AZ

O, Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı? Nəriman Nərimanovun ev muzeyindən reportaj

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kulis.az Məcid Rəşadətoğlunun görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq Nəriman Nərimanovun ev muzeyindən reportajını təqdime dir.

Paytaxın mərkəzində ucalan bu binanın ikinci mərtəbəsindəki ev muzeyini ziyarət etmək, bir mənzildə yaşayan həqiqətləri elə tarixin işığında yazıya köçürmək çoxdankı arzum idi. Bu arzunun nə vaxt qəlbimə yerləşdiyini dəqiq deyə bilmirəm. Yəqin ki, “Bahadır və Sona”nı, yaxud “Nadir şah”ı oxuduğum dövrlərdən özüm də fərqində olmadan belə bir niyyətə düşmüşəm.

Mətbuatda bu mənzilin sahibi haqqında yazılan müxtəlif məzmunlu məqalələri, araşdırmaları oxuduqca da ürəyimdəki bu arzu daha da şiddətlənib, özünə əməlli-başlı yer edib. Bəlkə də ömrü paytaxda keçənlərə bu düşüncələr yaddır. Ya da onlara bu hisslər çox adi və bəsit gəlir.

Çox güman ki, yazının ilk abzasını oxuyub məni səmimiyyətsizlikdə ittiham edənlər də az olmayacaq. Ancaq oxucumu inandırıram ki, Vətənin mərkəzindən çox-çox uzaqda, quru yolunun olmadığı və illərdir blokada şəraitində yaşayan bölgədə doğulmaq, burda böyümək və təhsil almaq fərqli taleylər yükləyir həyatlara.

Və belə bir şəraitdə Vətənin bir ucundan – Naxçıvandan paytaxt Bakıya gəlmək, bu səs-küylü şəhərdə ruhuna oxşayan yerlər tapıb buraları ziyarət etmək, vaxtını səmərəli keçirməyə çalışmaq, bu qədim şəhəri qarış-qarış gəzmək və gəzə-gəzə öyrənmək, hər şeydən əvvəl, həyata keçən ən şiddətli arzu, hasil olan ən səmimi niyyətdir. Xatırlayıram ki, orta məktəbdə oxuyanda tarix müəllimimiz Milli Tarix Muzeyi barədə təəssüratlarını bizimlə bölüşəndə necə də sevinmişdik, nə zamansa ora gedəcəyimizi düşünüb həvəslənmişdik...

İstiqlaliyyət küçəsi 55-də yerləşən və yaşı əsri ötmüş bu inanın ikinci mərtəbəsində görkəmli dövlət xadimi, yazıçı, dramaturq, həkim, müəllim Nəriman Nərimanovun xatirə muzeyi yerləşir. Kimdə necədir bilmirəm, ancaq mən bu mənzilə daxil olarkən qeyri-adi, izah edilməsi bir qədər çətin hisslər yaşadım. Bu hisslər mənə yad deyil. Nə zaman Nəriman Nərimanovun həyatından, ömür yolundan bəhs edən bir yazı oxusam, onun haqqında qələmə alınmış acılı-şirinli xatirələri mütaliə etsəm, qeyri-ixtiyari bu hissə qapılıram.

Mənə elə gəlir ki, daxili ovqatımla həmahəng olan bu hisslər Nəriman Nərimanovun 55 illik ömür yolunun həsrətli, ümidli, əzablı dayanacaqlarını özündə əks etdirir.

...Bizi xatirə muzeyinin böyük elmi işçisi İradə Əliyeva qarşılayır.

Məlumat verir ki, görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanov 1913-1918-ci illərdə bu binada yaşamışdır. Evin xatirə muzeyi kimi fəaliyyət göstərməsi isə ötən əsrin 70-ci illərinə, daha dəqiq desək, 1977-ci ilə təsadüf edir. Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatların hər biri Nəriman Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi çoxşaxəli fəaliyyətindən bəhs edir.

Ekskursiyamıza birinci otaqdan – Nərimanovlar ailəsinin yemək otağından başlayırıq. Muzeyin bu hissəsində Nərimanovun uşaqlıq və gənclik illərinin, eləcə də ailə üzvlərinin fotoları, doğum və təhsil şəhadətnamələri, müəllimliyini və ictimai fəaliyyətinin ilk dövrünü əks etdirən sənəd və fotolar, tərtib etdiyi dərsliklər, yaratdığı bədii əsərlərin ilk nəşrləri, Tbilisidəki ata-baba mülkünün maketi və digər eksponatlar nümayiş etdirilir.

İşıqlı lövhələrlə əhatələnmiş otağın mərkəzində sadə yemək masası yerləşir. Otağın baş tərəfində qədim servant, əhatəsinə isə bu ailəyə məxsus olan məişət əşyaları: sini, güldan, samovar və digər mətbəx əşyaları qoyulub.

Muzeyin əməkdaşı, müsahibimiz İradə xanım otağın giriş hissəsində divara asılmış lövhənin qarşısında dayanıb bizə Nəriman Nərimanovun uşaqlıq və gənclik illəri barədə ətraflı məlumat verir. Öyrənirik ki, Nəriman Nərimanovun böyük qardaşı Salman Nərimanov dövrünün tanınmış ziyalılarından biri olub. O, Qafqazda ilk mürəttib, poliqrafiya sənətini inkişaf etdirən mütəxəssislərdən biri kimi tanınıb. Salman Nərimanov “Səyyarə”, “Qoca Salman” təxəllüsləri ilə mütəmadi olaraq “Həyat”, “Kaspi” qəzetlərində felyeton, qəzəl, mənzum hekayələrlə çıxış edib. O, 1907-ci ildə Bakıda dünyasını dəyişib. Ondan bir il sonra isə həyat yoldaşı rəhmətə gedib.

Bundan sonra onların başsız qalan dörd övladı Nəriman Nərimanovun himayəsində yaşayıb, tərbiyə olunub, təhsil alıblar. İradə xanım onu da qeyd edir ki, hazırda ev muzeyinin direktoru kimi məsuliyyətli vəzifəni icra edən Kamilə Hüseynova da Salman Nərimanovun nəticəsidir.

Dövrünün bir çox ziyalıları kimi, Nəriman Nərimanovun da uşaqlıq və gənclik illəri çətinliklərlə keçmişdi. Maarif və mədəniyyətə qiymət verən bir ailədə doğulması, qardaşının qələm əhli, söz sərrafı olması onun taleyindəki nadir müsbət hadisələrdən idi. Çar rusiyasının devrilməsindən sonra Azərbaycanda yaranan siyasi reallıqlar onun gələcək həyatını tamam fərqli məcraya yönəltmişdi. Böyük ideyalarla, puç və əfsanə vədlərlə ölkəmizə ayaq basan bolşevik rusiyasının yalançı parıltısına qapılan və qısa zaman ərzində işğalçı rejmin həqiqi simasından xəbər tutan Nərimanovun 55 illik ömür yolunun qara ştirixləri də elə bu illərdən başlamışdı.

Lakin bu illüziya və aldanış uzun sürmədi. Nərimanov bolşeviklərin saxta ideyalarından, verdiyi vədlərə xilaf çıxmalarından, Azərbaycanı çapıb-talamaq niyyətlərindən hali oldu.

Əlindəki siyasi gücdən sitifadə edərək Qarabağın dağlıq hissəsinin, o cümlədən Naxçıvanın ermənilərə verilməsinin qarşısını aldı. 1921-ci il 4 iyul tarixində baş vermiş iclasda Kirov, Orconikidze və digərləri Qarabağı Azərbaycanın hüdudunda saxlamaq məsələsinin əleyhinə səs verdiyi halda, Nəriman Nərimanov və digər siyasi simalar bu qərarı qətiyyətlə rədd edərək qədim Azərbaycan torpağı olan Qarabağı Azərbaycanın hüdudunda saxlamağın lehinə səs verdilər. Bu addımla onlar Qarabağın işğalını nə az, nə çox, düz 70 il uzada bildilər.

Ortaya çıxan nəticədən belə aydın olur ki, Nəriman Nərimanovla mövcud siyasi rejmin qərarlarının toqquşması da elə bu məsələlərdə ortaya çıxdı...

Evin ikinci otağına daxil olan zaman geniş, işıqlı salon qarşılayır bizi. Otağa daxil olar-olmaz İradə xanım olduqca maraqlı bir faktı da bizimlə bölüşür:

“Nəriman Nərimanovun toy məclisinin keçirildiyi otaqdayıq”, - deyir. İkinci otaqda (qonaq otağı), daha dəqiqi, 1920-1925-ci illərdən bəhs edən bu bölmədə Nəriman Nərimanovun siyasi mübarizəsinin az öyrənilmiş tərəflərini və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini əks etdirən “məxfi” qrifli sənədlər, nadir fotolar, məktublar və şəxsi əşyalar təqdim edilir. Otağın divarlarında görkəmli dövlət xadiminin həyat yolunun müxtəlif mərhələlərinə işıq tutan bir-birindən maraqlı nümunələr – şəkillər, dövlət sənədləri və məktublar yer alıb.

Bu eksponatların hər biri Nəriman Nərimanovun zəngin dövlətçilik irsi ilə yanaşı, Azərbaycan xalqının əsrə yaxın keşməkeşli, mübarizələrlə dolu illərinə işıq tutur. Hər maddi-mədəniyyət nümunəsi sanki nəyisə danışır, nəyisə bölüşür, tarixin qaranlıq guşələrindən soraq verir. İş masası üzərində dayanan qələm, kağız, otağın bir tərəfində dayanan güzgü, divardan asılmış portret və daha nələr-nələr... Göz işlədikcə kinolenti kimi zehnimdə epizodlanan bu sirli, sehirli aləmdə bir foto diqqətimi daha çox çəkir. Bu, Nəriman Nərimanovun gənclik fotosudur. Çox güman ki, burada o, 25-30 yaşlarındadır.

Ömrünün ən xoş çağlarını, siyasətin burulğanlarından uzaq günlərini yaşayır; yazıçı kimi bir-birindən maraqlı əsərlər yazır, maraqlı və oxunaqlı hekayələri il Azərbaycan ədəbiyyatını zənginləşdirir.

Ümumiyyətlə, Nəriman Nərimanov şəxsiyyəti barədə danışanda kim nə düşünür, onun çoxşaxəli fəaliyyətinə necə qiymət verir, dəqiq deyə bilmərəm... Ancaq mənə görə Nəriman Nərimanov Azərbaycanın ən çətin, çalxantılı dövründə bir çox cəbhələrdə - təhsil, mədəniyyət, siyasət, ədəbiyyat və digər sahələrdə mübarizə aparmış, bu mübarizələrdə gücü çatdığı qədər xalqın milli mənafeyini müdafiə etmiş müqtədir şəxsiyyətlərdən biri, hətta mən deyərdim ki, birincisidir. Bununla yanaşı, Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”nın (1896-1898) müəllifidir. Bu roman nədən bəhs edir? Qısaca onu deyək ki, bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb. Ədəbiyyat da yazıçıdan bunu – saf eşqi, təmiz məhəbbəti, bəşəri dəyərləri bütün siyasi maraqlardan üstün tutmağı istəmirmi?

Nəriman Nərimanov – Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir. Bununla yanaşı o, ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin də ilk müəllifidir. Şərqdə ilk abidə də 1922-ci ildə Nəriman Nərimanovun göstərişi ilə görkəmli şair Mirzə Ələkbər Sabirin əziz xatirəsinə ucaldılıb. Həmçinin Nəriman Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsinə birbaşa nəzarət edib və bu istiqamətdə misilsiz xidmətlər göstərib...

Muzeyin üçüncü zalında – yataq otağında Nəriman Nərimanovun ailə üzvlərinə və özünə aid çoxsaylı sənədlər, xatirə əşyaları və digər maddi mədəniyyət nümunələri yer alıb. Görkəmli dövlət xadiminin ifa etdiyi tar, bir zamanlar ona yol yoldaşlığı edən əsa, geyimlərini asdığı şkaf və daha nələr-nələr bu otağın tarixə şahidlik edən sakinləridir...

Otaqda nümayiş olunan eksponatlar içərsində mənə ən çox təsir edən, hətta qəlbimi içdən-içə kövrəldib kədərləndirən onun fotosu oldu. Bu, Nəriman Nərimanovun gözünün ağı-qarası bircə balası olan Nəcəfin uşaqlıq fotosudur.

Nəcəf Nərimanov... Bu ad mənə çox şeylər deyir: atasızlıq, ayrılıq, həsrət, qürbət...

Nəriman Nərimanovun yeganə oğlu Nəcəf Nərimanov 1919-cu il dekabrın 2-də Moskvada dünyaya gəlib. O, istedadlı, bilikli və bacarıqlı, texniki sahəyə dərin maraq göstərən, böyük arzularla yaşayan qeyrətli bir gənc olub. İkinci Dünya müharibəsi illərində — 1941–1945-ci illərdə faşistlərə qarşı ölüm-dirim savaşında igidlik göstərib və cəmi 24 yaşında nakam şəkildə həyatdan köçüb.Nəriman Nərimanov ölümündən az əvvəl balaca Nəcəfə ünvanladığı, lakin tamamlayıb bitirə bilmədiyi məktubunda belə yazırdı: “Əziz oğlum Nəcəf! Əgər yaşasam, səni elə böyütməyə çalışacağam ki, bəşəriyyət üçün faydalı bir insan olasan. Əgər əcəl mənə aman verməsə, səndən xahiş edirəm, mənim insanlara göstərdiyim kiçik xidmət qədər sən də onlara xidmət göstər. Ümid edirəm ki, sən öz işlərinlə mənim əməllərimi daha da zənginləşdirəcəksən.”

Nəcəf Nərimanov ata vəsiyyətinə əməl etdi. O, dünyanın qan çanağına döndüyü, bəşəriyyətin uçuruma sürükləyəndiyi bir zamanda yüzlərlə, minlərlə vətən oğlu kimi silaha sarıldı. Atasının Kommunist partiyasının üzvü və SSRİ-nin ən nüfuzlu şəxsiyyətlərindən biri olmasına baxmayaraq, o, xalqa arxa çevirmədi. İrəli getdi, vətən üçün, mənsubu olduğu xalq üçün sonuna qədər

mübarizə apardı və qəhrəmancasına şəhadətə yüksəldi...

Nəcəf Nərimanov Böyük Vətən müharibəsində həlak olduqdan sonra tank korpusunun komandiri, general-leytenant K.Sviridovun anası Gülsüm xanıma bir məktub yazdı: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik — almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən- kəndə, şəhərdən-şəhərə qovduq...Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı... İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün öz həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”.

Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf cəbhədəki xidmətlərindən bəhs etmiş və anasına “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunması xəbərini vermişdi: “Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. “İgidliyə görə” medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin. Mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…”

Nəcəf Nərimanov 1943-cü ildə, 23 yaşında həlak oldu, atası kimi o da vətəndən uzaqda — Volnovaxada dəfn olundu .

Övladı ilə eyni taleyi bölüşən Gülsüm xanımın da həyatı Nərimanovun ölümündən sonra məşəqqətlərlə keçmişdi. Çox çətinliklər görmüşdü, Nəcəfi böyütmək üçün yorulmadan çalışmış, gecəsini gündüzünə qatmışdı...

Gülsüm xanım 1898-ci ildə Bakı şəhərində, əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olub. Ev şəraitində təhsil alıb, rus dilini mükəmməl öyrənib. 1915-ci ildə Nəriman Nərimanovla ailə həyatı qurub və bu nikah onun həyatında yeni bir dövrün başlanğıcı olub....

Gülsüm xanım 1941-ci ildən etibarən Sovet Qadınları Antifaşist Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Radio vasitəsilə ingilis qadınlarına müraciətində həyat yoldaşı haqqında belə deyib:

“...Mənim bəxtimə elə bir ömür yoldaşı düşüb ki, bütün həyatım boyu ona minnətdaram. Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas və qayğıkeş bir həyat yoldaşı, xalqın azadlığı uğrunda yorulmadan çalışan bir mübariz insan görmüşəm. Həyatımızın sonuna qədər o, mənim üçün ən əziz dost və müəllim olub.”

Nəriman Nərimanovun təsiri ilə Gülsüm xanım ictimai fəaliyyətə qoşulub. Tərcümeyi-halında yazıb ki, müsəlman qadınlar arasında siyasi iş aparıb, gizli ədəbiyyat yayaraq onları maarifə və yeniliyə səsləyib. Fəallığını artıraraq Bakıda əlillər evi, uşaq bağçaları və körpələr evlərinin yaradılması işində böyük rol oynayıb.

Təhsilini daim artırmağa çalışıb və 1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının məktəbəqədər tərbiyə şöbəsinin qadınlar üçün açdığı ilk kursu bitirib. 1925-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra oğlu Nəcəfin tərbiyəsi ilə yanaşı, Moskva Pokrovski məktəbinin fəhlə fakültəsində təhsil alıb.

Nərimanovun elmi, ədəbi və siyasi irsinin qorunması üçün onun arxivini səliqəyə salaraq Azərbaycan Dövlət Muzeyinə təqdim edib.

Bununla yanaşı, Gülsüm xanım 1931–1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında bağçılıq və meyvəçilik fakültəsində, daha sonra Qaragül qoyunçuluğu institutunda oxuyub. 1931-ci ildə institutun göndərişi ilə Qərbi Sibirin Barabin rayonundakı “Qoyunçuluq” sovxozuna ezam olunub. Orada əkin sahələrinin yanğından qorunması və silos xəndəklərinin

qazılmasında iştirak edib.

Sibirdəki təcrübəsinə əsaslanaraq “Çox mühüm yem bazası”, “Silos kampaniyasında kəskin dönüşə nail olmalı”, “Silos üçün qüllələr və xəndəklər uğrunda”, “Kollektivləşmə qadını azadlığa çıxarır” adlı kitabçalar yazıb. Eyni zamanda “Təsadüfi kampaniya” adlı məqalə, “Uşaqlar üçün nağıl və hekayələr”, “Bakinskiy raboçi” qəzetinə yazılar və “Mənim xatirələrim” adlı əsəri çap

etdirib.

1932-ci ildə bu dəfə Özbəkistanın “Mübarək” sovxozuna ezam olunub. Orada da ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olub, tədqiqat işləri aparıb. Gərgin əmək və yuxusuz gecələr nəticəsində səhhəti pozulub, kəskin nevroz diaqnozu ilə Moskvaya müalicəyə qayıdıb.

Böyük Vətən müharibəsi dövründə 5021 saylı hərbi xəstəxanada çalışıb, göstərdiyi xidmətlərə görə Moskva Hərbi Dairəsi tərəfindən təşəkkürnamə alıb. Yeganə oğlu Nəcəf Volnovaxa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olsa da, Gülsüm xanım xeyriyyəçilik işlərini davam etdirib. Moskva Qəyyumluq Şurasının sədri, bir neçə uşaq evinin qəyyumluq şurasının üzvü kimi yetim uşaqlara kömək edib. Bu fəaliyyətinə görə Moskva Hərbi Dairəsi, Moskva Səhiyyə Şöbəsi və Hərbi Xəstəxana tərəfindən dəfələrlə təltif olunub. “Almaniya üzərində qələbəyə görə” medalı və “SSRİ-nin sanitar mühafizəsi əlaçısı” döş

nişanı ilə mükafatlandırılıb.

Gülsüm Nərimanova 1953-cü ildə vəfat edib, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn olunub. İndi bu ailənin hər üç nümayəndəsinin son mənzilləri Vətəndən çox-çox uzaqdadır... Muzeyin sonuncu – dördüncü otağı Nəriman Nərimanovun həkim kabinetidir.

Xatırlayırsınızsa, yazının əvvəlində görkəmli dövlət xadiminin ixtisasca həkim olduğunu, uzun illər həkim-terapevt kimi insanları müalicə etdiyini söyləmişdik.

Bəli, Nəriman Nərimanov öz qələmi, ideyası, sözü ilə cəhaləti qamçılayan işıqlı şəxsiyyət olduğu kimi, şəfqətli əlləri ilə də insanlara ümid olan, neçə-neçə ümidsizlərə şəfa bəxş edən nümunəvi həkim idi. Müsahibimiz və bələdçimiz İradə xanımın sözlərinə görə, Nəriman Nərimanov təmənnasız şəkildə insanlara xidmət göstərən, xüsusən də kasıb təbəqənin qayğısına qalan, zəhməti və fədakarlığı ilə bir çoxlarına örnək olacaq həkim idi. Bir sözlə o, xalq həkimi idi...

Otağın mərkəzində bir masa dayanıb. Masa üzərindəki qələm, kağız, tibbə dair müxtəlif kitablar, Nərimanovun yazdığı qeydlər, kitab rəfinə düzülmüş müxtəlif kitablar bu işıqlı şəxsiyyətin gərgin fəaliyyətindən xəbər verir bizlərə. Otağın bir küncündə dayanmış güzgülü şkafa isə həkim Nərimanovun diaqnostika, müalicə və reabilitasiya məqsədilə istifadə etdiyi müxtəlif cihazlar, alətlər, materiallar və digər tibbi əşyalar düzülüb. Otağın qapısına kiçik bir lövhə də vurulub.

Lövhənin üzərində yazılıb: “Dr. Nərimanov”...

Əziz oxucularımız, görkəmli dövlət xadimi, yazıçı, həkim və ədib Nəriman Nərimanovun 1913-1918-ci illərdə yaşadığı, xatirələrlə dolu dörd otaqdan ibarət mənzil-muzeyindəki ekskursiyamız bununla başa çatır. Bu yazıda sizə Azərbaycanın tarixi taleyində əvəzsiz rolu olan, əsərləri və xidmətləri ilə xalqımızın yaddaşında silinməz iz qoymuş bu parlaq şəxsiyyət haqqında qısa məlumat verdik, həmçinin Nərimanovlar ailəsinin keşməkeşli və məşəqqətli ömür yoluna birlikdə nəzər saldıq.

Kim bilir, bəlkə də, zaman keçdikcə bu divarlar yeni nəslin addımlarını da eyni heyrətlə dinləyəcək, tariximizin sirlərini, xalqımızın milli şüurunda özünə yer etmiş maraqlı həqiqətləri, bizim bildiyimiz, bilmədiyimiz daha neçə-neçə faktları onların qulağına pıçıldayacaq, onları çox mətləblərdən agah edəcək...

Nəriman Nərimanovun mübariz və fədakar ruhuna dərin hörmət və ehtiram hissi ilə...

Əsərləri ABŞ muzeylərində saxlanılan azərbaycanlı rəssam - Günün tablosu

Şəmkirdəki arxeoloji qazıntıların nəticələri təqdim edildi

Məşhur müğənnini təhdid edən şəxs həbs olundu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
kulis.az

1Mənbələr