AZ

Kim sevməsə yurdunu...

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

1948-53-cü illərdə Qərbi Azərbaycandan - öz dədə-baba torpaqlarından didərgin düşənlərdən biri də Firudin Səfərovdur. Hazırda Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayır. Yaşı 90-ı haqlayan Firudin dayı uzun illərdir yurd həsrəti ilə yaşayır, doğulduğu kəndi, el-obanı bir an belə unuda bilmir. Digər soydaşlarımız kimi doğma yurda qayıdacaqları günü həsrətlə gözləyir.

Firudin dayı deyir: Mən yaşlı adam kimi bir həqiqətə ürəkdən inanıram. Biz Qərbi Azərbaycana – doğma yurdumuza qayıdacağıq və oralarda hər şey əvvəlki qaydasına düşəcək. Biz bunu 44 günlük Zəfər Qələbəsindən sonra Qarabağımızın timsalında aydın gördük. Sevinirik ki, əzəli Qarabağ torpaqlarımız öz əvvəlki şöhrətini bərpa edir. Bütün bu tarixi hadisələrin təməlində isə Prezident İlham Əliyevin müdrik siyasəti dayanır.

Qərbi Azərbaycandan –Vedi rayonunun Cığıngöl kəndindən deportasiya olunanda Firudin dayının 11 yaşı vardı. Bütün kənd sakinləri kimi, onların ailələri də ata-ana, 6 bacı və 1 qardaş öz doğma yurdlarından, isti ocaqlarından didərgin düşərək Azərbaycanın Kür-Araz ovalığına köçürülürlər. Səfərovlar ailəsi də Biləsuvarın Bağbanlar kəndində məskunlaşır.

Mənfur siyasət nəticəsində həyatda min bir əziyyət görmüş Firudin dayı o ağır günləri belə xatırlayır.

...Kəndimiz çox səfalı bir yerdə salınmışdı. 150-dən çox evin hamısı azərbaycanlı ailələri idi. Cəmi bir erməni ailəsi məskunlaşmışdı. Bütün ailələr özlərinə yaxşı gün-güzəran qurmuşdular. Atam həm dərzi, həm də fotoqraf idi. Əlindən çox iş gəldiyindən evimiz, həyət-bacamız səliqəliyi ilə digərlərindən seçilirdi. Yurdumuzu, evimizi tərk etmək bizi çox üzürdü. Uşaq olsam da qonşu Məngün, Kolanı kənd sakinlərinin eyni hissləri yaşadıqlarını görürdüm. Heç kim bağlandığı yuvasını tərk etmək istəmirdi. Amma əlimizdən nə gəlirdi ki... Gül-çiçəyə bürünmüş həyətimiz, yüzlərlə arı pətəklərimiz indi də gözümün önündədir...

Atamın vaxtı az olduğundan arı pətəklərimizə kəndimizdə yaşayan yeganə erməni ailəsindən olan İşxan qulluq edirdi. Biz köçəndə də həmin arı pətəkləri ona qaldı...

Firudin dayı danışır, gözləri yol çəkir, kim bilir, xəyalları harada dolaşır. Bu arada kövrəlir. Araya bir sükut çökür. Əlini “pult”a uzadaraq televizoru yandırır. Elnarə Abdullayevanın ifasında “Kim sevməsə öz yurdunu” mahnısını eşidən kimi, “Lap yerinə düşdü”- deyə xəyallardan ayrılaraq söhbətinə davam edir:

-Ay oğul, bu gün məni yaman yordun. Amma doğma yurdumda keçən illəri yada saldım. Bir daha elimizə qayıtmaq üçün ürəyim lap o torpaqlar üçün darıxdı. Doğru deyiblər ki, kim harada dünyaya göz açıbsa, ora onun üçün Vətəndir.

Köç edəndə bizi burada yaxşı, isti münasibətdə qarşıladılar, müvəqqəti olaraq kənd sakinlərinin evlərində yerləşdirdilər. Kənddə əsasən rus ailələri məskunlaşmışdı. Onlar köçüb getdikcə evlərini alaraq yeni yurd yeri saldıq. Kolxoz təsərrüfatlarında işə cəlb olunduq. Kənd sakinlərinin soydaşlarımıza son dərəcə isti münasibəti, qayğısı ağır dərdlərimizi bir az yumşaltsa da, məcburi tərk etdiyimiz əzəli torpaqlarımızda qalmış babalarımızın, əzizlərimizin ruhu bizi rahat buraxmırdı.

Müsahibim hələ gücdən düşməmiş əlləri ilə uzun saçına sığal çəkir, qarşımızdakı pürrəngi çaydan bir qurtum alır.

-Bəlkə də inanmayacaqsınız. 26 yaşım vardı, dəli-dolu bir cavan idim. Haradansa könlümdən çox güclü bir şəkildə doğma yurd-yuvamıza baş çəkmək istəyi keçdi. Bir gün evdə fikrimi açıqladım. Hamı bir ağızdan, nə danışırsan, olmaz,- dedilər. Amma fikrim qəti idi. Nəhayət, yolçu yolda gərək deyib, yola düşdüm. 15 il idi ki, görmədiyim yerlər, kəndlərimiz demək olar ki, dağıdılmışdı. Kövrələ-kövrələ torpaq yolla üzü kəndə doğru hərəkət edirdim. Qonşu kəndə çatanda bir erməni qadının təndirə çörək yapdığını gördüm. O da məni görcək duruxdu. Gözlərinə inanmadı. Gəlinini də səslədi. Hər ikisi bizlərin kəndi tərk etdiyimizə görə səbəbkarları lənətləyirdilər. Məni ətri hər yana yayılmış isti çörəyə qonaq etdilər. Bir neçə saatdan sonra doğma kəndimiz - Cığıngölə çatdım. İlahi, bu nə mənzərə idi. Hər yeri hamarlanmış gördüm. Əl-ayağım bir anlığa qurudu. Birdən gözüm doğma evimizə sataşdı. Göz yaşlarım sel kimi axırdı. Vaxtilə atamla yaxşı münasibəti olmuş kənddə yaşayan yeganə erməni İşxanı gördüm. Arı pətəklərimizə yenə də o baxırdı. Məni görcək qucaqlayıb kövrəldi, nə yaxşı gəlibsən, dedi. Allah, o daşnaksütyunçulara lənət etsin. Necə də mehriban yaşayırdıq. Bizi də pis günə qoydular. Bütün ev-eşikləri dağıtdılar ki, köçənlər bir daha qayıtmasınlar. Sizin ev bilirsən niyə durur? Rahat, çoxotaqlı olduğu üçün özlərinin bu tərəfə üz tutan qonaqları məhz burada qalır.

İşxan göz yaşlarını silə-silə arı pətəklərinə işarə edərək dedi:

–Sizin pətəklərdir. Eləcə də qoruyub saxlayıram. Nə vaxt qayıtsanız özünüzə qaytaracağam. Qayıdanda Şirazlı kəndinin yanından keçəcəksən, qızım Gerasil orada yaşayır, onlarla da görüşərsən.

Maraqlıdır, biz deportasiya olunanda 11 yaşında idim. Gerasillə uşaqlığımız bir yerdə keçməmişdi. 15 ildən sonra onun qapısını döyüb görüşmək olduqca çətin idi. Şirazlıdan keçəndə onların evinin yerini soruşdum. Bir az tərəddüd içində idim. Qapını döyüm, yoxsa yoluma davam edim. Cəsarətlə iki dəfə qapını astadan vurdum. Qarşımda dayanan özü idi. Bir anlığa fikirləşdim ki, yəqin məni tanımaz. Amma Gerasil məni görcək azərbaycanca “Sən Firudinsən? – dedi. Başımın işarəsi ilə təsdiqlədim. “Necə tanıdın? “Necə tanıdığımı indi sənə göstərəcəm, bura gəl”. Evə daxil olduq. Sanki bədənimdən elektrik cərəyanı keçdi. Bir anlığa donub qaldım. Gözqamaşdıran xalçanın üstündən atamla mənim illər əvvəl çəkdirdiyimiz qoşa şəklimiz asılmışdı.

Gerasil gülümsədi: bax, bu fotodan tanıdım, atanız həmişə bizim ailəyə həm dolanışıq, həm də maddi cəhətdən dayaq olub. Bir anlığa fikirləşdim: yəqin ki, biz köçəndən sonra foto işini bacaran atamın əli ilə yaradılmış bu portreti atası evimizdən götürərək qızına bağışlamışdı. Bu hadisənin təsiri altından uzun illər çıxa bilmirəm və ömürlük yaddaşıma həkk olunub.

Firudin dayı gününün çox hissəsini bağ-bağatda, güllü-çiçəkli bağçasında keçirir. Nəvə-nəticələri qonaq gələndə babanın sevinci daha da artır. Övladları – 3 oğul, 3 qızını necə deyərlər, ev-eşik sahibi edib. Qızları Nurxanım, Həqiqət, Pərvanə xoşbəxt ailə həyatı yaşayırlar. Oğlanları Firdovsi, Sərraf, Xəqaninin ev-eşikləri, xoş gün-güzəranları var. 30-a yaxın nəvə və nəticənin sevimli babasıdır Firudun dayı.

Doğma yurd-yuvalarından deportasiya olunmuş bütün soydaşlarımız kimi, Firudin dayı da Qərbi Azərbaycandakı əzəli torpaqlarımızla bağlı hər bir xəbəri diqqətlə izləyir. Biz o yerlərə mütləq qayıdacağıq, - deyir. O gün isə uzaqda deyil... Bəlkə də o yerləri görmək üçün bu yaşa qədər dözüb ömür sürmüşəm. Min şükür ömür verənə.

Nəhayət, maraqlı söhbətimizi yekunlaşdırıram. Sağollaşıb ayrılanda Firudin dayının dodaqaltı zümzüməsi diqqətimi cəlb edir: Kim sevməsə öz yurdunu, bu dünyadan naçar gedər... Yurdunuza qovuşmaq arzusu ilə.

Müşfiq MİRZƏXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr