AZ

"Kopenhagen"lə oyunda da etimadı doğruldacağıq" - Toral Bayramov

style='margin-bottom:10px;'>

“Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Araz-Naxçıvan” üzərində böyük hesablı qələbə qazanacağınızı gözləyirdiniz?

- Deməzdim. Bizi ağır oyun gözlədiyini bilirdik. Demək olar ki, çempionatın liderinə qarşı oynayırdıq. “Araz-Naxçıvan” döyüşkən komandadır. Buna görə də qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq.

- Rəqibin 27-ci dəqiqədə azlıqda qalmasını matçın qırılma nöqtəsi saymaq olar?

- Oyun zamanı bu cür məqamları meydanda hiss etmirik. Baş məşqçi nə tapşırıq verirsə, biz sadəcə onu yerinə yetirməyə çalışırıq.

- Karyeranızda ilk dəfə het-trik etdiniz. Təəssüratlarınız necədir?

- Qeyd etdiyiniz kimi, karyeramda ilk het-trikdir. Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Çox şadam. Bu, futbolçunun karyerasında unuda bilməyəcəyi anlardan biridir. Bunu davam etdirə bilərəm.

- Deyəsən, topu da evə aparırsınız...

- Bəli, üzərində komanda yoldaşlarımın imzası var.

- “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın imzası yoxdur?

- Xeyr, yoxdur (gülür).

- “Benfika” üzərində qələbədən sonra özünüzü necə hiss edirsiniz? Demək olar ki, bütün Avropa sizdən danışır.

- Əlbəttə, elədir. Çempionlar Liqasında, səfərdə “Benfika” kimi komandaya qalib gəlmək çox xoşdur. Kollektivdə əhval-ruhiyyə əladır. Çalışacağıq bunu qoruyub saxlayaq.

- Artıq azarkeşlər “Kopenhagen”lə görüşdə də “Qarabağ”dan qələbə gözləyirlər. Bu məqam üzərinizdə basqı yaratmayacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Düzdür, hələ “Kopanhagen”lə oyuna hələ vaxt var. Daha əvvəl çempionatda “Qəbələ” ilə qarşılaşacağıq. Bilirik ki, azarekeşlərin gözləntiləri böyükdür. Ümid edirəm ki, onların etimadını doğruldacağıq.

Seçilən
10
2
teleqraf.com

3Mənbələr