2023-cü ilin 19-20 sentyabr tarixləriı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara yazıldı. Həmin gün ölkəmizin Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni silahlı dəstələrinin təxribatlarına son qoymaq üçün Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat təkcə hərbi uğur deyildi – bu, Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və Prezident İlham Əliyevin dəmir qətiyyətini bütün dünyaya nümayiş etdirən möhtəşəm qələbə idi.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Üçtərəfli Bəyanatın imzalanmasından sonra üç il ərzində Azərbaycan sülh və sabitlik naminə hər şeyi etdi: “Biz dəfələrlə xəbərdarlıq etdik, səbrlə gözlədik, humanist çağırışlar etdik. Amma cavabında yeni silahlanma, təxribatlar, oyuncaq “parlament”lər və “prezident”lər gördük. Ermənilərin separatçılıq iddiaları, müstəqillik şüarları, yeni minaların basdırılması, dinc sakinlərə və hərbçilərimizə qarşı törədilən terror aktları artıq dözülməz həddə çatmışdı. Azərbaycan bu vəziyyətdə susa bilməzdi. Əməliyyatın gedişi bir daha göstərdi ki, Azərbaycan Ordusu regionun ən güclü və ən peşəkar ordusudur. Ağır relyef, illərlə möhkəmləndirilmiş istehkamlar, düşmənin texniki üstünlük iddiaları – bunların heç biri hərbçilərimizin iradəsini qıra bilmədi. Onlar qısa müddətdə yüzlərlə hərbi texnikanı sıradan çıxardılar, geniş əraziləri tam nəzarətə götürdülər. Bu, sadəcə hərbi bacarıq deyildi – bu, Vətən sevgisinin, dövlətə sədaqətin və torpağa bağlılığın təntənəsi idi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, biz mülki əhaliyə toxunmuruq: “Əksinə, erməni sakinlər SMS-lərlə, vərəqələrlə xəbərdar edildi, humanitar dəstək göstərildi, tibbi yardım təşkil olundu. Bu, dövlətimizin böyüklüyü, xalqımızın humanizmi idi. Biz müharibə yox, ədalət istəyirdik. Biz intiqam yox, sülh istəyirdik. Və bu əməliyyat da məhz ədaləti bərpa etdi. Sentyabrın 20-də erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Silahlarını təhvil verdilər, qanunsuz birləşmələr buraxıldı. Cəmi bir həftə sonra isə qondarma rejimin rəhbəri Samvel Şahramanyan öz imzası ilə bu xunta rejiminin ləğvini elan etməyə məcbur oldu. Beləliklə, Azərbaycan torpaqlarında illərlə davam edən separatçılıq rəsmi olaraq tarixə gömüldü”.
Fatma Yıldırım qeyd edib ki, bu gün üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər doğma şəhərlərimizdə əzəmətlə dalğalanır. Bu bayraq təkcə torpaqlarımızın azadlığını deyil, həm də dövlətimizin suverenliyini, xalqımızın yenilməzliyini təcəssüm etdirir. Bizim üçün 19-20 sentyabr əməliyyatı sadəcə hərbi qələbə deyil. Bu, həm də milli birliyimizin, dövlətimizin gücünün, Prezidentimizin qətiyyətli siyasətinin göstəricisidir. Azərbaycan xalqı bir daha dünyaya nümayiş etdirdi ki, bu torpaqlarda yalnız və yalnız Azərbaycan dövləti hökm sürəcək, bu torpaqlar üzərində yalnız üçrəngli bayrağımız dalğalanacaq. Tarix yazıldı. Və bu tarixi yazan qəhrəman əsgərlərimizə, dövlətimizin sarsılmaz iradəsinə borcluyuq.
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»