AZ

"Hamıya göstərdik ki, bizdə də futbol və futbolçular var, oynaya bilirik" - MÜSAHİBƏ

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Sportal.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan"la görüşdəki nəticəni necə şərh edərdin?

- "Araz-Naxçıvan" yaxşı komandadır. Çempionatın lideri idi. Bilirdik ki, bizim üçün asan olmayacaq. Erkən qol vurduq. Həm də rəqib ilk dəqiqələrdə qırmızı vərəqə aldı, meydanda 10 nəfərlə qaldı. Bu, işimizi bir qədər asanlaşdırdı. Ona görə yaxşı qələbə qazandıq, böyük hesab və çoxlu qol oldu. Azarkeşlər üçün maraqlı və baxımlı oyun olduğunu düşünürəm.

- Böyükhesablı qələbə gözləyirdiz?

- Açığı, oyundan əvvəl hesabın necə olacağını fikirləşmirik. Sadəcə qələbəyə köklənirik. Bu görüş də belə idi. Ona görə də, belə olması bizim üçün daha da yaxşı oldu.

- Ramil Şeydayev "Qarabağ"a geri qayıtdı, rəqabət bir az da gücləndi. Bu haqda nə deyərdin?

- O, əvvəllər də bizim komandamızın üzvü olub. Biz birlikdə yaxşı uğurlar qazanmışıq. Şəxsi münasibətlərimiz də yaxşıdır. Hamımız onu çox istəyirik. Düşünürük ki, bu keçid həm onun özü, həm də komandamıza faydalı olar. Öz formasını bərpa edib, komandamıza da kömək ola bilər.

- "Benfika"dakı oyundan sonra "Dalğa Arena"dakı oyunun ab-havası arasında çox fərq oldu yəqin...

- İstər-istəməz fərq böyükdür. Həm atmosfer, həm meydançanın keyfiyyəti, həm azarkeşlər, həm oyun sürəti baxımından fərq çoxdur. İşimizdir. Hər iki turnirdə çıxış edirik. Həm Çempionlar Liqası, həm Premyer Liqa bizim üçün çox vacibdir. Ona görə də, çalışırıq ki, hər ikisində var gücümüzlə oynayaq və qələbə qazanaq.

- Lissabondakı qələbədən sonra bütün dünyada "Qarabağ"ın qəhrəmanlığından danışırlar. Sosial şəbəkələrdə də həmçinin. Özün də bunu görəndə hansı hisslər keçirirsən?

- Əlbəttə ki, bizim üçün böyük fəxrdir. Çünki biz ölkəmizi təmsil edirik. Dünya futbolunun bir nömrəli arenasıdır. Bu arenada ölkəmizi, bayrağımızı təmsil edirik. Əlbəttə ki, insanlar bunu gözləmirdi. "Benfika"nın necə böyük klub olduğunu bilirsiz. Bu qələbə yaxşı cəhətdən ölkəmizi tanıtdı. Hamıya göstərdik ki, bizdə də futbol və futbolçular var, oynaya bilirik. Bizim üçün çox xoşdur, fəxr hissidir.

- Həmişə bizə Türkiyə futbolunu nümunə göstərirdilər. Ancaq indi Türkiyədə şərhçilər "Qarabağ"ı Türkiyə klublarına nümunə göstərir...

- Kimlərəsə örnək ola biliriksə, bizim üçün xoşdur. Bu da işimizə peşəkar yanaşmağımızın nəticəsidir.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
29
sportal.az

1Mənbələr