AZ

Yeni dövrdə İran: Nüvə blefi, regional siyasət və Azərbaycan amili - TƏHLİL

İranın ali rəhbəri S.Ə. Xameneinin televiziya vasitəsilə müraciəti yayıldı.O, uranın daha çox zənginləşdirilməsi və ABŞ-la münasibətlər barədə danışdı. İranın siyasi ekspertlərinə təhlil vermək və biliyə əsaslanan tövsiyələrdən istifadə etmələri ilə bağlı minnətdarlığımızı bildiririk. İranın siyasi həyatında ciddi problemlərdən biri siyasətlə məşğul olan şəxslərin ümumi səviyyəsinin aşağı olmasıdır — onlar lazım olan biliyə malik deyillər.

Müasir təhlil prinsipi bəlkə də gündəlik yaranan vəziyyətə əsaslanaraq İran üçün çıxış yollarını axtarmalıdır. “İranla çox yaxın xalq olmaq” ilə bağlı müxtəlif fikir və təkliflər səslənib. Bunların böyük əksəriyyəti indiki hakimiyyət dövründə, xüsusilə İslam İnqilabından sonrakı illərdə və Azərbaycan müstəqillik qazandıqdan sonra ciddi şübhələr yaratmışdır. İranın adından Azərbaycana edilən xəyanətlər, Ermənistanla bağlı dəstək məsələləri barədə ayrıca yazı yazacağam — bu mövzuları müxtəlif yazılarımda işləmişəm. Bu gün Azərbaycan Respublikasının vətəndaşı olaraq qonşuluqda yalnız sabitliyin olmasında maraqlı olduğumu xüsusi olaraq bildirirəm. İranda uzunmüddətli müharibə, xaos, endogen və ya ekzogen nüvə partlayışı baş verərsə, bundan ən çox ziyan çəkən dövlətlərdən biri Azərbaycan olacaqdır.

İranın həm ali rəhbəri, həm də prezidenti azərbaycanlıdır. Azərbaycançılıq konsepsiyasına görə intellektlə Azərbaycançılıq ideyasının keşiyindəyik və bu kontekstdə İrandan bəzi fikir və təkliflər irəli sürmüşük. Xüsusən konsensus diplomatiyasını çox sağlam niyyətlə təklif etmişdik. Bu gün də İran həmin konsepsiyanı tədqiq edə bilər və o konsepsiyaya əməl etməməklə ciddi səhv etdiyinə əmin olacaq. Əgər o konsepsiyaya əməl edilsəydi, 12 günlük müharibə olmazdı; İran bu gün gedən proseslərin önündə ola bilərdi. İran Pakistanla və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmanı xoşlamır. Fələstinin tanınmasının başlanmasını da İran özü üçün təhlükə hesab edir. İranın spesifik davranışları digər proseslərə də təsir edir.

Bu kontekstdən ali rəhbərin müraciətini eşitdikdən sonra İran üçün yeni dövrdə bəzi mövzuları təhlil edib açıqlamaq niyyətinə düşdük:

I. İran müasir dövrə uyğun inkişaf konsepsiyası hazırlamalıdır. D. Tramp prezidentliyi dövründə müxtəlif fikirlər səsləndi. Bu gün onların bəziləri reallaşmır və etirazlar doğurur. İran sonda D. Trampın İranla bağlı mövqeyini dəyişə biləcək yol seçməlidir. Qeyd edilməlidir ki, D. Tramp prezident olduqdan sonra Elon Muskla İranın BMT-dəki səfiri əlaqə saxlamış və İ. Maskı İranın iqtisadiyyatına dəvət etmişdi. İranda D. Trampın diqqətini çəkən nadir metallara malik ərazilər mövcuddur. Region ölkələri arasında ziddiyyətlərdə İran özünəməxsus rol oynaya bilər.

II. İran nüvə blefindən əl çəkməlidir. İranda zənginləşdirilmiş uranın olmadığı bildirilir. Əgər zənginləşdirilmiş uran varsa, bunun yalnız iki mümkün izahı ola bilər:

1. İranın nüvə proqramını idarə edən hərbçilər və siyasətçilər ali rəhbərə qarşı təxribat mövqeyindədir. Dünyanın iki ən güclü nüvə dövləti — ABŞ və Rusiya — xüsusi uçuş vasitələri, sualtı qayıqlar və nüvə idarəetmə infrastrukturu ilə təmin olunub; bunlar ölkələrinin nükleer təhlükədən qorunması üçündür. İranın isə belə sistemləri yoxdur. Əgər İranın nüvə proseslərini idarə edənlər ali rəhbəri qorumaq istəyirdilərsə, zənginləşdirmənin müəyyən mərhələsində “nüvə çətiri” yaratmalı idilər.

2. İranın uran zənginləşməsi yalnız İsraillə etibarlı münasibətlər vasitəsilə mümkün ola bilər. İsrailin əvvəllər İranın nüvə sentrifuqalarına virus buraxdığı məlumdur. Əgər İranın zənginləşdirilmiş uranı varsa, İsrail və ABŞ onu uzaqdan məhv edə bilər. İran nüvə proqramına malikdirsə, İsraillə ciddi bir inam mövcud olmalıdır. Mən İranın İsraillə müəyyən əməkdaşlığa çalışdığına inanmaqdayam. İran ilk növbədə özünə, sonra bəşəriyyətə və daha sonra dialoq qurduğu tərəflərə hörmət göstərməli, nüvə blefini dayandırmalıdır. İranda nüvənin mövcudluğuna “inandığını” iddia edənlər bu arqumentdən əsasən İranın daxili işlərinə müdaxilə üçün istifadə edirlər. ABŞ və İsrailin İranda nüvənin olmadığını sübut etməsi isə nisbətən sadə işdir.

III. Dəyişikliklər labüddür; onlar İran xaricindəki güclərdən asılı deyil. İran rəhbərliyi, xüsusilə ali rəhbər, dəyişiklikləri İslam dininin prinsipləri çərçivəsində qəbul etməlidir. Bir ekspert küçədə və maşın sürmək vərdişlərində son 6 ayda müşahidə olunan dəyişiklikləri görürsə, bu dəyişikliklər onun beynində qlobal siyasətdəki dəyişikliklərə dair təsəvvürlər yaratmalıdır. Telefonunda həftədə yeni bir proqram peyda olur — qlobal dünya belə sürətlə inkişaf edir, lakin İranın siyasətində eyni dinamizm görünmür. İran kimi iddialı dövlət güclü analitik aparata malik olmalıdır. Hər gün İranın vəziyyətinin təhlili aparılmalıdır — bu, hazırda İranda kifayət qədər görünmür.

IV. İran hərbi təhlükəsizliyini hücum doktrinasından müdafiə doktrinasına çevirməlidir. Razılaşaq ki, İranı məhv etmək istəyən qüvvələr var və İranın fəaliyyəti belə riskləri artırıb. Bu gün İranın raket və pilotsuz uçuş aparatları (PUA) ilə qurduğu hücum doktrinası qonşu ölkələri və dünyanın digər bölgələrindəki dövlətləri narahat edir. İran raket və PUA-dan imtina edib güclü hava hücumundan müdafiə (HHM) sistemləri yaradarsa, hərbi təhlükəsizlik konsepsiyasını dəyişmiş olar. Bu halda İrana raket hücumu və ya digər vasitələrlə hücum etmək maliyyə baxımından sərfəli olmaz; güclü HHM sistemi ərazisinə heç bir raketin düşməsinə imkan verməyəcək. Avropanın inkişaf etmiş dövlətlərinin orduları formal görünsə də, vahid NATO mexanizmi vasitəsilə formalaşıb. Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanmış bəzi müqavilələrə “İslam NATO”su deyənlər var — İran müdafiəsini belə mexanizmlər vasitəsilə də qurmaq imkanına malikdir. Ən yaxşısı odur ki, İran öz iqtisadiyyatını və elmini gücləndirsin, ərazisində güclü HHM sistemləri istehsal etsin, yaxud dünyanın istənilən ölkəsindən həmin sistemləri alıb quraşdırıb—əgər alınmalıdırsa, bunu etməlidir.

V. İran bütün qonşuları ilə münasibətlərini təftiş etməlidir. Obyektiv və sağlam prizmdən təhlil əsasında İran üçün yeni dövr siyasəti formalaşdırıla bilər. Bu qonşular arasında Azərbaycanı da analiz etməsi vacibdir. İran indi hansı qonşusunun strateji baxımdan daha faydalı olacağını müəyyənləşdirməlidir. İranın strateji seçimi 2–3 qonşusu ilə birlikdə Azərbaycanın üzərində dayanması arzuolunandır. Azərbaycan Respublikası İranı xilas etmək gücündədir. İran Azərbaycan Prezidenti İlham Əliyevin Qərbdə, Amerikada və başqa yerlərdə qazandığı hörmət və bacarıqları öz resursları hesab etməlidir. Bu, İran üçün çətin məsələdir. Allahın qüdrətinə və İranın ali rəhbərinin fövqəlgücünə inanmağı da məsləhət bilirəm.

VI. İran Ermənistanı xüsusi təhlil etməlidir. ABŞ İranı zəif hesab edir və buna görə də İrana təzyiqlərini artırır. D. Tramp İranı “xuliqan dövlət” adlandırmış, amma sivilizasiyasına hörmət də bildirmişdi. ABŞ-ın İran haqqında fikirlərinin böyük hissəsi regiondakı tədqiqat mərkəzlərindən alınan məlumatlara əsaslanır. ABŞ-ın regionda İranı tədqiq edən mərkəzi Ermənistandadır. ABŞ-ın Ermənistan səfirliyinin binası dünyada ikinci böyük səfirlik binasıdır və bunun öz tarixi konteksti var. Artıq ABŞ bu böyük binadan öz maraqları üçün istifadə edir — orada Rusiya və digər ölkələrdəki diplomatların sayından daha çox diplomat fəaliyyət göstərir. ABŞ səfirliyi həm erməni, həm ingilis, həm də fars dillərində işləyir. ABŞ-ın regional tədqiqat mərkəzinin fəaliyyəti ilə bağlı müəyyən təsəvvürlərim var; bu gün o mərkəz Ermənistandadır. Vaxtilə bu mərkəzi Azərbaycanda qurmaq istəmişdilər; Azərbaycan dövləti lazımınca diqqət göstərmədi və bəlkə də maneçilik yaratdı. Bu gün ABŞ məhz Ermənistan üzərindən aldığı məlumatlara əsasən İran elitasının, hərbi və ölkədaxili iqtisadi-sosial vəziyyətini yaxşı bilir. Ermənistan ərazisində bir neçə casusluq mərkəzi qurulmuşdur.

VII. İran Azərbaycan Respublikası ilə münasibətlərini dünyada ən xoş münasibətlər sistemi kimi nümayiş etdirməlidir. Yalnız bundan sonra İran normal dünya iqtisadiyyatına qoşula bilər.

Naxçıvanın anklav vəziyyəti İranla Azərbaycanın 200 il əvvəlki tarixindən irəli gələn məsələlərdir. Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə quru əlaqəsinin həlli yalnız İrandan asılıdır; Rusiya, Türkiyə və s. bu məsələdə böyük rol oynaya bilməzlər. Əlbəttə, SSRİ-nin varisi olan Rusiya gələcəkdə Zəngəzur mahalının Azərbaycana qaytarılmasını gündəmə gətirə bilər — proseslər o istiqamətə doğru gedir.

Bu gün Ərdəbil vilayətinin Biləsuvar şəhərində yaradılan Azad İqtisadi Zona çox kiçikdir. İranın azərbaycanlıların yaşadığı əraziləri D. Trampın axtardığı nadir torpaq metalları ilə zəngindir. Yaxın zamanda İran titan zavodunu açdı. ABŞ istənilən yerdən İrana sanksiya tətbiq etsə də, İran elə şərait yaratmalıdır ki, ABŞ İran–Azərbaycan münasibətlərinə müdaxilə etməsin — bunun presedenti mövcuddur. Vaxtilə “Şah dəniz”lə bağlı imzalanan müqavilədə İrana pay verilmədi; ABŞ imkan vermədi. Sonradan Azərbaycan ABŞ-la danışıqlar apararaq “Şah dəniz-2” yatağında İrana 10% pay verdi. Bu gün İranla Azərbaycan arasında Xəzər dənizində iki yatağı birgə işləməklə bağlı müqavilə var. Qonşuluqda ABŞ-ın marağında olan neft yataqları mövcuddur. Azərbaycan Prezidenti bu işi reallaşdıra bilər. İran Azərbaycana hərtərəfli inandığını sübut etməlidir.

İran Biləsuvar Azad İqtisadi Zonası ilə kifayətlənməməli, Azərbaycan Respublikasının sərhəd boyu ərazilərini İran–Azərbaycan Azad İqtisadi Zonasına çevirməli və orada qərb qorxusundan qanunvericiliyin fəaliyyətini məhdudlaşdırmalıdır. Əsasən Azərbaycan qanunvericiliyi işləməlidir.

Azərbaycan Respublikasının qaz istehlakını təmin etmək məsələsini İran öz üzərinə götürə bilər; Azərbaycan isə əvəzində qazını Qərb və Avropa bazarlarına çıxara bilər. Bu fikir Avropa tərəfi üçün tanışdır və böyük maneə yaratmayacaq; İranın 1–2% pul itkisi ola bilər. İran Azərbaycan sərhədində elektrik enerjisi istehsal edib, Qara dənizin dibindən keçən yüksək gərginlikli xəttlə Avropa İttifaqına elektrik sata bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq


Xəbər 4 dəfə oxunub.
Seçilən
25
xezernews.az

1Mənbələr