AZ

Zamanı əbədiləşdirən sənət

... “Bir az sağa yönəl, qollarını yana sal. Bax, beləcə dur. Tərpənmə, çəkirəm”. Bu, adətən hamımızın şəklimizi çəkdirmək üçün müraciət etdiyimiz fotoqrafların bir vaxtlar ən çox işlətdiyi kəlmələr idi.

Dünyada ilk dəfə foto təsvirini 19 iyul 1822-ci ildə fransız alim Jozef Nyeps alıb. Bu foto saxlanmadığından, fotoqrafiya sahəsində ilk şəkil yenə də onun tərəfindən çəkilmiş “Pəncərədən La-Qrassın mənzərəsi” adlı foto hesab olunur. “Fotoqraf” sözünün mənası isə yunan dilindən tərcümədə “foto” işıq, “grafio” çəkirəm deməkdir.

Paytaxtda vaxtilə birillik fotoqruplar, həmçinin Gənclər Yaradıcılıq mərkəzlərində də fotodərnəklər fəaliyyət göstərsə də, son illər tam ləğvinə qərar verilib. Buna baxmayaraq, ölkəmizdə fotoqrafları bir araya toplayan, böyük layihələr həyata keçirən, beynəlxalq arenada təmsil edən Azərbaycan Fotoqraflar Birliyi 27 ildən artıqdır ki, fəaliyyətdədir.

Müasir texnologiyalar bu peşəyə marağı demək olar ki, azaldıb. Xüsusilə mobil telefonlar fotoqrafların işini lap çətinə salıb. Belə desək, bu sahədə meydan gənclərə qalıb.

Beləliklə, üz tuturuq paytaxtda yerləşən fotostudiyalara. Öncədən qərarlaşdırdığım kimi, müsahiblərimlə Sovet dövrünün fotoqrafiya sənətindən müasir dövrə qədər davam edən proseslərdən qısa da olsa söhbət açacağıq.

Azadlıq prospektində yerləşən fotostudiyadan çıxan ucaboylu, enlikürəkli bir ağsaqqalla qarşılaşırıq. Gözlərini əlində tutduğu şəkildən çəkmədən “əla düşmüşəm”- deyərək, ağır-ağır pilləkənləri qalxır. Ağsaqqalı söhbətə tuturam.

– Yəqin, nəvə-nəticələrin şəkilləridir.

– Yox, oğlum, özümündür. Hər il doğum günümdə şəkil çəkdirir, xüsusi tərtibatlı albomuma əlavə edirəm. Bu mənim hobbimdir. 10 yaşımdan 75 yaşıma kimi şəkillərim albomumu bəzəyir. Nəvə-nəticələrə yadigar qalacaq” – deyə bildirir.

Sonra özünü təqdim edir: Ağami Abbasov, əslən İsmayıllı rayonundanam. Uzun illərdir paytaxtda yaşayıram. Hər fəsildə rayonlara üz tuturam. İsmayıllıya getdimsə, üzü oyana – Qəbələ, Qax, Şəki, Zaqatala və s. rayonlara da getməliyəm. Hər rayonun özünəməxsus əsrarəngiz gözəlliyi var. Şəkil çəkdirib günü, ayı, ili qeyd etməliyəm. İnanın ki, rayonlara istirahətə getməyimin elə bir səbəbi də budur ki, şəkillərimin sayı çoxalsın.

“İndi otuzdan çox şəkli övlad və nəvələrimə çəkdirib burada çıxartdırmışam. O şəkil hökmən ürəyimcə olmalıdır. Saç düzümümdən tutmuş geyimimə qədər. Hər fotoqrafa da etibar etmirəm. Uzun illərdir Füzulini tanıyıram. Gətirdiyim şəkillərə öncədən “rəy” verir. Onun kimi sənətkarlara hər zaman ehtiyac var.

Ömrünün təxminən yarım əsrini bu peşəyə həsr edən Füzuli dayı qeyd edir ki, əvvəllər fotoqraflara böyük ehtiyac duyulurdu. Sayılıb-seçilənlərdən idik. Mötəbər yerlərdən tutmuş bir çox tədbirlərə dəvət olunardıq. Bir məsələni də qeyd edim ki, sovet dövrünün fotoqrafları da əsl sənətkarlar idilər. O vaxt plyonkanı yuyardıq. Yəni foto bu cür ərsəyə gələrdi. Əgər ağ-qara plyonka iki maddədə yuyulurdusa, rəngli plyonka 5 maddədə həllini tapardı. Onun çapı 5 prosesdən keçirdi. Ən azı iki saat sərf edib, sonra şəkilləri təqdim edərdik. Çox ağır iş idi. Hər dövrün öz üsulu var.

İndi sıralarımız demək olar ki, seyrəlib. Bizə ancaq çəkilən şəkillərin çıxarılması üçün müraciət edirlər. Bu peşə də öz dövranını başa vurmaq üzrədir. Hər gün dünyada gedən elmi-texniki yeniliklər bu peşəyə vida etməyə sövq edir. Yaşımızın elə vaxtıdır ki, bu işimizlə günümüzü keçirib, dövranımızı sürürük.

Füzuli dayı ilə qısa söhbətdən sonra şəklini çəkmək üçün icazə istəyirəm. Şəklimi elə çək ki... Görən tamaşa etsin.

Digər həmsöhbətim də uzun illər fotoqraf kimi çalışmış Azər Mustafayevdir. Bildirir ki, elə bir dövrdə bu peşəyə yiyələnmişdim ki, o vaxt iş başımızdan aşırdı. İnanın ki, növbə əlindən tərpənmək olmurdu. Sifariş sifarişin dalınca. Hətta bizdən inciyənlər də olurdu. İndi elə bir dövrə gəlib çatdıq ki, hər kəsin bahalı, müasir telefonları bu sənəti sıxışdırdı. Bir sözlə, təcrübəli fotoqraflar məcburən bu sənətdən üz döndərərək müxtəlif sahələrdə çalışmağa başladılar. Amma yaxşı sənətkarın sənəti heç vaxt “pas” atmır. Sənətə qiymət verən insanların həmişə bu təbəqəyə ehtiyacı duyulur. Bu sənətdən dolanışıq ucbatından uzaqlaşanlar o insanların sayəsində az da olsa gündəmdə qaldılar. Həm özləri yaşadı, həm də sənəti yaşatdılar. Hazırda bu sahədə demək olar ki, yaşlı nəslə az-az rast gəlinir. Heç diqqət yetirmisinizmi şəhərdə fəaliyyət göstərən fotostudiyalara. Demək olar ki, sırf foto kimi çalışan ünvanları barmaqla göstərmək olar. On beş kvadratlıq bir məkanda həm telefon satılır, həm parfümeriya, həm də foto çəkilir. Yəni o foroqraflar bir sözlə, həvəskar kimi fəaliyyət göstərirlər.

Mən çalışdığım illər çoxları bu fikrimi təsdiq edər, ən azı on-on beş dəqiqə müştərinin saç düzümündən tutmuş, qol hərəkətlərinə diqqət edərdik, - Azər söhbətə davam edir. İndi tam əksinədir. Otur, bir saniyə çəkilişlə dur get. Hətta çəkdiyim şəkillər elə vaxt olub ki, müştərinin xoşuna gəlsə də mən bununla razılaşmamışam. Sənətimə hörmət əlaməti olaraq müştərinin günahı ucbatından bu baş versə də yenidən ürəyimcə çəkib təqdim etmişəm. Təsəvvür edin ki, 35-40 il əvvəl çəkilmiş şəkillər keyfiyyətini bu gün də itirməyib. Çünki sənətə elə ürəkdən yanaşırdıq ki... Hərdən şəkilləri təqdim edəndə bir az həyəcan keçirirdik ki, müştəri birdən “bu nə şəkildir çəkmisən ”- deyə irad tutar.

Sözsüz ki, hər çəkilən fotoşəkil özündə bir hekayə, bir hiss, bir xatirə daşıyır. Təbiətin gözəlliyi, şəhərin hərəkəti, insanın təbəssümü və ya kədəri–hamısı obyektivdə əbədiləşir.

Yaxşı fotoqraf texniki biliklərlə yanaşı, incə duyğuya, müşahidə qabiliyyətinə və estetik zövqə sahib olmalıdır. Çünki foto yalnız şəkil deyil, həm də sənət əsəridir.

Müşfiq MIRZƏ
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr