AZ

Moskvada da yanacaq qıtlığı başladı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xeyli vaxtdır işğal altındakı Krım yarımadası da daxil olmaqla ciddi yanacaq qıtlığı yaşayan Rusiya bölgələrinə paytaxt Moskva da qoşulub.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Ukraynanın pilotsuz təyyarələrinin neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində yaranan yanacaq böhranı fonunda, əksər Rusiya bölgələrində yanacaqdoldurma məntəqələri hər müştəriyə 10-20 litrdən çox benzin vermir. Dizel yanacağında məhdudiyyət az-az rast gəlinsə də, artıq bu yanacaq növü üzrə də problemlərin başlayacağı istisna olunmur. Belə ki, artıq Rusiyanin ölkədən dizel ixracına da qadağa qoyacağı gözlənilir ki, bu xəbər də artıq dünya bazarında neftin qiymətinin artmasına səbəb olub.

“İzvestiya” yazır ki, yanacaqdoldurma şəbəkələrindəki qıtlıq ilk növbədə Mərkəzi Rusiyada, Volqaboyunda, cənubda və Uzaq Şərqdə çox nəzərə çarpır.

Moskva, Leninqrad, Ryazan və Nijni Novqorod vilayətlərinin yanacaq sənayesi nümayəndələri “İzvestiya”ya hər müştəriyə düşən benzin satışına qoyulan məhdudiyyətləri təsdiqləyiblər.

Məsələn, “Lukoyl” Moskvanın müəyyən stansiyalarında benzinin kanistrlərdə satışını qadağan edib və Nijni Novqorodda bir neçə stansiyada yanacaq kartlarının qəbulunu dayandırıb. Ümumilikdə Çukotka və Saxalindən tutmuş Ryazan və Samara vilayətlərinə qədər 21 regionda benzin qıtlığı qeydə alınıb. "Benzinlə bağlı vəziyyət çox pisdir və pisləşməkdə davam edir", - yanacaq bazarındakı mənbə “Reuters”-ə bildirib.

Avqust ayında Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq pilotsuz təyyarələrlə neft emalı zavodlarını hədəfə almağa başlayıb. Nəticədə ən azı beş neft emalı zavodu qismən və ya tamamilə bağlanaraq Rusiyanın emal gücünü 17% və ya gündə 1,1 milyon barel azaldıb.

Neft emalı zavodlarının dayanması birjada benzinin qiymətinin qalxmasına səbəb olub. İlin əvvəlindən qiymətlər 40-50% artıb.

TASS mənbələrinin məlumatına görə, vəziyyəti sabitləşdirmək üçün müvafiq qurumlar həmçinin Rusiyadan benzin ixracına qoyulan qadağanın uzadılmasını və ilin sonunadək bütün bazar iştirakçıları üçün dizel yanacağının ixracına qadağa qoyulmasını müzakirə edirlər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
azpolitika.info

7Mənbələr