AZ

Adnan Əhmədzadənin vəkili haqda şok məlumat – DÖVLƏT QURUMLARINA MÜRACİƏT OLUNDU

Ötən həftə çox ciddi ittihamlarla Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan Adnan Əhmədzadəyə Şaiq Mirzəyevin vəkillik etməsinin qanunsuzluğunu ortaya çıxaran fakt müəyyən edilib.

Musavat.com xəbər verir ki, bu haqda Əkrəm Həsənov məlumat yayıb.

Məlum olub ki, Şaiq Mirzəyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiridir. Yəni Şaiq Mirzəyev dövlət işçisidir.

EKREM.jpg

Əkrəm Həsənov qeyd edib ki, dövlət işçisinin vəkillik etməsi qanunsuz, hətta korrupsiya əməli hesab oluna bilər:

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz.

Mirzəyev dünən özü bildirib ki, Əhmədzadənin istəyi ilə onu müdafiə edir. Deməli, ödənişli əsaslarla. Bu isə korrupsiyaya şərait yaradan hüquqpozma sayıla bilər.

Məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-yə və əmək və əhalinin sosial müdafiəsi nazirinə məktubla müraciət etmişəm”.

Əkrəm Həsənov məsələnin digər tərəfinə də toxunub:

““Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 7-ci bəndinə əsasən, əməkdaş elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, çalışdığı qurumun rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Həmçinin əməkdaş əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir. Yəni bu norma da pozulub.

Nəhayət, sağlam məntiq baxımdan həftədə azı bir neçə dəfə nəinki Bakıda, həmçinin regionlarda vəkillik fəaliyyəti göstərən şəxs “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin Hüquq, kadrlar və sənədlərlə iş departamentinə necə müdirlik edir görəsən?İşlədiyi qurumda qanunçuluğu təmin etməli olduğu halda qanunu pozur? Kadrların iş vaxtının uçotuna nəzarət etməli olduğu halda özü iş yerində olmur? Axı dövlətdən, yəni bizim hesabımıza əmək haqqı alır. Niyə?”

Əkrəm Həsənov qeyd edib ki, problemi vətəndaş kimi, vergi ödəyicisi kimi qaldırıb:

“Məni Mirzəyevin bilavasitə vəkillik fəaliyyəti deyil, bizim hesabımıza əmək haqqı ala-ala hansı əsasla digər ödənişli fəaliyyətlə məşğul olması maraqlandırır. Vətəndaş olaraq ictimai nəzarəti həyata keçirmək (konkret bu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərində), problemləri ictimailəşdirmək və aidiyyəti qurumların diqqətinə çatdırmaq hər birimizin borcudur”.

Qeyd edək ki, Əkrəm Həsənov vətəndaş mövqeyindən çıxış edəndən az sonra Şaiq Mirzəyev haqda “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın saytından onunla bağlı məlumat silinib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
28
17
musavat.com

10Mənbələr