Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 13 ədəd F-1 əl qumbarası, 12 ədəd UZRQM partladıcısı, 31 ədəd 7.62 mm-lik və 30 ədəd 5.45 mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.