AZ

Suriya Prezidenti ABŞ dövlət katibi ilə görüşüb

BAKI, TurkicWorld, Fərid Mikayılov

Suriya Prezidenti Əhməd əş-Şəraa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu görüş Suriya ilə Qərb arasında münasibətlərin genişlənməsi və ölkənin beynəlxalq təcriddən çıxışında mühüm addım kimi qiymətləndirilir.

Əş-Şəraa, 60 ilə yaxın fasilədən sonra BMT-də yüksək səviyyəli toplantıya qatılan ilk suriyalı liderdir.

Xatırladaq ki, 1967-ci ildən bu yana ilk dəfə BMT-də Suriya dövlət başçısı iştirak edir. 2024-cü ilin dekabrında Əş-Şəraa rəhbərlik etdiyi müxalifət koalisiyası ilə Bəşər Əsəd rejimini devirmiş, bununla da ölkədə təxminən 14 illik vətəndaş müharibəsinə son qoymuşdu.

O vaxtdan bəri yeni rəhbərlik ərəb ölkələri və Qərblə diplomatik əlaqələri bərpa etməyə çalışır. ABŞ administrasiyası isə Suriyanın sabitləşməsi məqsədilə Əsəd dövründə tətbiq olunan bir sıra sanksiyaları yumşaldıb.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Rubio ilə görüşdə terrorla mübarizə, itkin düşmüş amerikalılar və Suriya-İsrail münasibətlərinin regional təhlükəsizliyə təsiri kimi mövzular müzakirə olunub.

Əş-Şəraa isə Suriya ilə İsrail arasında danışıqların getdiyini, lakin ölkəsinin Abraham Razılaşmalarına qoşulmayacağını bəyan edib.

“Suriya İsrailin qonşusudur və mindən çox hücuma, reydə məruz qalıb. Bizim vəziyyətimiz digər ərəb ölkələrindən fərqlidir. Hazırda 1974-cü il atəşkəsinə qayıtmaq istiqamətində müxtəlif mərhələlərdə danışıqlar aparılır”- deyə Suriya lideri bildirib.

Seçilən
50
turkic.world

1Mənbələr