AZ

Hitrou və Avropanın əsas hava limanlarında aviareyslərin gecikməsi davam edir

London, 22 sentyabr, AZƏRTAC

Avropanın əsas hava limanlarında, o cümlədən Londonun Hitrou aeroportunda aviaşirkətlərin qeydiyyat sistemlərinə edilən kiberhücumdan sonra hava limanının fəaliyətində yaranan axsamalar artıq dörd gündür davam edir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, davam edən problemlər nəticəsində bəzi uçuşlar gecikib, sərnişinlərin qeydiyyatı isə hələ də əllə aparılır.

Məsələ ilə bağlı sistemin təminatçısı olan “Collins Aerospace” bildirib ki, zəruri proqram təminatı yeniləmələri yekunlaşmaq üzrədir və yaxın zamanda aviaşirkətlərin, hava limanlarının normal fəaliyyətinin bərpa olunacağı gözlənilir.

Hitrou aeroportunun 4-cü terminalı kiberhücumlardan ən çox təsirlənənlər sırasında olub. Bazar günü axşam bəzi reyslər iki saata qədər gecikmə ilə havaya qalxıb. Aeroportun sözçüsü açıqlamasında deyib ki, alternativ tədbirlər həyata keçirilir. Hava limanı sərnişinləri xəbərdar edərək bildirib ki, bəzi reyslərdə qeydiyyat və minik prosesi adi vaxtdan bir qədər uzun çəkə bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
66
1
azertag.az

2Mənbələr