AZ

Antiterror əməliyyatı - Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasına aparan yol

Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror əməliyyatının başa çatmasından iki il ötür. Bu əməliyyatla Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, eyni zamanda hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək. 2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Lakin Qarabağ bölgəsində 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri qalmaqda idi. Üçtərəfli Bəyanata əsasən, Ermənistanınüzərinə öhdəlik qoyulmuşdu ki, Azərbaycan ərazisindəki bütün hərbi qüvvələrini çıxartsın.Ermənistanın hərbi-siyasi rəhbərliyi isə üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmirdi.Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları da onları Azərbaycana qarşı təxribatçı əməllərə təhrik etməyə başladılar. Azərbaycan tərəfi bu dövrdə dəfələrlə xəbərdarlıqlar etdi, danışıqlar yolu ilə problemin həllinə çalışdı. Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bildirdi.Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı.2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin mart–may aylarında Ermənistan tərəfinin törətdiyi silahlı təxribatlar bölgədə yeni gərginliklər yaratmışdı.

Sakitləşmək bilməyən erməni millətçi-tə­cavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cüil sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı. Eyni zamanda Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Ru­siya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermə­nistan silahlı qüvvələrinin bölmələri tərəfin­dən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu.

Ali Baş Komandanın göstərişi ilə Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək Azərbay­can ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi.

Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqaməti əhatə edirdi. Vətən müharibəsindəki təcrübəyə əsaslanan bölmələrimizin əsasən kiçik qruplar halında hərəkət etməsi nəticəsində düşmən qəfil yaxalandı. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan az müddətdə hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.Azərbaycanın Müdafiə Nazirliyi ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilir, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək bütün yolları kəsdi. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir.Əməliyyat nəticəsində 406 kvadratkilometrlik ərazi yad ünsürlərdən təmizlənərək Azərbaycan Ordusunun tam nəzarəti altına alındı. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi. Ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla düşmən xeyli canlı qüvvə itirdi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror əməliyyatı dayandırıldı. Razılığa əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxdı və tam şəkildə tərksilah olundu. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi. Bütün bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edildi.

Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticə­sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Antiterror tədbirləri zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğuna, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zaman ərzində təmin olunmasında zabit, gizir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazandığımız təcrübə böyük rol oynadı.Bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və nail olduğumuz uzlaşma sayəsində qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirildi. Beləliklə, dünya hərb tarixində Azərbay­can Ordusu daha bir bir nadir əməliyyat həya­ta keçirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiter­ror əməliyyatının nəticələrini belə dəyərlən­dirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəman­lıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqla­rı qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qala­caq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümü­zü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla sepa­ratçıların kitabı bağlandı. Artıq Azərbaycan­da separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”.

2023 -cü ilinsentyabrında aparılan antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Artıq yeni ünvanların, yeni infrastruktur obyektlərin bünövrəsi qoyulur. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm zəfərinə müəlliflik edir. Bu zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, Prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq. Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan, müəllifliyi ilə yazılan şanlı tariximizdir. Bu uğurlar belə bir həqiqətin təsdiqidir ki, güclü lideri olan dövlət qarşısındakı bütün hədəflərə çata bilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək. Böyük məmnunluq hissi ilə deməliyik ki, bu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar var. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın öz rəhbərinin ətrafında sarsılmaz səfərbərliyi respublikamızı qarşıdakı hədəflərə də layiqincə çatdıracaq.

Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Seçilən
36
ikisahil.az

1Mənbələr