AZ

Argentina ərazisində əvvəllər məlum olmayan yırtıcı dinozavrın qalıqları tapılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Paleontoloqlar Argentinanın cənubunda əvvəllər məlum olmayan yırtıcı dinozavr növünün qalıqlarını aşkar ediblər. Bu dinozavr qeyri-adi dərəcədə güclü ön pəncələrə və uzun caynaqlara sahib olub. Onun kəşfi Cənubi Amerikada meqaraptor cinsinə aid dinozavrların qeyri-adi dərəcədə uzun müddət mövcud olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə alimlər “Nature Communications” elmi jurnalında dərc olunan məqalədə yazırlar.

“Pataqoniyada Yer kürəsində Tabaşir dövrünün sonunda yaşamış son meqaraptorlardan birinin qalıqlarını tapmaq bizə nəsib oldu. Bu kəşf göstərir ki, həmin sirli yırtıcı sürünənlər Mezozoy erasının sonuna qədər mövcud olmuş, həmçinin həmin dövrdə Cənubi Amerikanın cənubunda əsas yırtıcılardan birinə çevrilmişlər. Bu, qitənin şimal bölgələrindən fərqli olaraq, burada ekosistemlərin başqa cür formalaşdığını göstərir. Çünki şimalda həmin dövrdə əsasən teropod qrupuna aid yırtıcı dinozavrlar üstünlük təşkil edirdi”, – deyə tədqiqatda qeyd olunur.

Kəşf Argentinanın Cənubi Çubut vilayətində aparılan qazıntılar zamanı Argentina Pataqon Geologiya və Paleontologiya İnstitutunun elmi əməkdaşı Lusio İbirikunun rəhbərliyi altında Argentina və ABŞ-dan olan paleontoloqlar qrupuna məxsusdur. Burada təqribən 66–70 milyon il əvvəl Tabaşir dövrünün sonunda formalaşmış süxurlar mövcuddur. Həmin çöküntülərdə alimlər olduqca qeyri-adi və qiymətli bir tapıntı olan qədim timsahların hələ məlum olmayan bir növünə aid son qurbanının qalıqları ilə birlikdə basdırılmış yırtıcı dinozavrın natamam skeletini aşkarlayıblar.

Alimlərin “Joaquinraptor casali” adlandırdığı bu dinozavrın kütləsi azı bir ton olub, uzunluğu yeddi metrdən artıq, hündürlüyü isə təxminən üç metr təşkil edib. Tapıntı dərhal diqqət çəkib, çünki bu dinozavr hələlik məlum olan ən son meqaraptor hesab olunur. Onlar zəif öyrənilmiş yırtıcı dinozavr kateqoriyasına aiddirlər və Təbaşir dövründə gələcək Cənubi Amerika, Avstraliya və Asiya ərazilərində yaşamışlar.

Meqaraptorlar anatomik baxımdan daha geniş yayılmış ikipəncəli yırtıcı selurozavrlardan xeyli fərqlənirlər. Bu isə onların dinozavrların təkamül ağacının hansı qoluna aid olduğu və Yer üzündən nə vaxt yoxa çıxdıqları barədə alimlər arasında qızğın mübahisələrə səbəb olur.

Tədqiqatçılar vurğulayırlar ki, “Joaquinraptor casali”nin qalıqlarının aşkarlanması meqaraptorların müasir Cənubi Amerikanın cənubunda yaşadıqlarını və Mezozoy erasının sonuna qədər yerli qida zəncirlərinin zirvəsində qaldıqlarını sübut edir. Paleontoloqların yekun nəticəsinə görə, bu, onların Təbaşir dövrünün selurozavrları və digər əsas yırtıcıları ilə ekoloji nişlər uğrunda uğurla rəqabət aparmasına imkan verən unikal uyğunlaşmalara malik olduqlarını göstərir.

Seçilən
38
1
azertag.az

2Mənbələr