AZ

Paşinyan Anayasaya toxunur: Ermənistanın "Dördüncü Respublika" planı nə vəd edir? – ÖZƏL

"Paşinyanın 2026-cı ildən sonra "dördüncü respublika" elan etmək, Anayasanı və Müstəqillik Bəyannaməsini dəyişmək planları Ermənistan siyasi həyatında böyük rezonans doğuracaq. Bu, hüquqi sənəd dəyişikliyi olmaqla birgə, dövlətçilik kursunun bütöv transformasiyası anlamına gəlir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, erməni toplumunda parçalanma qaçılmaz görünür: "Bir tərəfdən, Batıyönlü və "Rusiyasız Ermənistan" ideyasını müdafiə edən kəsim Paşinyanı dəstəkləyə bilər. Digər tərəfdən, gələnəksəl olaraq Rusiyanı "təhlükəsizlik zəmanətçisi" sayan geniş sosial təbəqələr, özəlliklə də Qarabağ müharibəsindəki məğlubiyyətin ağrısını yaşayan insanlar bu planı təhlükəli sayacaq. Bu, kütləvi etirazların, yeni iç siyasi toqquşmaların fonunu yarada bilər. Müxalifət, özəlliklə də Rusiyaya bağlı dairələr, Paşinyanı "dövlətçiliyi məhv etməkdə" ittiham edərkən, hakim komanda bu addımı "yeni siyasi başlanğıc" kimi təqdim edəcək. Lakin Ermənistan siyasi mühitində artıq parçalanma xroniki hal aldığı üçün, Paşinyanın təklifləri yalnız "həddindən artıq radikallaşma" kimi qiymətləndirilə bilər".

Araşdırmaçı-yazar qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması, Rusiya hərbi bazası və sərhədçilərinin ölkədən uzaqlaşdırılması Güney Qafqazda güc dəngəsini köklü şəkildə dəyişərdi. Yəni,  bununla Rusiya bölgədə əsas dayağını itirmiş olar. Bu, Ermənistanı Batının təhlükəsizlik platformlarına - özəlliklə də ABŞ və Fransa ilə hərbi-siyasi inteqrasiyaya yönəldə bilər.
Lakin belə bir kurs bölgədə yeni ziddiyyətlərin alovlanmasına da səbəb olmazmı? 
Gəlin öngörü edək:
-Rusiya Ermənistanı "satqın" elan edib, ciddi siyasi-iqtisadi təzyiqlər göstərə bilər;
-Türkiyə və Azərbaycan isə bölgədə yeni təhlükəsizlik gerçəkliklərində daha çevik hərəkət etmək imkanı əldə etmiş olar;
-İran bu dəyişiklikləri öz sərhəd təhlükəsizliyi üçün risk sayar və s.
Beləliklə,
Paşinyanın planı Ermənistan üçün yalnız siyasi-institusional dəyişiklik olmayıb, həm də geosiyasi orbit dəyişikliyidir. Bu, toplumun parçalanmasını dərinləşdirə, siyasi riskləri artıra, bölgədə isə yeni qarşıdurma xəttinin yaranmasına zəmin hazırlaya bilər. Əgər siyasi iradə yetərli olmazsa, hakimiyyət-xalq birliyi mövcud deyilsə, köklü islahat masada qalar; yox, əgər Paşinyan hökuməti yüz ölçüb-bir biçəcəksə, uluslararası konyuktura öz yerində, konkret siyasi-diplomatik, iqtisadi və təhlükəsizlik zəmanətinə arxayınsa, olaylar sürprizlər də gətirmiş olar. 

"2026-cı ildən sonrakı dünya halı, hər halda 2026-ci ildən öncəki durumda olmayacaq və Qafqazlar da bundan öz nəsibini alacaqdır," - deyə yazar sonda əlavə edib.

Bölgəmiz, ölkəmiz üçün ən xeyirlisi olsun!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr