AZ

Bakı küçələrinin adları: hər lövhədə bir tarix

Bakı küçələrində addımlayanda sanki daşların altından tarix danışır. Sürətlə yanından keçdiyimiz lövhələr, bəzən sadəcə ünvan göstərən bir işarə kimi görünür. Amma əslində, həmin adların arxasında bütöv bir dövr, bir taleyin izi, bir xatirənin yükü gizlənib. "Nizami küçəsi" deyəndə, yalnız şəhərin ən gur və bahalı prospektini yox, həm də dahi şairin söz dünyasını, qələm gücünü xatırlayırıq. "Səməd Vurğun küçəsi" dedikdə isə bir əsrin poeziyası, bir millətin mənəvi dirənişi göz önündə canlanır. Əksər hallarda tələsdiyimizdən, diqqətimizi telefona yönəltdiyimizdən və ya gündəlik qayğıların yükü altında bu adların mahiyyətini düşünmürük. Amma hər küçə lövhəsi əslində kiçik bir kitabın üz qabığı kimidir. Onu açsan, ardında ya qəhrəmanlıq dastanı, ya mədəniyyətin incisi, ya da şəhərin öz taleyini dəyişən bir hadisə gizlənib. Düşünürəm ki, biz çox vaxt bu lövhələrin arxasında duran hekayələri görmür, sadəcə yanından ötüb gedirik. Küçə adları həm də bir yaddaşdır - şəhərin, millətin, xalqın yaddaşı. Hansı küçədə böyüdüyünü soruşduqda, adını çəkdiyin küçə sənin uşaqlığına işıq salmaqla yanaşı, sənə tarixi də xatırladır. Bəzən bir küçənin adı dəyişir, yeni nəsillər köhnəni unudur, amma köhnə sakinlərin yaddaşından həmin ad silinmir. Onlar "biz filan küçədə böyümüşük" deyəndə, söhbət yalnız coğrafiyadan yox, həm də bir dövrün mədəniyyətindən, ab-havasından gedir. Bakının küçə adları yalnız paytaxt sakinlərinə deyil, şəhərə gələn hər kəsə sözsüz bir mesaj verir. Çünki bu adlar bizim kimliyimizin xəritəsidir. "28 May küçəsi" isə yalnız bir tarix deyil, bir millətin azadlıq nəfəsi, cümhuriyyət sevinci deməkdir. Düşünürəm ki, bu adların hər biri həm yerli, həm də xarici insanlara Azərbaycanın ruhunu tanıdır. Əlbəttə, küçə adlarının taleyi həmişə sadə olmayıb. Tarix boyu Bakı müxtəlif siyasi rejimlərin, ideologiyaların təsiri altında qalıb. Hər yeni hakimiyyət öz simvolunu, öz ideoloji yükünü küçə adlarına köçürüb. Bir vaxtlar "Molotov küçəsi" adlanan yolun bu gün tamam başqa adda olması, həm də bir millətin yaddaşındakı dəyişikliklərin göstəricisidir. Küçə adları sadəcə coğrafi ünvan deyil, həm də zamanın şahidi, ideologiyaların səssiz şahidləridir. Hər lövhə bir tarix dedikdə, bu yalnız böyük şəxsiyyətlərin adları ilə bağlı deyil. Bəzən bir küçə adı sıradan görünə bilər - məsələn, bir çiçəyin, bir dağın, bir məkanın adı. Amma diqqətlə baxanda görürsən ki, həmin ad da millətin dünyagörüşünü, mədəniyyətini əks etdirir. "Yasamal", "Bayıl", "Badamdar", "Qaraçuxur" - bunların hər biri xalqın yaddaşından, folklorundan gələn izlərdir. Düşünürəm ki, bu adların qorunması da mədəniyyətimizin qorunması qədər vacibdir.

Bakı sürətlə dəyişir, yeni binalar, göydələnlər, yollar tikilir. Amma küçə adları bu dəyişikliklərin içində bizi köklərimizə bağlayan görünməz ipdir. Lövhələr yenilənir, rənglənir, amma üzərindəki adlar xalqın yaddaşını qoruyur. Küçə adlarının xalqın tarixi yaddaşını qorumaqda rolu nədən ibarətdir? Bakı küçələrinin adları tarixən hansı səbəblərə görə dəyişdirilib və bu dəyişikliklər hər dövrün ideoloji izini necə əks etdirib? Bu suallara cavab tapmaq üçün biz tarixin izinə düşməliyik. Çünki küçə adları yalnız şəhərin coğrafi xəritəsini deyil, həm də siyasi sistemlərin, ideoloji dəyişikliklərin və xalqın yaddaşını özündə daşıyır. Düşünürəm ki, burada tarixçilərin baxışı xüsusilə önəmlidir - onlar bizə bu lövhələrin necə dəyişdiyini, hansı dövrlərdə hansı mənaların yükləndiyini izah edə bilərlər. Mövzu ilə bağlı tarixçi alim Elnur Nəciyev Olaylar.az-a açıqlama verib: 

"Bakı şəhərində küçələrin adlarının dəyişdirilməsi müxtəlif dövrlərdə Azərbaycanda baş vermiş siyasi, ideoloji və mədəni proseslərlə birbaşa əlaqədardır. Xüsusilə də sovet dövründə küçələrə inqilabçıların, sovet dövlət xadimlərinin və ideologiyanı təbliğ edənlərin adları qoyulurdu. Məsələn: Stalin (indiki Neftçilər) prospekti, 26 Bakı Komissarı (indiki 2 aprel) küçəsi, Frunze (indiki Akademik Əhəd Yaqubov) küçəsi, Əliheydər Qarayev (indiki Əhməd Cavad), Çingiz İldırım (indiki Ağa Əlizadə) küçəsi və sair. Bununla kifayətlənməyib müxtəlif ideoloji adlardan da istifadə edirdilər: Bakının Nizami və Xətai rayonlarında Sosialist (Oqtay Vəliyev) küçəsi, Yasamal və Nəsimi rayonlarında Proletar (Vidadi) küçəsi, Bakıxanov qəsəbəsində Komsomol (Mustafa Vəkilov), Nizami rayonunda Paris Kommunası (İlham Əliyev), Binəqədi rayonunda Sovet ordusu (Ənvər Əlixanov) küçəsi və s. Burada məqsəd sovet ideologiyasını gündəlik həyatın bir parçasına çevirmək idi.

Müstəqillikdən sonra - Azərbaycan milli kimliyi və tarixi yaddaşı məsələsi ön plana çıxarıldı. Sovetlə bağlı adlar dəyişdirilərək milli qəhrəmanların, ədiblərin, tarixi şəxsiyyətlərin, şəhərin öz mədəniyyətinə məxsus simvolların adları verildi (məsələn, Tarqovı əvəzinə Nizami küçəsi, Nobel prospekti əvəzinə 8 Noyabr prospekti, Malıgin küçəsi əvəzinə Zeynalabdin Tağıyev küçəsi və sair. Küçə adları xalqın kollektiv yaddaşının bir hissəsidir. Onlar şəhərin "canlı arxivləri"dir - müəyyən dövrdə hansı ideyaların, dəyərlərin üstün olduğunu göstərir. Bu baxımdan küçə adlarının qorunması və düzgün seçilməsi milli kimliyin güclənməsinə xidmət edir. Ən çox tarixi kimliyimizi əks etdirənlər xalqımızın qəhrəmanları və mədəniyyət xadimlərinin adlarıdır: Səməd Vurğun, Üzeyir Hacıbəyli, Nizami, Füzuli - milli ədəbiyyat və incəsənətimizi təcəssüm etdirir.

Azadlıq, İstiqlaliyyət, 20 Yanvar, 28 May, 8 Noyabr - müstəqillik və azadlıq uğrunda mübarizənin simvollarıdır.

Şəhidlər xiyabanı, Qara Qarayev, Əhməd Cavad, Mehdi Hüseynzadə - həm milli mübarizə, həm də dünya miqyasında qəhrəmanlıq ənənəmizi yaşadır. Sovet dövründə küçə adları kommunizm, sosializm və proletar beynəlmiləlçiliyini təbliğ edirdi. Müstəqillik dövründə küçələrə milli tariximizin qəhrəmanları, istiqlal mübarizəsi, türk-islam mədəniyyəti ilə bağlı adlar verilir. İdeoloji məqsəd milli kimliyin, müstəqilliyin və dövlətçilik şüurunun gücləndirilməsidir".

Bu suallara yalnız tarixçilər deyil, həm də  urbanistlər cavab verir. Çünki küçə adları yalnız tarixi deyil, həm də şəhərin sosial və mədəni planlamasının bir hissəsidir. Düşünürəm ki, onların baxışı bizə bu adların arxasında gizlənən başqa bir qat - şəhərin bugünkü nəfəsi barədə daha aydın təsəvvür yaradır.  Memar, urbanist  Gülnar Əliyeva bu mövzuda açıqlama verib:

" Küçə adlarının verilməsi məsələsi olduqca əhəmiyyətlidir. Burada vahid və sərt qaydanın tətbiqi mümkün deyil, çünki şəhərlərimizin hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Hər şəhərin fərqli epizodlardan ibarət xüsusi urban dəyəri vardır. Paytaxt Bakıdan danışırıqsa, burada küçə adlarının verilməsinə müxtəlif amillər təsir göstərə bilər: tarixi adlar, məhəllə adları, qədim toponimlər, yerlilərin zonalara verdiyi ləqəblər, yaxud da görkəmli şəxsiyyətlərin adları. Aydındır ki, Bakı şəhərində daim yeni küçələr salınır. Paytaxt statusuna görə bu küçələrə dövlət əhəmiyyətli hadisələrin və şəxsiyyətlərin adları verilir. Bu, təmtəraqlı və rəmzi bir hadisədir. Lakin küçəyə ad verməzdən əvvəl həmin ərazinin ilkin yaddaşına nəzər salmaq olduqca vacibdir. Küçə adlarından da vacib məsələ məhəllə və səmt adlarıdır. İnzibati bölgü baxımından rəsmi əhəmiyyət daşımaya bilər, lakin insanların yaddaşında müəyyən zonalara aid oturuşmuş adlar mövcuddur. Məsələn, kimsə "Mən Qara Qarayevdə yaşayıram" dedikdə, əslində Nizami rayonu daxilində Qara Qarayev metro ətrafında formalaşmış bir zonadan söhbət gedir. Halbuki bu zonanın sərhədləri heç bir rəsmi sənəddə dəqiq göstərilməyib. Amma sakinlər arasında belə bir anlayış formalaşıb: hansı küçədən sonra Qara Qarayev zonası bitir və Neftçilər zonası başlayır. Eyni qayda məhəllələr üçün də keçərlidir. Məsələn, Şəkinin "Yuxarı Baş" tarixi məhəlləsi UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Buradakı məhəllələrin adları, bu adların yaranmasında rol oynamış sənətkarlıq növləri və tarixi proseslər elə həmin ərazinin irs dəyərinin əsas səbəbidir. Belə olduğu halda bu adların dəyişdirilməsi və ya yenisi ilə əvəzlənməsi təbii ki, tarixi kimliyə xələl gətirir. Digər tərəfdən, şəhərlərimizdən görkəmli ziyalılar yetişir və onların xidmətlərinə görə adlarının küçələrə verilməsi də zəruridir. Bu halda yeni salınan yaşayış massivləri və küçələrin onların adını daşıması daha məqsədəuyğundur. Ümumiyyətlə, tarixi adların qorunması hərtərəfli əhəmiyyət daşıyır. Sovet dövründə Azərbaycanda çoxlu sayda toponim dəyişdirilmiş, bu isə bir nəsil ərzində kimlik itkisinə səbəb olmuşdur. Belə itkilərin qarşısını almaq üçün Şəki, Şuşa, Ordubad, Gəncə, Bakı, Quba və digər tarixi məhəllələri olan şəhərlərdə xüsusi şura formalaşdırılmalıdır. Bu şura memarlar, sənət tarixçiləri, tarixçilər, tədqiqatçılar, icma nümayəndələri və yaşlı sakinlərdən ibarət ola bilər. Adlandırmalar bu şuranın araşdırmaları və rəyləri əsasında həyata keçirilməlidir. Eyni zamanda digər şəhərlərdə də adların verilməzdən əvvəl ictimai müzakirələrin keçirilməsi vacibdir. Çünki səhv verilmiş qərarlar nəticəsində bir parça tarix, şəhər kimliyi və icma xatirəsi itirilə bilər. Adların tez-tez dəyişdirilməsi cəmiyyət tərəfindən xoş qarşılanmır. Məsələn, mənim uşaqlıq illərimdə indiki 8 Noyabr prospekti "Raboçiy" (İşçi prospekti) adlanırdı. Xəritədə isə "Nobel prospekti" kimi qeyd olunmuşdu və mən bu adı yadda saxlamışdım. Ancaq küçəni bu adla izah etdikdə çox vaxt insanlar hara nəzərdə tutduğumu anlamırdılar. Xalq "Nobel prospekti" adını öyrənməmişkən küçənin adı "8 Noyabr prospekti" olaraq dəyişdirildi. Buna baxmayaraq, hələ də əhali arasında "Raboçiy" adı işlədilir. Küçə və məhəllə adları ilə bağlı ən güclü yaddaş isə çox vaxt taksi sürücülərində olur. Xüsusən də köhnə taksi sürücüləri zonaların adlarının haradan gəldiyini və niyə belə adlandığını həmkarlarım yaxşı bilirlər. Onlarla söhbət etmək həm mənim, həm də üçün maraqlı olur. Mən bunu hər kəsə tövsiyə edərdim".

Bakı küçələrinin adları bizə yalnız yol göstərmir, həm də kimliyimizi, yaddaşımızı qoruyur. Hər lövhənin arxasında bir tarix yatır - bəzən qəhrəmanlıq, bəzən poeziya, bəzən də bir məhəllənin xatirəsi. Düşünürəm ki, bu adlar qorunduqca biz də köklərimizi unutmuruq. Şəhər dəyişir, küçələr genişlənir, binalar ucalır, amma adların daşıdığı mənalar itəndə, sanki şəhərin ruhundan da bir parça qopur. Ona görə də hər yeni ad xalqın yaddaşına yazılan bir cümlədir. Bakı küçələrində addımlayanda lövhələrə bir anlıq nəzər salmaq kifayətdir- o adlar bizə həm dünəni danışır, həm bu günü izah edir, həm də gələcək nəsillərə ötürüləcək bir yaddaş kimi qalır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
olaylar.az

1Mənbələr