AZ

Şəhid mayor Vüqar Heydərovun anım mərasimi keçildi

Bu gün Xırdalan şəhərində, "Kristal Abşeron 1" ərazisində Vətən müharibəsinin iştirakçısı, kəşfiyyatçı mayor Vüqar Heydərovun anım mərasimi keçirilib, ehsan süfrəsi açılıb.

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları zamanı şəhid olan zabiti, mayor Vüqar Heydərov xalqımızın qəhrəman oğludur.

Vüqar Heydərov 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində anadan olub. 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2005-ci ildə hərbi liseyi bitirib və həmin ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olunub. 2009-cu ildə ali hərbi məktəbi bitirdikdən sonra 1 il təlim-tədris mərkəzində hərbi xidmət keçib. 2010-cu il iyulun 22-dən şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit olaraq çalışıb.

Bu gün şəhidimizin Yüsif və Mehdi adlı iki oğlu bizlərə əmanətdir. Şəhidin hər iki yadigarı atalarına layiq olmağa çalışdıqlarını, onun adını daim uca tutacaqlarını qururla deyirlər. 

Şəhidimizin xanımı Ülkər Heydərova qeyd edir ki, Vüqarın şəhadətindən yaxınları ilə yanaşı, əsgərləri və döyüş yoldaşları da çox təsirləniblər: "Əsgərlərinə böyük qardaş, silahdaşlarına dost-sirdaş idi. Tək bizim yox, ətrafında olan hər kəsin, xidmət etdiyi hərbi hissədə hərbi qulluqçuların, Vətənin keşiyini çəkən əsgər və zabitlərin də qayğısına qalır, onlardan diqqətini əskik etmirdi. Ona görə də Vüqarın yoxluğu hər kəs üçün həqiqətən də böyük və əvəzolunmaz itkidir...”.

Məlumat üçün bildirək ki, şəhidin atası ziyalıdır. O, Lənkəran Dövlət Universitetinin Xarici dillər və tərcümə kafedrasının baş müəllimi Rəfael müəllimin övladıdır. Ailədə Vətəni sevərək böyüyüb. 

Qeyd edək ki, mərasimin keçirildiyi "Spar" marketin sahibi Beyrək Vəliyev hər il şəhidimizin anım günü keçirməklə yanaşı mütəmadi olaraq ərazidə yaşayan şəhid və qazi ailələrinə yardım edir.

Seçilən
13
1
hit.az

2Mənbələr