AZ

Şanxay Teatr İnstitutunun doktoranturasına ilk dəfə robot qəbul olunub

“Xueba 01” adlı humanoid robot ənənəvi Çin operasını öyrənəcək...

Humanoid robot Xueba 01 (“Süeba”, yəni “Əlaçı 01”) Şanxay Teatr İnstitutunun (ŞTİ) doktoranturasına qəbul olunan ilk robot olub.

Poliqon xəbər verir ki, bu barədə Çin XİN agentliyi “Sinxua” məlumat yayıb. Robot dörd il ərzində səhnə sənətləri fakültəsində “Rəqəmsal təqdimatların dizaynı” ixtisası üzrə təhsil alacaq. Tədris proqramına əsas hərəkətlər, məşq kompleksləri və ənənəvi Çin operalarının ifa texnikası daxildir.

Xueba 01 ŞTİ ilə Şanxay Politexnik Universitetinin (ŞPU) birgə layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi multimodal qarşılıqlı təsir, bədii ifadə və kognitiv inkişaf sahələrində eksperimental tədris metodlarının tətbiqidir. 1,75 metr boyunda və 32 kiloqram çəkidə olan robot mavi qısaqollu köynəklə təqdim olunub.

Layihə rəhbərlərindən Li Tszindu açıqlamasında bildirib ki, robot “yüksək texnologiyalı yüngül biomimetik vətər quruluşuna” sahibdir və 100-dən çox müxtəlif insan mimikasını göstərə bilir. Onun həmçinin boyunu və zahiri görkəmini dəyişmək, auditoriyanın reaksiyasına uyğun olaraq çıxışını real vaxt rejimində adaptasiya etmək və demək olar ki, “məhdudiyyətsiz üslub çeşidi” təklif etmək imkanı var.

Hazırda Xueba 01 Henan, Şanxay və Pekin operalarından parçaları ifa edə bilir. Lakin Li Tszindunun sözlərinə görə, robotun hərəkətləri hələ kifayət qədər axıcı və estetik baxımdan cəlbedici deyil: “Biz onu peşəkar ifaçılardan öyrənməyə alışdırmalıyıq”.

Qeyd edək ki, avqustun əvvəlində South China Morning Post nəşri Xueba 01-in ilk dəfə magistraturaya qəbul olunduğunu yazmışdı. İndi isə robot daha yüksək mərhələyə – doktorantura təhsilinə qədəm qoyub.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr