görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsində qələbə Yay Olimpiya Oyunlarında qələbə qədər əhəmiyyətlidir. Yay Olimpiya Oyunlarında Azərbaycanımız çalışır qızıl medal qazansın, burada da qələbə üçün mübarizə aparılır. Təsəvvür edin ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin izləyicisi olimpiadadan az deyil.

Bir xatirəmi bölüşmək istərdim. İyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında idim. Mən taksiyə əyləşəndə sürücü “Qarabağ”, “Qarabağ” dedi. Bildirdi ki, sizin “Qarabağ” klubunuz mənim komandamla – “Çelsi” klubu ilə oynayıb. Yəni adam təmsilçimizi məhz futboldan tanıyır.

“Qarabağ”ın qələbəsi Azərbaycanı təbliğ etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, baxın, neçə milyon insana sevinc bəxş etdi.

- Leandro Andrade, Kamilo Duran, Aleksey Kaşuk… Möhtəşəm qolların müəlliflərinə inamınız nə dərəcədə idi?

-Leandro Andradenin qolu məni çox duyğulandırdı. Çünki inanırdı ki, qol vuracaq. 3 gün əvvəl dostlarına demişdi ki, ürəyimə damıb, qol vuracağam. O fikirdən sonra hətta işdə də söylədim ki, qol vuracağıq, uduzmayacağıq. Leandro Andrade bu gün “Qarabağ”ın sistemli mühərrikinin əsas detallarından biridir. Aleksey Kaşukun qol vurduğu anda hücumu qapıçı Koxalski başladı. Onun ötürməsiylə başladı qol hücumu. Oyunu hissə-hissə təhlil edəndə hər anın vacib olduğu görünür. Və Kamilo Duranın qolu. Duran “Qarabağ”a yeni gəlib. Çox baha da deyil. Kamilo Duran bir qol vurdu, bir ötürmə etdi. Onun karyerası “Qarabağ”da dəyişdi və gələcəkdə daha yaxşı olacağını düşünürəm.

Bir vacib məqamı da diqqətə çatdırmaq istəyirəm. 2 ay öncə hamı deyirdi, transfer olsun. Məncə, heç kim komandanın qələbəsini özündən çox, rəhbərliyindən, məşqçilərindən çox istəməz. “Qarabağ” göstərdi ki, lazım olan anda komandanın hücumçusu da, orta xətt oyunçusu, müdafiəçisi də var. Sadəcə həmin dönəm komandalar futbolçularına şişirdilmiş məbləğ tələb edirdilər, ona görə keçid alınmadı.

Yeganə oyunlardan biri idi ki, “Qarabağ”da hamı güclü oynadı. Fikirləşirəm, zəif bəndi tapa bilmirəm. Mateuş Koxalski əjdaha idi. Bəhlul Mustafazadə dəhşət oynayırdı. Bəhlul Çin səddi idi, onu keçmək olmurdu. Medina… sanki dəhşət idi.

Komandanın uğurlarında azarkeşlərin də payı olur. İnsanlar inanırdı. Baxırdım, azarkeşlər deyirdilər ki, biz uduzmayacağıq. “Qarabağ” bizi qələbələrə öyrəşdirdi. Komanda və rəhbərlik arasında vahid etimad var. Qələbədə sıravi işçidən başlayaraq rəhbərliyə qədər hamının əməyi böyükdür. Həm rəhbərlik, həm inzibati heyət, menecerlər gecə-gündüz çalışır. Və təbii, “Qarabağ” adlı ansamblın baş dirijoru Qurban Qurbanov ən güclü oyunçulardan biri idi.

BENFİKAA.jpg

“Benfika”nın stadionda 68 min azarkeşi var idi. Komandamız 0:2 hesabı ilə geridə olanda bəzi insanlarda inam azalmışdı. İkinci qoldan sonra bir dostum zəng edərək dedi ki, biz kanalı çeviririk, matça baxmayacağıq. Çox pis oldum, yəni insan sona qədər inamını qorumadı. 0:2 hesabından sonra “Qarabağ” elə oynadı ki, 68 min azarkeşin yarısı komandamızı alqışladı, öz komandalarına ağ bayraq çıxardı. Ağ bayrağı heç bir rəqibə arzulamıram. Biz belə bir qələbəni heç bir maliyyə ilə əldə edə bilməzdik. Yəni maliyyə hər şey deyil. Joze Mourinyo kimi məşqçi deyir ki, “Qarabağ” göstərdi ki, sistemli oyun, sistemli komanda var.

Mən çox arzu edirəm ki, qələbəmiz davamlı olsun. İnanıram ki, Qurban Qurbanov varsa, komanda eyforiyaya qapılmayacaq.

WhatsApp

İllər öncə azərbaycanlılar Avropa meydanlarında Türkiyə klublarına azarkeşlik edirdi.İndi “Qalatasaray”lılar, “Fənərbağça”lılar tanıyıram ki, deyirlər biz “Qarabağ”lıyıq.

- Sizcə, “Qarabağ”ın qələbəsini təmin edən əsas faktorlar nələr idi?

- Qələbəni təmin edən faktor meydanda kompüter sxemi kimi işləmək oldu. Futbolçular meydanın hər bir qarışı uğrunda mübarizə aparırdı. Sanki meydanda insanlar yox, robotlar var idi. Qurban Qurbanovun verdiyi tapşırıqlar meydanda dəqiqliklə icra olundu. Səhvlər az oldu. İlk 20 dəqiqədə həyəcanlanırdıq. 20 dəqiqədən sonra komanda özünə gəlməyə başladı. Sistemli oyun, məşqçi tapşırığının meydanda icrası, dəmir intizam qələbənin əsas sirləridir. Futbolçularda sanki bilyard dəqiqliyi var idi. Bəhlul həm öndə, həm arxada idi. Medina lazım olanda ortada idi, ehtiyac olanda arxada idi. Bu oyundan sonra “Qarabağ”ın oyunçularının bəzilərinə çox böyük diqqət yönələcək. Rəqib komandalar “Qarabağ”ın futbolçuları ilə maraqlanacaqlar, onları transfer etmək istəyəcəklər. Bir daha göründü ki, əsas inamdır, peşəkarlıqdır. Pul önəmli deyil. Bu gün komandada intizam var. Rəhbərlik, məşqçilər, futbolçular, inzibati heyəti - hamı komandanın uğuru naminə çalışır. Təəssüflər olsun ki, Azərbaycanda bəzi futbol klublarında məşqçi başqa bir fikirdədir, rəhbərlik başqa fikirdə. “Qarabağ”da isə sistem var. Azərbaycan futbolunda belə bir qələbə olmayıb. “Qarabağ” iştahımızı artırdı. Bu qələbə elə bir dadlı qidadır ki, adam yedikcə doymur, yenə istəyir. Bu qələbəni ancaq dəmir zəhmətlə əldə etmək mümkündür. Kamilo Duranı qaldıran, Bəhlulu inkişaf etdirən, Koxalskini yüksəldən komandanın zəhmətidir.

- Gözlər oktyabrın 1-nə dikilib. “Qarabağ” “Kopenhagen”i qəbul edəcək. Hesabla bağlı proqnozunuz varmı?

- Proqnoz vermək istəməzdim. “Kohenhagen” çox yaxşı komandadır. Bəziləri deyir ki, “Kohenhagen” qrupda ən zəif komandadır. Amma bu, belə deyil. “Kohenhagen” Bakıya çox ciddi gələcək.

Stadion o qədər də böyük deyil, 31 200 tamaşaçı tutumu var. Bilet almaq texniki baxımdan bir az çətin olacaq. Bu baxımdan azarkeşlərdən xahiş edirəm, çalışsınlar həmin gün stadionda olsunlar. Biletləri atmasınlar, çünki o bilet tarixdir. O bileti bəlkə də oyundan sonra çərçivəyə salıb saxlayacaqlar. “Kohenhagen”lə oyunu tarixə çevirmək üçün - gördünüz, 90 dəqiqə azarkeş olmaq lazımdır. “Benfika” azarkeşləri 60 dəqiqə dayanmadılar, mahnı oxudular. Biz ayın 1-də stadionda daha bir böyük bayram göstərməliyik. 4 ev oyunumuz var. Doğrudur, oyunların başlama saatı Bakı üçün bir az uyğun deyil. Ancaq mən hər bir oyunda azarkeşlərin komandanın yanında olacağını gözləyirəm.

- Sizin üçün “Qarabağ”ı, onun qələbələrini özəl edən xüsusiyyəti varmı?

- 25 ildir jurnalistikadayam, 23 ildir idman mətbuatındayam. 14-15 ilə yaxındır “Qarabağ” futbol klubunun avrokuboklar zamanı ev oyunlarında rəsmi aparıcısıyam. İlk illərdə dəyərli həmkarım Ramiz Qafarovla birgə çalışırdıq. Xaricdə çıxış edən hər bir komandamız bizimdir, onların uğuru bizim uğurumuzdur. İstər güləş, istər şahmat olsun. Çünki biz o qələbəni işıqlandırırıq, o qələbəyə ürəkdən sevinirik.

KARABAK

“Qarabağ” adı isə çox böyük məsuliyyət daşıyır. O ad altında işləmək, çıxış etmək çox böyük məsuliyyət deməkdir. “Qarabağ” adi bir komanda deyil. “Qarabağ” fərqli bir komandadır. Bir komandadan daha artıqdır. Fərqliliyi ondadır ki, lazım olanda Azərbaycanın səsinə, lazım olanda gücünə çevrilir.

Aytən Novruz
Musavat.com

Seçilən
38
50
musavat.com

10Mənbələr