AZ

Balazs Hendrik: Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Yaxın perspektivdə Azərbaycan Avropa bazarında öz mövqeyini mütləq təmin edəcək. Bunun üçün Azərbaycan iqtisadiyyatının potensialı var. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır və hökumət geniş infrastruktur layihələri həyata keçirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı Macarıstandakı Türk Dövlətləri Təşkilatı Nümayəndəliyinin missiya rəhbəri Balazs Hendrik deyib.

O qeyd edib ki, əgər Orta Dəhliz həqiqətən bir imkan kimi qiymətləndirilirsə, bu, real fürsətə çevriləcək və qeyri-neft sahəsi yüksələn xətlə inkişaf edəcək.

“Orta Dəhliz xarici investorların da marağını cəlb edir. Bu investisiyalar iqtisadiyyatın digər sahələrinə yönəldilə bilər. Misal üçün su probleminin həllinə. Dünyada suyun əsas hissəsi kənd təsərrüfatına sərf olunur. Bu da su ehtiyatlarımızın idarə olunması məsələsini dərhal gündəmə gətirir. Su məsələsi əksər hallarda yalnız milli problem deyil, regional məsələdir. Çaylar sərhədləri aşaraq axır, buna görə də “su diplomatiyası” çox önəmlidir”, - deyə missiya rəhbəri vurğulayıb.

B.Hendrik, həmçinin vurğulayıb ki, Macarıstan kimi dənizə çıxışı olmayan ölkələr üçün su ehtiyatlarının səmərəli idarəsi həyati əhəmiyyət kəsb edir: “Biz su və kənd təsərrüfatı potensialımızdan maksimum şəkildə istifadə edə bilmək üçün ən uyğun həlləri tapmalıyıq. Bunun üçün texnologiya ixtiraçıları, təminatçıları ilə əməkdaşlıq vacibdir”.

Seçilən
54
azertag.az

1Mənbələr