AZ

Ən çətin görüşüm final qarşılaşması oldu Ülvi Qənizadə

Fanat saytına istinadən ain.az xəbər verir.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 4 medal qazanan və komanda hesabında 2-ci yeri tutan Azərbaycanın yunan-Roma güləşçiləri vətənə qayıdıblar.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Aleksandr Tarakanov, baş məşqçi: “İlk növbədə bizə yaradılan şəraitə görə AGF rəhbərliyinə, GİN və MOK-a təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir. Səhvlərimizin üzərində işləməliyik. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq. Bizə dəstək olan və bizim üçün dua edən bütün güləşsevərlərə minnətdarıq”.

Eldəniz Əzizli, dünya üçüncüsü: “Hədəfim 5-ci dəfə dünya çempionu olmaq idi. İstəyimə tam nail olmasam da, medalsız qalmadım. Dünya çempionatlarında qazanılan medalların əyarına görə, güləşdə ölkə rekordçusu idim. Bu yarışda 7-ci medalımı qazanmaqla artıq medal sayına görə də rekorda imza atdım. Buna görə sevinirəm. İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir. Ümid edirəm ki, bundan sonra mənim və komandam üçün daha yaxşısı olar”.

Ülvü Qənizadə, dünya çempionu: “Yarış həmişəki kimi çox çətin keçdi. Ən çətin görüşüm final qarşılaşması oldu. Fransa güləşçisiylə 3-cü dəfə qarşılaşırdım. Çox şükür, bu dəfə də qalib gəldim. Çətin, amma sonu gözəl oldu. Ümid edirəm ki, bundan sonra da belə nəticələrlə xalqımızı sevindirəcəyəm. Bu nəticə məni arxayınlaşdırmamalıdır. Titulu qorumaq və artırmaq lazımdır. Üzərimdə əziyyəti olan hər kəsə – federasiya rəhbərliyinə, məşqçilər heyətinə, həkim və masajçımıza, şəxsi məşqçimə təşəkkür edirəm. Bu çempionluqda onların rolu böyükdür. Ümid edirəm ki, gələcək yarışlarda da onların inamını doğruldacağam”.

Həsrət Cəfərov, dünya ikincisi: “Təəssüratlarım qarışıqdır. Sevinc də var, kədər də. İkinci dünya çempionatıdır ki, finalda məğlub oluram. Nüfuzlu yarışlarda gərək heç bir səhvə yol verməyəsən. Bütün incə məqamlara diqqət yetirməlisən. Dünya çempionatı 1 səhvi belə bağışlamır”.

Murad Əhmədiyev, dünya üçüncüsü: “Debütdə İtaliya güləşçisinə, daha sonra olimpiya mükafatçısı olmuş Qırğızıstan idmançısına qalib gəldim. 1/4 finalda olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionunu “tuş”la məğlub etdim. Yarımfinalda Rusiya güləşçisinə ilk xal prinsipinə əsasən uduzdum. Macarıstan idmançısına qalib gələrək bürünc medal qazandım. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Həmin yarışa yaxşı hazırlaşıb, çempion olmağa çalışacağam”.  

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
fanat.az

1Mənbələr