Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad etməyi öz öhdəsinə götürməli oldu. Amma Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan qarşısında öz üzərinə götürdüyü öhdəlik yalnız bundan ibarət deyildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli olduğu öhdəliklərdən biri də keçmiş Dağlıq Qarabağ ərazisində qalmış erməni hərbi qüvvələrinin tərksilah və ləğv edilməsi idi. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmədi. Nəticədə Rusiyanın müvəqqəti sülhyaratma kontingentinin dayandığı ərazilərdə erməni hərbi qüvvələrinin silahsızlaşdırılması və bundan sonra da Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycanın daxili həyatına inteqrasiya edilməsi aparılmadı. Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları da onları itirilmiş olan ərazilərin geriqaytarılması üçün Azərbaycana qarşı təxribatçı əməllərə təhrik etməyə başladılar. Ermənistanın hərbi-siyasi rəhbərliyi, bu rəhbərlik tərəfindən Qarabağda yaradılmış xunta rejimi üçtərəfli Bəyanatın imzalanmasından sonra yuxudan və xülyalardan ayılmadılar. Onlar bir tərəfdən, Qarabağın dağlıq hissəsində mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərə silah-sursat daşıyırdılar. Ermənistanın hərbi-siyasi dairələri reallıq hissini o dərəcədə itirmişdilər ki, hətta Azərbaycan rəhbərliyinin ciddi etiraz səslərini də qulaq ardına vururdular.
Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının (tədbirinin) keçirilməsi qaçılmaz zərurət oldu. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı. Bu əməliyyat həm də göstərdi ki, Azərbaycanın dövlət quruculuğu və milli təhlükəsizlik strategiyası beynəlxalq hüququn əsas prinsipləri – suverenlik və ərazi bütövlüyü üzərində möhkəm dayanır.
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açdı. Cəmi 24 saatdan az müddətdə Qarabağda separatizm birdəfəlik aradan qaldırıldı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Əldə olunan Zəfər yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, xalqın birliyinin və beynəlxalq hüquqa əsaslanan mövqenin nəticəsi oldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bir daha sübut etdi ki, müstəqilliyini, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa qadir qüdrətli bir ölkədir. Bu əməliyyatın nəticələri yalnız bugünkü reallıqları müəyyən etmir, həm də gələcək üçün dayanıqlı sülh, sabitlik və inkişaf imkanlarını təmin edir. Azərbaycanın üçrəngli bayrağının Qarabağın bütün şəhərlərində ucaldılması isə xalqımızın əsrlər boyu həsrətini çəkdiyi milli birliyin və dövlətçilik arzularının gerçəkləşməsi deməkdir.
Dövlətimizin başçısı 2023-cü ilin 15 oktyabrında Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən bunun tarixi gün olduğunu vurğulamışdı.Cənab prezident çıxışında qeyd etmişdi ki “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Beləliklə, artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə şanlı Azərbaycan Bayrağı dalğalanır. Böyük qürurla həmin şəhərlərin işğaldan azad olunma günlərini qeyd edirik. Nəticədə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi Qarabağımızın əzəli və möhtəşəm şəhərləri işğaldan azad edildi. Bunun üzərindən çox qısa müddət keçməsinə baxmayaraq, həmin ərazilərdə intensiv şəkildə bərpa-quruculuq-bərpa işləri aparılır. Adıçəkilən şəhərlərin yenidən bərpa edilməsi ilə Qarabağ təkcə Azərbaycanın deyil, hətta bütün dünyanın ən cəlbedici məkanlarından birinə çevrilir.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri