AZ

Azərbaycanın sülh strategiyası regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar səhifə açdı. Yalnız 23 saat davam edən bu qətiyyətli əməliyyat nəticəsində separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi bərpa olundu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış bu əməliyyat həm hərbi qüdrətimizin, həm də xalqımızın milli iradəsinin təntənəsi oldu. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan xalqı “heç vaxt bu vəziyyətlə barışmadı və imkan vermədi ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaldaraq Azərbaycan xalqına tarixi müraciət etdi. Dövlət başçısı vurğuladı ki, düz 20 il əvvəl xalqa verdiyi andı — Azərbaycanın ərazi bütövlüyünü qorumaq və Bayrağımızı işğal olunmuş bütün torpaqlarda qaldırmaq vədini — artıq şərəflə yerinə yetirmişdir.

Prezident İlham Əliyev Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixi çıxışında vurğuladı ki, Azərbaycanın güclü iqtisadiyyatı və ordusu müstəqilliyin əsas dayağıdır, Qələbə şəhidlərin qanı bahasına qazanılıb, 19–20 sentyabr əməliyyatı labüd idi və Azərbaycan xalqı bu tarixi Zəfərlə həmişə fəxr edəcəkdir.

Xankəndidə ucaldılan Bayraq təkcə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı deyil, həm də xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin yekun qələbəsi idi. Bu, həm də Xocalı soyqırımı qurbanlarının ruhunu şad edən, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdış yolunu açan tarixi ədalət idi.

Azərbaycan xalqı bu zəfəri qətiyyət, səbr, milli birlik və dövlət-xalq həmrəyliyi sayəsində əldə etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan xalqı öz ləyaqətini bərpa etdi, tarixi ədaləti bərpa etdi”.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi şəhərlərdə yeni həyat başlanır. Dövlətimizin “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, Azərbaycan Bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanır.

19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı və 15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycan Bayrağının ucaldılması yalnız bir hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsidir.

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
4
sesqazeti.az

5Mənbələr