AZ

Azərbaycanda 10 şəhərin baş planı təsdiq mərhələsindədir - Komitə sədri açıqladı

Azərbaycanın 79 şəhərindən 65-i üzrə baş planlar artıq yenilənib, daha 10 şəhərin sənədləri isə təsdiqlənmə mərhələsindədir. Bu proses beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə həyata keçirilir. İnsanyönümlü inkişaf, dayanıqlılıq və möhkəmlik prinsiplərinə əsaslanan Bakı şəhərinin Baş Planı müasir planlaşdırma fəlsəfəsinin ən parlaq nümunəsi hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Anar Quliyev bildirib ki, Bakı Baş Planının ən transformativ xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir:

“Bu yanaşmaya görə, şəhərdə fəaliyyətlər yalnız mərkəzdə cəmlənmir, əksinə, müxtəlif funksiyalara malik bir-biri ilə əlaqəli qovşaqlar və alt-mərkəzlər formalaşdırılır. Bu model mərkəzi hissələrə düşən yükü azaldır, yeni sərmayə imkanları açır. Yaşayış, ticarət, mədəniyyət, qarışıq təyinatlı layihələr və biznes parkların inkişafına şərait yaradır.

Şəhərsalma yanaşmamızın əsas prinsipləri gəzinti imkanlarının artırılması, insan mərkəzli dizayn, inteqrasiya olunmuş ictimai nəqliyyat sistemi ilə dəstəklənən çoxnəqliyyatlılıq, eləcə də şəhər kimliyinin əsas elementi kimi mədəni irsin qorunmasıdır.

Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir. Burada 12 şəhər üçün baş plan hazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə təsdiqlənib

Ümumilikdə 90 kənd və qəsəbə planlaşdırılıb. İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Artıq 50 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Son dörd ildə 3 beynəlxalq hava limanı, 4 min kilometr avtomobil yolu və magistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə və təhsil müəssisələri tikilib”.

Seçilən
17
publika.az

1Mənbələr