AZ

Masallıda antik küp məzarı aşkarlanıb

Masallı rayonunun Eminli kəndi ərazisində aparılan xilasetmə tədbirləri zamanı antik dövrə aid küp məzarı tədqiq edilib. Qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, dosentlər Anar Ağalarzadə və Dmitriy Kiriçenko tərəfindən aparılıb.

İnstitutdan Xezerxeber.az-a bildirilib ki, ərazidə üzə çıxarılan və şərti olaraq “3 nömrəli küp məzarı” kimi qeydə alınan bu maraqlı dəfn abidəsi düzənlikdə, təxminən 40 santimetr dərinlikdə aşkarlanıb.

Məzarın diqqətçəkən xüsusiyyətlərindən biri onun tamamilə dəniz balıqqulaqları ilə örtülü olmasıdır. Hətta dəfn küpünün daxili də balıqqulaqlarının təsirindən ciddi zədələnib. Alimlərin qənaətinə görə, bu, dəfndən çox sonrakı dövrdə Xəzər dənizinin səviyyəsinin qalxması və ərazinin uzun müddət su altında qalması ilə bağlıdır.

Küp qəbir yanı üstə, ağzı qərb istiqamətinə qoyularaq torpağa basdırılıb. Dəfn qabının yanında zəif keyfiyyətli gildən hazırlanmış qulplu küpə, həmçinin ağzı novçalı kiçik dolça - enoxoya tipli qab aşkar olunub. Bu cür qablar adətən şərab saxlamaq üçün istifadə olunub. Maraqlıdır ki, dəfn zamanı küpün ağız hissəsində ocaq qalanıb. Elmi ədəbiyyata görə, bu, “pis və şər ruhlardan təmizlənmə” ayini ilə əlaqələndirilir.

Küpün içində sağ yanı üstə, üzü cənub-qərb istiqamətinə çevrilmiş şəkildə insan dəfn edilib. Antropoloq Dmitriy Kiriçenkonun araşdırmasına əsasən, skelet Qafqaz antropoloji tipinə aid yetkin kişi qalıqlarıdır. Dişlərdə ciddi aşınma, kariyes və diş daşları müşahidə olunub. Bud sümüklərinin quruluşu isə güclü fiziki fəaliyyətin, yəni “atlı döyüşçü” həyat tərzinin göstəricisidir. Qəbirdə tapılmış dəmir nizə ucluğu da bu ehtimalı gücləndirir.

Skeletin ətrafından üç ədəd miniatür qab (yağ və ya ətriyyat qabı), bir kasa tipli saxsı məmulat, çoxlu sayda muncuq, eləcə də üzərində üzüm təsvirli qızıl sırğalar aşkar olunub. Bu sırğaların oxşar nümunələri qədim Aralıq dənizi bölgəsindən, xüsusən Krit və Kiprdən tanınır. Qədim zərgərlik üslubu eramızdan əvvəl II minilliyin ortalarından başlayaraq minilliklər boyu müxtəlif formalarda olmuşdur. Azərbaycanda belə sırğalar ilk dəfə 1949-cu ildə Qəbələ rayonundakı Yaloylutəpə nekropolundan, daha sonralar isə Mingəçevir qazıntılarından məlumdur.

Alimlərin ilkin ehtimalına görə, Eminli qızıl sırğaları məhz Aralıq dənizi regionundan - Kiprdən gətirilmişdir. Bu tapıntı Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində həm yerli istehsal, həm də idxal olunmuş qiymətli əşyaları bir arada saxlayan yeganə zəngin dəfn abidəsi kimi fərqləndirir.

Qazıntılar göstərir ki, abidənin tam miqyasda kompleks tədqiqi gələcəkdə mühüm elmi nəticələr vəd edir.

  • Masallıda
  • Masallıda
  • Masallıda
  • Masallıda
Seçilən
27
3
xezerxeber.az

4Mənbələr