AZ

“Teatrımızın binasının olmaması çoxuşaqlı ailənin kirayə qalması kimidir, öz evində deyilsən...”- ÖZƏL

“Hazırda ən böyük problemimiz teatrımızın binasızlığıdır. Öz binamız olsa istədiyimiz, arzuladığımız tamaşaları hazırlamağa çətinlik çəkməzdik. Binasızlığın çətinliyi çoxuşaqlı ailənin kirayə qalması kimidir. Öz evində deyilsən, rahat olmursan. Hazırda teatrımız Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına mədəniyyət evində məskunlaşıb. Hələ üstəlik yolun uzaqlığı gün ərzində işə getmək üçün ən azı 2 saatımızı alır. Bir də tamaşa hazırlayanda bilirsən ki, öz teatrında oynayırsan, hər şey ona uyğun qurulur. Bizdə tamaşaların çoxu stasionar olmadığı üçün məcbur az və daşınması mümkün olan dekorlardan istifadə edib qurulur. Öz binamız olsa, istədiyimiz kimi dekorlar, işıq effektləri olsa daha yaxşı keyfiyyətli tamaşalar ərsəyə gələr və tamaşa daha baxımlı olar”
 
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının aktyoru Rauf Hüseynov deyib. O daha sonra əlavə edib:
 
“Teatr sahəsinə 2003-cü ildə qədəm qoymuşam. Əvvəllər Bakı Uşaq Teatrının daxilində studiya var idi, mən ora gəlmişdim. 2005-ci ildə teatrda səhnə maşinistliyindən başlayaraq işıqçı, səs rejissoru və sonra da aktyor kimi vəzifələrdə çalışmışam. 2005-ci ildən Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Teatrla paralel işlər görsəm də, yenə də teatr mənim üçün əsas iş yerim olub. Bu günki gündə aktyorun əlavə işi olmasa mümkün deyil ki, nəyisə çatdırsın. Aldığın maaş da yalnız kreditə gedir. Mən seriallarda çəkilməsəm də film və reklamlarda rol alanda teatrdan mənə şərait yaradılır. Əlavə iş olaraq televiziyada və studiyada dublyaj rejissoru, səs rejissoru kimi çalışıram. Əlbəttə ki, əsas iş yerim teatrdır. Çalışıram ki, heç bir məşqdən, tamaşadan geri qalmayım. İşçi öncə özü planını, iş qrafikini düzgün uyğunlaşdırmalıdır ki, çalışdığı iş yerində problem yaranmasın” deyə aktyor bildirib.
 
Rauf Hüseynov obrazlarından da danışıb və bildirib ki, hazırda teatrda üç tamaşanın məşq prosesi gedir:
 
“Mən öncə bilməliyəm ki, uşaq teatrında çalışıram və uşaqlara xidmət edirəm. Uşaq teatrında oynanılan obrazların 80 faizi uşaq tamaşalarıdır. Amma böyüklər üçün də tamaşalarımız var. Hələ ki, arzuolunan tamaşada elə obraz görməmişəm. Hazırda teatrda 3 tamaşanın hazırlıqları başlayıb. Tamaşaların ikisi böyüklər, biri isə uşaqlar üçündür. Böyük tamaşaçılar üçün tamaşa yazıçı Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsəridir. Tamaşanın rejissoru Ağalar İdrisoğludur. Mən də bu tamaşada rol almışam. Aygün Həsənoğlunun iki əsəri tamaşaya qoyulur. Biri böyüklər üçündür, digəri isə uşaqlar üçün. “Qara sandıq” tamaşasını teatrımızın direktoru, əməkdar artist İntiqam Soltan hazırlayır. Uşaqlar üçün olan “Gözlə məni, məktəb” tamaşasını isə Mehman Piriyevlə mən hazırlayıram. 3-cü uşaq tamaşamızdır ki, rejissor kimi Mehman Piriyevlə birgə çalışırıq. Bundan əvvəl Mehman Piriyevlə “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Sehrli gün” tamaşalarını hazırlamışıq. Bu tamaşaların hər birində həm də aktyor kimi rol almışam” deyə sənətçi bildirib.
 
Seçilən
14
1
moderator.az

2Mənbələr