AZ

İdman TV-ni daha bir tanınmış şərhçi tərk etdi - Telekanalda nə baş verir?

Son vaxtlar İdman TV-ni bir sıra tanınmış və peşəkar şərhçilər tərk ediblər.

İdman.biz-in məlumatına görə, telekanalı son bir həftə ərzində şərhçi Tural Məmmədli və jurnalist Vüqar Vüqarlı tərk ediblər.

Tural Məmmədli saytımıza açıqlamasında bildirib ki, o, uzun müddətdir İdman TV-dən ayrılmağı düşünürdü.

“Orada 13 il işləməyimə baxmayaraq, ayrılmaq qərarına gəldim. Bu, mənim yeganə iş yerim olub. 2012-ci ildə çoxsaylı iştirakçılar arasında keçirilən müsabiqənin qalibi olaraq telekanala qəbul edilmişdim. Lakin iş şərtlərində anlaşa bilmədik. Açığı, bu qərarı uzun müddət ertələdim, amma nə qədər çətin olsa da, sonda kanalı tərk etməyə məcbur qaldım”, - deyə Məmmədli qeyd edib.

O, İdman TV-ni tərk edən beşinci şərhçi olub. Daha əvvəl Ramiz Mirzəzadə, İsmayıl Abdullayev, Fərid Ramazanov və İqbal Astaxov da telekanaldan ayrılmışdılar.

Məmmədli əlavə edib ki, əgər orada yaxşı şərait və mühit olsaydı, heç kim getməzdi: “Biz hamımız birlikdə İdman TV-ni inkişaf etdirdik, sosial şəbəkələrdə çoxlu izləyicilərimiz var idi. Digər dostlar məndən əvvəl getdilər, mən isə bir qədər gecikdim. Əlbəttə, əvvəllər mühit daha yaxşı idi, amma indi artıq 2025-ci ildir. Ona görə də belə davam edə bilməyəcəyimi dedim və ərizəmi yazaraq ayrıldım”.

Tanınmış şərhçi vurğulayıb ki, bütün bunlara baxmayaraq, İdman TV-yə minnətdardır, çünki məhz orada peşəkar kimi formalaşıb. Hazırda isə o, bir neçə “YouTube” layihəsi ilə əməkdaşlıq edir və Ağdamın “Qarabağ” klubu ilə çalışır.

Teymur Tuşiyev
İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr