İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bildirib ki, ABŞ-nin İranın ballistik raketlərinin məsafəsini 500 kilometrdən aşağı salmaq tələbi nüvə danışıqlarının gedişinə mənfi təsir göstərib.
Missiya.Az xəbər verir ki, Laricani bu fikirləri İran Ticarət və Sənaye Palatasına səfəri zamanı səsləndirib.
O qeyd edib ki, ABŞ və Qərb ölkələri danışıqlarda “qəbuledilməz” şərtlər irəli sürürlər və İran bu tələbi qəbul etməz:
“ABŞ istəyir ki, raket məsafəmizi 500 kilometrdən aşağı endirək. İran bunu qəbul edə bilməz”.
O əlavə edib ki, Tehran nüvə danışıqlarından yayınmır, lakin BMT-nin üç Avropa ölkəsi – Böyük Britaniya, Almaniya və Fransa – tərəfindən “snapback” mexanizminin işə salınması təşəbbüsləri qəbul edilmir.
İran hazırda 300-3000 kilometr məsafədə müxtəlif ballistik raketlərə sahibdir. Bu raketlər kimyəvi, nüvə və bioloji döyüş başlıqları daşımaq qabiliyyətinə malikdir və bölgədə, o cümlədən İsrail üçün təhlükə hesab olunur.
Seyranə Quliyeva Missiya.Az