AZ

Naxçıvanda “O olmasın, bu olsun” musiqili komediyası təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də – Milli Musiqi Günündə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “O olmasın, bu olsun” musiqili komediya təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 3-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə imzaladığı Sərəncama uyğun olaraq, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 143-cü teatr mövsümünə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməklə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli teatrın foyesində qurulmuş Milli Musiqi Gününə həsr edilmiş sərgi ilə tanış olub. Sərgidə dahi bəstəkar Üzeyir Hacıbəylinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş incəsənət xadimlərinin, eləcə də Naxçıvan Dövlət Milli Dram Teatrının fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilib.

Sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında səhnələşdirilmiş tamaşa təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov, rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevdir. Quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səyyad Bayramov, musiqi rəhbəri və dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin təqdimatında yeni və orijinal quruluşda səhnələşdirilən tamaşada Xalq artistləri Rza Xudiyev, Şirzad Abutalıbov, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseynquliyeva, Vidadi Rəcəbli, Əbülfəz İmanov, Kəklik Novruzova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova, eləcə də digər təcrübəli və gənc istedadlar rolları məharətlə ifa ediblər.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli kollektivin Milli Musiqi Günündə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməsini uğurlu seçim kimi dəyərləndirib, heyətə yenilikçi ruhlu səhnə həllinə görə təşəkkür edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azertag.az

2Mənbələr