Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib.
Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, (Aİ) «Şərq Tərəfdaşlığı» Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir. Ancaq Budapeşt keçirilən sayca ikinci olan qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməklə bir tərəfdən vahid tariximizə olan dəyəri nümayiş etdirir, digər tərəfdən isə Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsünə dəstəyini əməli addımı ilə göstərir. Çünki qeyri-rəsmi görüşlərin keçirilməsi təşəbbüsü məhz Azərbaycan liderinə məxsusdur və ilk belə bir Zirvə görüşü Şuşa şəhərində baş tutub. Bu, olduqca simvolik və rəmzi xarakter daşıyır. Çünki Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur türk dünyasının bu günü və sabahında olduqca vacib iqtisadi və siyasi proseslərin mərkəzi rolunda çıxış edir.
Şuşada keçirilən sayca birinci qeyri-rəsmi Zirvə görüşündə Macarıstan Baş naziri Viktor Orbanın iştirakı Azərbaycanın tarixi qələbəsinin dünyaya reallıq və ədalətin təntənəsi kimi qəbul etdirilməsi prosesində mühüm rol oynayıb. Birincisi ona görə ki, Orban bir Avropa dövlətinin lideridir. İkincisi və ən əsası isə Macarıstan Aİ-nin üzvüdür. Aİ o təşkilatdır ki, Azərbaycanın suverenliyini bərpa etməsi prosesində heç də hər zaman ədalətli mövqelərdən çıxış etməyib. Bütün bunlara rəğmən Macarıstan liderinin Şuşaya gəlməsi və siyasi qətiyyət nümayiş etdirməsi onun nə qədər prinsipial və xarizmatik dövlət başçısı olduğunu sübut edir. Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndinin tam bərpasını həyata keçirir. Bu, Azərbaycan dövlətində və xalqında səmimi rəğbət yaratmaya bilməz. Hazırkı yaxın əlaqələrimiz və bu platformanın üzərində bərqərar olan strateji münasibətlərimiz məhz belə amillərdən güc alır.
Azərbaycanın Macarıstanla münasibətləri bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də yüksələn xətlə inkişaf edir. Bu ölkənin aparıcı enerji şirkəti MOL artıq Azərbaycanın ən iri karbohidrogen yataqlarından birində operator statusu əldə etmək üzrədir. Xam neft hasilatından sonra gələn ildən MOL-un təbii qaz istehsalına başlaması planlaşdırılır. Bu, Azərbaycanın enerji strategiyasının Avropada getdikcə daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.
Karbohidrogen ehtiyatlarına malik olmayan Macarıstan Azərbaycanla tərəfdaşlıq sayəsində faktiki olaraq enerji istehsalçısına çevrilib. Hazırda MOL və dövlətə məxsus MVM şirkətləri Azərbaycanın ən iri neft və qaz yataqlarında pay sahibidir. Statistikaya diqqət yetirsək görərik ki, ötən il MOL qrupunun hasil etdiyi karbohidrogenlərin 15 faizi Azərbaycan yataqları ilə bağlı olub. Bu isə təxminən 5 milyon barel neft deməkdir.
Ölkələrimiz arasında ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji sahəsində də geniş perspektivlər var. Bu baxımdan, 2022-ci il dekabrın 17-də Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında «yaşıl enerji»nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» imzalanması mühüm əhəmiyyət daşıyır. Təbii ki, əməkdaşlıq təkcə enerji ilə bitmir. Macarıstan şirkətləri Azərbaycan bazarında digər sahələrdə də aktiv fəaliyyətə başlayıblar. Azərbaycan və Macarıstanın enerji əməkdaşlığı həm region, həm də Avropa üçün yeni meydan açır. Bu tərəfdaşlıq göstərir ki, qarşılıqlı etimada əsaslanan münasibətlər yalnız iqtisadi dividendlər deyil, həm də siyasi yaxınlaşma yaradır.
Elçin Zaman, «İki sahil»