AZ

İranın yeni nüvə planları: Yaxşın Şərqdə yeni qarşıdurma ocaqları yarana bilər

İranda Natanz mərkəzindən daha üstün nüvə obyektləri tikiləcək və bu istiqamətdə əsas güvən məhz İran alimləri və mütəxəssislərinədir.

Bakıvaxtı.az xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın bununla bağlı son açıqlaması ölkənin nüvə proqramı ilə bağlı yeni müzakirələrə yol açıb. Xarici hücum təhlükələrinin mövcudluğuna baxmayaraq, Tehranın bu cür strateji layihələri davam etdirməsi regionda yeni geosiyasi suallar doğurur. Qərbin sanksiyaları, İsrail və ABŞ-nin mümkün hərbi təzyiqləri fonunda İranın bu addımı yalnız texnoloji inkişafla bağlı deyil, həm də siyasi iradənin nümayişi kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, İranın yeni nüvə obyektinin Natanzdan üstünlüyü əsasən texniki və təhlükəsizlik baxımından izah oluna bilər. Onun sözlərinə görə, Natanz uzun illər Qərbin diqqət mərkəzində olub və dəfələrlə kiberhücumlara, hətta partlayışlara məruz qalıb. Yeni obyektin həm yeraltı infrastrukturunun daha güclü, həm də hava hücumlarına qarşı davamlı olması ehtimal edilir:

“Bundan əlavə, burada daha müasir avadanlıqlar və texnologiyaların tətbiqi planlaşdırılır ki, bu da məhsuldarlığı artıracaq. Bütün bunlar göstərir ki, İran yeni obyekt vasitəsilə həm elmi potensialını genişləndirmək, həm də təhlükəsizlik zəifliklərini aradan qaldırmaq istəyir”.

Müsahibimiz hesab edir ki, İran üçün nüvə proqramı sadəcə enerji və ya hərbi imkanlarla bağlı deyil, həm də siyasi müstəqilliyin göstəricisidir. Politoloqa görə,  xarici təzyiqlər nə qədər artsa, Tehran bu proqramı bir o qədər milli qürur və suverenliyin simvoluna çevirir. Dediyinə görə, hücum təhlükəsinə baxmayaraq proqramın genişləndirilməsi həm də Qərbə qarşı mesaj xarakteri daşıyır: İran geri çəkilməyəcək. Bundan əlavə, ölkə rəhbərliyi nüvə texnologiyasını gələcək iqtisadi inkişaf üçün vacib hesab edir. Ona görə də bütün risklərə rəğmən bu sahədə işlər davam etdirilir.

“Belə bir obyektin inşası regionda güc balansını daha da gərginləşdirəcək” deyən Z.Qarayeva bildirib ki, İsrail və ABŞ bu prosesə açıq şəkildə qarşı çıxır və onu təhlükə hesab edirlər. Nəticədə, Yaxın Şərqdə yeni qarşıdurma ocaqları yarana bilər.

Həmsöhbətimizə görə, digər tərəfdən, İranın bu addımı bəzi ölkələr üçün nüvə texnologiyasına marağı artıracaq və yarışa təkan verəcək. Ümumilikdə isə yeni obyekt regionda həm siyasi, həm də hərbi dinamikanı dəyişdirə biləcək bir faktor kimi görünür.

Züriyə Qarayeva: Təzyiqlər nə qədər artsa, Tehran bu proqramı bir o qədər milli qürur və suverenliyin simvoluna çevirir

“İranın alimləri və mütəxəssislərinin “ən böyük sərvət” kimi təqdim olunması nə mesaj verir” sualını cavablandıran politoloq qeyd edib ki, prezident Pezeşkianın bu fikri iki mühüm məqamı önə çıxarır:

“Birincisi, İran rəhbərliyi texnologiyanın yalnız binalardan və avadanlıqlardan ibarət olmadığını, əsas gücün insan kapitalı olduğunu vurğulayır.

İkincisi, bu mesaj həm də xaricə yönəlib: obyektlər dağıdılsa belə, onların yerinə yenisini qura biləcək insan potensialı mövcuddur”.

Züriyə Qarayeva qeyd edib ki, bu yanaşma İranın uzunmüddətli strategiyasını göstərir - yəni əsas güvən mütəxəssislərin davamlı fəaliyyətinədir:

“Beləliklə, Tehran beynəlxalq ictimaiyyətə bildirir ki, onun elmi kadrları olduğu müddətcə nüvə proqramı heç vaxt dayanmayacaq”.

Zülfü Məmmədov

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr