AZ

Tanzaniya Dövlət Prokurorluğunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu çərçivədə, Tanzaniya Birləşmiş Respublikasının Dövlət prokurorluğunun direktoru Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Baş Prokuror görüşdə Azərbaycan ilə Tanzaniya arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətlərini vurğulayaraq Tanzaniyanın Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müxtəlif beynəlxalq platformalarda Azərbaycana dəstək nümayiş etdirdiyini qeyd edib. Həmçinin, görüşdə Tanzaniyanın prokurorluq orqanlarının Azərbaycanla əlaqələri gücləndirməyə göstərdiyi səylərin yüksək qiymətləndirildiyi vurğulanıb.

Tanzaniya tərəfi çıxışında Azərbaycan Prokurorluğu ilə  təmsil etdiyi qurum arasında əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tanzaniyə Birləşmiş Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb. Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq bu sənədin prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib.

Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nurəngiz Adilqızı

XQ

Seçilən
48
10
xalqqazeti.az

10Mənbələr