AZ

Abidələr dahisi özü də abidələşəcək

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”

Prezident İlham Əliyev sentyabrın 18-də görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb. Orta əsrlər Azərbaycan memarlıq tarixində xüsusi mövqeyi olan qüdrətli sənətkarın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində onun adına abidə inşa ediləcək.

UNESCO-nun Baş konfransının 2023-cü il 7–22 noyabr tarixlərində keçirilən 42-ci sessiyasında Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024–2025-ci illər ərzində beynəlxalq miqyasda qeyd olunacaq yubileylər siyahısına salınıb.

Əcəmi Əbubəkr oğlu Naxçıvani orta əsr Azərbaycan memarlığının ən güclü istiqamətlərindən biri sayılan Naxçıvan memarlıq məktəbinin parlaq nümayəndələrindəndir. Təəssüf ki, dövrümüzə qədər gəlib çatan yazılı mənbələrdə onun həyatı haqqında geniş məlumat yoxdur. Memarın şəxsiyyətinə dair bilgiləri əsasən yaratdığı möhtəşəm abidələr və onların üzərindəki kitabələrdən öyrənirik.

XI–XII əsrlər Azərbaycan mədəniyyətinin çiçəklənmə dövrü hesab olunur. Qüdrətli Atabəylər dövlətinin təşəkkülü sənətkarlığın, ticarətin, elmin, ədəbiyyatın sürətli inkişafına səbəb olmuşdu. Həmin dövrdə tikililərin memarlıq-estetik görünüşünə xüsusi əhəmiyyət verilirdi.

Əcəmi Naxçıvani Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda fəaliyyət göstərmişdir. Şəmsəddin Eldəniz paytaxtının gözəlliyinə və abadlığına xüsusi diqqət yetirdiyindən şəhərdə möhtəşəm binalar inşa olunurdu. Əcəminin memarlıq əsərləri də qədim Naxçıvanın mərkəzi hissələrinə xüsusi yaraşıq qatır, şəhərin görkəmini daha da əzəmətli edirdi. Onun memarlıq irsinin ən parlaq nümunələri sırasında Yusif ibn Küseyir türbəsi (1162), Möminə xatun türbəsi, Cümə məscidi və Qoşa minarə xüsusi yer tutur. Möminə xatun türbəsinin tikintisi 1186-cı ildə tamamlanmış və bu möhtəşəm abidə günümüzə qədər gəlib çatmışdır. Hazırda onun qorunub qalmış hissəsi 26 metr hündürlüyündədir. Türbənin ucalığı qüdrət və gücün rəmzi kimi qəbul olunur. Abidə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissə sərdabədən təşkil olunmuşdur, öz quruluşu ilə bənzərsizdir.

Əcəmi Naxçıvaninin yaratdığı bir sıra abidələrin – Yusif ibn Kuseyr türbəsi, Möminə xatun türbəsi və qoşa minarəli baştağın üzərindəki kitabələr XIX əsrin ortalarından etibarən tədqiq olunmağa başlanmışdır. Həmin araşdırmalar nəticəsində bu abidələrin təyinatı, sifarişçiləri, inşa tarixi və memarın kimliyi barədə mühüm elmi faktlar üzə çıxarılmışdır. Məhz həmin kitabələr vasitəsilə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adı geniş elmi ictimaiyyətə məlum olmuşdur.

XIX əsrə qədər Naxçıvan şəhərində bir sıra memarlıq nümunələrinin qalıqları qorunub saxlanılmışdı. Onların arasında Atabəylər memarlıq kompleksinin tərkibinə daxil olan Qoşa minarəli baştağ və Cümə məscidi də xüsusi yer tutur, Əcəminin zəngin yaradıcılıq irsinin nümunələri kimi qiymətləndirilir. XII əsrdə Naxçıvanda formalaşdırılmış Atabəylər memarlıq kompleksinə Eldənizlər sarayı (Dar ül-Mülk), Xanəgah və digər inzibati - mülki binalar da daxil idi. Bu tikililərin də Əcəmi Naxçıvani tərəfindən inşa edildiyi məlumdur. Alimlər arasında 1979-cu ildə Ordubad rayonunun Orta əsr Xaraba Gilan yaşayış yerində təsadüfən aşkarlanan türbənin də memar Əcəminin əsəri ola biləcəyi və onun XII əsrin 80-ci illərində tikildiyi barədə ehtimallar irəli sürülmüşdür.

Əcəminin tikdiyi Cümə məscidi haqqında fransız səyyahlar Tavernye və Delafruanın qeydlərində şəkillər yer almışdır. XIX əsrin ortalarında V.Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı: "Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir”.

Əcəmi Əbubəkr oğlu Naxçıvani yaratdığı Yusif ibn Küseyir türbəsində imzası olaraq “Bənna Əcəmi Əbubəkr oğlu Nəşəvinin əməlidir”, Möminə xatun türbəsində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır. Kitabələrin verdiyi məlumata görə, memar ilk yaradıcılıq nümunəsi olan Yusif ibn Küseyir türbəsində “Nəşəvi” nisbəsi ilə tanınmışdır ki, bu da onun doğulduğu və ya yaşadığı məkanı göstərən addır.

Əcəmi Naxçıvaninin vəfatından sonrakı mərhələlərdə onun yaradıcılıq irsi və memarlıq məktəbi regionun geniş coğrafi məkanına dərin təsir göstərmişdir. Nəticədə XII–XIV əsrlər ərzində Azərbaycan və ətraf ərazilərdə möhtəşəm memarlıq nümunələri inşa edilmişdir. Naxçıvan memarlıq məktəbinin estetik və texniki prinsiplərinin davamlılığı həmin dövrdə meydana gəlmişdir. Bu ənənənin izləri Naxçıvan bölgəsində günümüzədək qorunub saxlanılmış Gülüstan türbəsində (XII–XIII əsrlər), Qarabağlar memarlıq kompleksində (XII–XIV əsrlər), həmçinin Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən inşa olunmuş Bərdə türbəsində (1322-ci il) özünü göstərir. Bununla yanaşı, Cənubi Azərbaycanın Marağa şəhərindəki Göy günbəz (1196-cı il), Səlmas türbəsi (XIV əsr) və digər memarlıq nümunələri də Əcəmi yaradıcılığının təsir dairəsini nümayiş etdirən faktlar sırasında mühüm yer tutur.

Türk alimləri də bir çox əsərlərində qeyd edirlər ki, türk Memar Sinanın İstanbulda inşa etdiyi Xosrov paşa türbəsi də Memar Əcəmi yaradıcılığından bəhrələnir, “burada Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir”.

Ləman TƏHMƏZXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr