ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ və onun müttəfiqləri NATO-ya üzv ölkələrin ərazilərinin “hər qarışını” müdafiə edəcək.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Maykl Uolts Təhlükəsizlik Şurasının iclasında bəyan edib. İclas Rusiyanın NATO ölkələrinin hava məkanını pozması ilə bağlı iddialara həsr olunub.
Polşa hakimiyyətinin məlumatına görə, sentyabrın 10-na keçən gecə təxminən 20 Rusiya pilotsuz aparatı bu ölkənin sərhədini keçib. NATO aviasiyası onlardan bir neçəsini vurub. Həmçinin Rumıniya üzərində də dron uçuşları qeydə alınıb. Sentyabrın 19-da isə Estoniya və digər NATO ölkələrinin rəsmiləri üç Rusiya qırıcı təyyarəsinin Estoniyanın hava məkanını ən azı 12 dəqiqə pozduğunu bildiriblər.
İclasda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Rusiyanın hərəkətlərini “məsuliyyətsiz” adlandırıb və bunun NATO ilə Moskva arasında birbaşa silahlı qarşıdurma riskini artırdığını qeyd edib:
“Əgər NATO-nun hava məkanında icazəsiz uçan təyyarələrə cavab vermək lazım gəlsə, biz bunu edəcəyik”, – deyə o vurğulayıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə xəbərdarlıq edib ki, əgər gələcəkdə Rusiya raketi və ya başqa bir texnikası NATO ölkəsinin üzərində vurularsa, Moskva bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə çalışmasın.
Estoniya, Rumıniya və Polşa nümayəndələri də sərt bəyanatlarla çıxış ediblər. Avropa İttifaqının ali diplomatı Kaya Kallas isə bildirib ki, son iki həftədə baş verən hadisələr təsadüfi ola bilməz:
“Moskva təxribatlarını yalnız buna göz yumulduğu halda davam etdirəcək.”
Rusiya nümayəndəsi Dmitri Polyanski isə NATO ölkələrinin iddialarını rədd edib və prosesi “absurd teatr” adlandırıb.
İclasda hər hansı qərar qəbul edilməyib. Bununla belə, Estoniyanın təşəbbüsü ilə gələn həftə NATO ölkələri Şimali Atlantika müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr aparacaqlar.
Qeyd edək ki, Maykl Uolts ilk dəfə ABŞ nümayəndəsi kimi BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, bundan əvvəl ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olub.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.