"Cəmiyyətlər inkişaf etdikcə qadınların rolu həm ailədə, həm də iş həyatında genişlənir. Amma bu genişlənmə bəzən əlavə yük, bəzən də yeni imkanlar deməkdir. Məsələn, BMT-nin Gender Bərabərliyi üzrə hesabatlarına görə, dünyada qadınların 70%-i hələ də ev işlərinin əsas yükünü daşıyır. Bu isə onların karyera inkişafına və şəxsi sağlamlıqlarına daha az vaxt ayırmasına səbəb olur. Qadının iş və ailə balansı yalnız qadının şəxsi problemi deyil. Bu, cəmiyyətin rifahı, ölkənin sosial və iqtisadi inkişafı üçün mühüm şərtdir. Balansı qoruyan qadın daha xoşbəxt, daha güclü, daha məhsuldar olur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanda da qadınlarımız eyni anda həm peşəkar fəaliyyət göstərir, həm də ailənin dayağı olur:
"Qanunlarımız, xüsusilə, Konstitusiyamız qadın və kişilərə bərabər hüquqlar tanıyır. Buna görə də, ölkəmizdə bütün sahələrdə çalışanlar arasında qadın-kişi diversifikasiyası mövcuddur. Harvard Universitetinin araşdırmasına görə, iş və ailə balansını qorumağı bacaran qadınların 80%-i daha yüksək peşəkar nailiyyətlər əldə edir. Çünki balans stressi azaldır, yaradıcılığı və qərarvermə qabiliyyətini artırır.
Dövlət tərəfindən qadınların ailə–iş balansını dəstəkləmək üçün bir sıra addımlar atıla bilər. Məsələn, bir çox inkişaf etmiş ölkədə olduğu kimi, həm qadın, həm də kişi valideynlərə uzunmüddətli ödənişli valideyn məzuniyyəti verilə bilər. Bu, qadınların əmək bazarında qalmasına, kişilərin isə ailə işlərinə daha çox qoşulmasına imkan yaradır. Ailə içində məsuliyyətin bölüşdürülməsi çox vacibdir ki, bu da hər iki fərdin şəxsi və karyera inkişafına imkan yarada bilər.
Qadınlar üçün çevik iş rejimləri – uzaqdan iş, yarımştat iş imkanları qadınların balansını qoruyur. Uşaq bağçalarının əlçatanlığı – xüsusilə regionlarda qadınların işgüzar həyata qoşulmasını asanlaşdırır".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.