AZ

İsrail 2 ildə Qəzzada 4 dəfə genosid törədib - BMT açıqladı, İsraili nə gözləyir...


Soyqırım iddiası hüquqi instansiyalarda təsdiqlənərsə, bu, İsrailin dünyadan təcrid olunmasına gətirib çıxara bilər

BMT-nin İnsan Hüquqları Şurasının İsrailin Qəzza zolağındakı hərəkətlərinə dair xüsusi komissiyasının hesabatı qeyri-dəqiqdir. Bunu İsrail Xarici İşlər Nazirliyi bəyan edib. Bu barədə Associated Press məlumat yayıb. “Biz bu təhrif olunmuş və yalan məlumatı qətiyyətlə təkzib edirik”, - nazirlik bildirib.

BMT-nin İnsan Haqları Şurasının yaratdığı komissiya İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağında “dörd soyqırım aktı törətdiyi” qənaətinə gələn 72 səhifəlik hesabat dərc edib.

Müstəqil beynəlxalq komissiyanın rəhbəri və BMT-nin keçmiş İnsan Haqları Ali Komissarı Navi Pillay deyib: "Komissiya Qəzzada soyqırım törətməkdə İsrailin məsuliyyət daşıdığını müəyyən edib. Qəzzada fələstinliləri Soyqırım Konvensiyasında göstərilən meyarlara cavab verən hərəkətlərlə məhv etmək niyyəti aydındır".

Bu hesabat beynəlxalq hüquq baxımından hansı nəticələr doğura bilər?

Baki-xeber.com nəşrinə görə, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan çox ciddi nəticələr doğura bilər. BMT-nin İnsan Hüquqları Şurasının xüsusi komissiyasının hesabatı hüquqi baxımdan müstəqil məhkəmə hökmü sayılmasa da, beynəlxalq hüququn müxtəlif mexanizmlərinə təsir göstərə bilər.

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) dövlətlərarası mübahisələrə baxır. Soyqırımla bağlı qərarlar BƏM-də qəbul edilə bilər. Hesabat BƏM-də Fələstinin və ya başqa dövlətlərin İsrailə qarşı iddialarında hüquqi əsas rolunu gücləndirə bilər.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) fərdlərin məsuliyyətini araşdırır. Komissiyanın nəticələri prokurorluğun İsrail liderləri barədə araşdırma açmasına və ya mövcud istintaqa dəlil kimi əlavə edilməsinə yol aça bilər.

Hesabat BMT üzvü olan ölkələrin İsrailə qarşı sanksiya və ya diplomatik təzyiq mexanizmlərini gücləndirə bilər. Xüsusilə Avropa İttifaqı və bəzi Latın Amerikası ölkələri bu hesabatdan sonra hüquqi və iqtisadi təzyiqləri artırmaq üçün hüquqi əsas əldə edə bilərlər.

Soyqırım Konvensiyasını imzalamış bütün dövlətlər “soyqırım aktlarının qarşısını almaq və cəzalandırmaq” öhdəliyi daşıyır. Hesabatın rəsmi sənəd kimi təqdim olunması o deməkdir ki, dövlətlər susmaqla və ya hərəkətsizliklə özləri də hüquqi məsuliyyət risqinə düşə bilərlər.

Hesabat İsrailin beynəlxalq aləmdə reputasiyasını daha da zədələyir. Bir çox dövlət və beynəlxalq təşkilatlar bu sənədi istinad nöqtəsi kimi istifadə edəcək.

Əgər soyqırım iddiası hüquqi instansiyalarda təsdiqlənərsə, bu, İsrailin beynəlxalq münasibətlərdə ciddi təcrid olunmasına gətirib çıxara bilər.

Lakin İsrailin özünü müdafiə arqumentləri (terrorla mübarizə, HƏMAS-ın raket hücumları və s.) dəfələrlə vurğulandığı üçün qərarların real icrası çətin ola bilər.

ABŞ və bəzi Qərb dövlətlərinin dəstəyi hesabatın BMT-də ittihamın sanksiyaya çevrilməsini əngəlləyə bilər. Yəni hesabat birbaşa hüquqi hökm olmasa da, beynəlxalq hüquqda “soyqırım ittihamının legitimləşməsi” prosesini gücləndirir. Bu isə həm İsrail liderləri üçün fərdi cinayət məsuliyyəti, həm də dövlət olaraq İsrailin beynəlxalq hüquqi və diplomatik təzyiqlərlə üzləşməsi ehtimalını artırır.

Akif NƏSİRLİ

Seçilən
67
baki-xeber.com

1Mənbələr