AZ

Fələstini 157 ölkə tanıdı: Yeni mərhələnin başlanğıcı, yoxsa simvolik dəstək? ŞƏRH

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu günə qədər 157 ölkə Fələstin dövlətini rəsmi olaraq tanıyıb. Bu rəqəm, Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkənin təxminən 81%-i deməkdir. Fələstinin beynəlxalq aləmdə bu qədər geniş dəstək qazanması, onun müstəqil dövlət kimi qəbul olunması istiqamətində önəmli siyasi iradənin olduğunu göstərir.Ən son İspaniya, Norveç və İrlandiyanın Fələstini rəsmi olaraq tanıması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu qərar, uzun illərdir İsrail-Fələstin münaqişəsində siyasi balansın dəyişməsi və Fələstinin dövlət kimi tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.Lakin bu tanımanın real nəticələr doğurub-doğurmayacağı, bölgədə sülh prosesinə necə təsir edəcəyi və İsrailin bu qərarlara reaksiyası məsələsi hələ də sual altındadır.Maraqlıdır görəsən, ölkələrin Fələstini tanıması doğrudan da nəyisə dəyişəcəkmi, yoxsa bu, sadəcə simvolik dəstəkdən ibarət qalacaq? Turkustan.az olaraq bu sualları siyasi şərhçi Əli Zülfüqaroğluna ünvanladıq.

Əli ZülfüqaroğluSüveren Fələstin dövlətini tanıyan ölkələrin sayı artsa da, bu, problemin birdəfəlik həllinə gətirib çıxarmır. İndiyə qədər 150-yə yaxın ölkə Fələstini tanıyıb, amma real vəziyyət ondan ibarətdir ki, İsrail bunu qəbul etmir və Fələstin ərazilərini işğal etməkdə davam edir. Digər tərəfdən, Qəzzada törədilən dağıntılar, həmçinin İsrail hökumətinin bir sıra yaxın qonşu ölkələrə hücumları vəziyyətin daha da gərginləşməsinə səbəb olur. İsrailin sionizm ideologiyasına əsaslanan xarici siyasəti isə bir mənalı olaraq Fələstin dövlətinin yaranmasını qəbul etmir.Bilindiyi kimi, İsrail hökumətləri adətən sionist düşüncəyə sahib partiyalar və şəxslərdən təşkil olunur. Buna görə də vəziyyətin bu dərəcədə gərginləşməsinin əsas səbəblərindən biri də məhz budur. Əlbəttə, İsrail bu siyasəti təkbaşına davam etdirmək gücündə deyil. Bunun arxasında ABŞ dayanır. ABŞ siyasətinə və iqtisadiyyatına ciddi təsir imkanlarına malik olan güclü sionist lobbi mövcuddur. Bu təsirin həcmi barədə son dövrlərdə Türkiyə rəsmiləri də açıq danışırlar. Hətta müəyyən çevrələrdə belə bir fikir formalaşıb ki, ABŞ İsraili deyil, İsrail ABŞ-ı idarə edir. Bu isə dövlətlərin məsələyə fərqli yanaşmasını zəruri edir. Fələstini tanımaqla bağlı verilən bəyanatların və qınaqların isə real nəticə vermədiyi artıq hər kəsə məlumdur.Fələstin probleminin həlli yalnız İsraildə siyasi dəyişikliklərin baş verməsindən, yəni alternativ düşüncəyə sahib qüvvələrin hakimiyyətə gəlməsindən asılıdır. Çünki sionist ideologiyaya əsaslanan hökumətlər heç vaxt müstəqil Fələstin dövlətini qəbul etməyəcəklər. Bütün bunların fonunda İsrail üzərinə beynəlxalq təzyiqlərin və sanksiyaların daha da artacağı gözlənilir. Çünki artıq siyonizmin mahiyyəti ifşa olunub və həm beynəlxalq siyasi elita, həm də geniş ictimai rəy baş verənlərin fərqindədir. Tarixdə ikinci dəfə olaraq suveren Fələstin dövlətinin yaranması üçün real zəmin formalaşır.Bu baxımdan Qərb dövlətləri ilə yanaşı, İslam ölkələrinin də yeni mövqedən çıxış etməsi İsrail hökumətinin manevr imkanlarını daraldır. Gözlənilir ki, İsrail üzərində sanksiyalar artacaq və bütün bunların əsas məqsədi mövcud hakimiyyətin dəyişdirilməsinə yönələcək.Nəticə etibarilə, Fələstin probleminin həlli və suveren Fələstin dövlətinin yaranmasının yeganə yolu İsraildə yeni hakimiyyətin formalaşması və alternativ düşüncələrin hakimiyyətə gəlməsidir. Əks halda, istər BMT-nin, istərsə də müxtəlif dövlətlərin atdığı addımlar heç bir real nəticə verməyəcək.Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr