AZ

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə başlayır

Bakı, 23 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə başlayır. DİM ayda bir dəfə olmaqla rəhbərliyin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edəcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. İlk görüş sentyabrın 30-u saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) olacaq və “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları” mövzusuna həsr ediləcək. Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən sizə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün faydalana bilərsiniz.

Dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması testləri isə 8, 9, 10 və 11-ci siniflər üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təqdim olunacaq.

Görüşdə iştirak etmək istəyənlər sentyabrın 23-dən 28-dək linkdə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 130 nəfərin (50 məktəbli, 50 valideyn və 30 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə tədbirdə iştirak etmək istəyən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] ünvanına da göndərə bilərlər.

Seçilən
23
9
azertag.az

10Mənbələr