AZ

Suriya-İsrail arasında yeni təhlükəsizlik razılaşması gözlənir - Tom Barak

BAKI, TurkicWorld, Nailə Babazadə

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”.

TurkicWorld xəbər verir ki,Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb.

Barak Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

ABŞ nümayəndəsi deyib ki, “gərginliyi azaltmaq” razılığı əldə olunarsa, Tel-Əviv Suriya üzərinə hücumlarını dayandıracaq, Dəməşq isə İsrailin işğalı altında olan Qolan təpələrinə yaxın bölgələrə ağır hərbi texnika və maşın yerləşdirməyəcək.

İsrail ilə Suriya arasındakı danışıqlara vasitəçilik edən Barak qeyd edib ki, “gərginliyi azaltmaq” razılaşması Dəməşq ilə Tel-Əviv arasında imzalanacaq yeni təhlükəsizlik razılaşmasının “ilk addımı” olacaq.

Barak əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Dəməşq ilə Tel-Əviv arasında əldə olunacaq “gərginliyi azaltmaq” razılığını elan etməyi planlaşdırırdı, lakin tərəflər arasında kifayət qədər irəliləyiş əldə olunmaması və İbrani təqviminə görə İsraildə yeni ilin başlaması səbəbindən proses yavaşlayıb, buna görə Tramp bu elanını təxirə salıb.

Yeni təhlükəsizlik razılaşmasının əldə olunması üçün Suriya ilə İsrail arasında danışıqlar davam edir.

Suriya prezidenti Əhməd əş-Şəraa isə 17 sentyabrda bir qrup jurnalistə bildirib ki, İsrail ilə yeni təhlükəsizlik razılaşması üçün aparılan danışıqlar “gələcək günlərdə nəticələnə bilər”.

Seçilən
25
turkic.world

1Mənbələr