Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.
Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".
S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir: "Bu sahədə bir çox işlər görürük – müxtəlif biznes inkubatorlarının yaradılması, hökumət dəstəkli proqramlar vasitəsilə startaplara xüsusi dəstək, eləcə də təhsilə yatırılan investisiyalardır".
S. Şərifov sonda Azərbaycanda rəqəmsal transformasiya və təhsil sahəsində atılan addımların davam etdiriləcəyini vurğulayıb.